Bakı Atlantidasının sirri - ARAŞDIRMA
Yüz illər əvvəl dostlar, ya düşmənlər təxminən bu marşrutla “Bəndəri Baku”ya, yəni Bakı limanına yaxınlaşırdılar. Uzaq-yaxın ölkələrdən gələn səyyahlar, dövlət adamları, ticarətçilər Şərqin bu bənzərsiz gözəlliyi qarşısında heyran qalırdılar. Sonralar barəsində əfsanələr, rəvayətlər dolaşan “Sualtı şəhər”, “Bayıl daşları”, “Şəhri Yunan”, “Karvansara”, “Bayıl”, yaxud “Səbayel” qəsri adlanan bu şəhərə isə heyran qalmamaq həqiqətən, mümkün deyildi.
Xəzərdə Platon məktəbi?
Qədim Bakı hər tərəfdən möhkəm qalalarla əhatə olunduğundan Bayıl qəsri də bu istehkam sisteminin bir hissəsi sayılmalıdır. Hər zaman diqqət mərkəzində olan bu qəsri tarixdə “Bakı Atlantidası” da adlandırıblar. Atlantida haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun məşhur “Dialoq” əsərində rast gəlinib. Filosof iddia edir ki, dəhşətli zəlzələ və subasması nəticəsində ada batıb. Bu məlumatdan ötən əsrlər ərzində dünyanın bir çox elm adamları Atlantidanın həqiqətən mövcud olub-olmaması barədə xeyli fərziyyələr irəli sürüblər. Bəziləri Atlantida faciəsini Platonun uydurması hesab ediblər, bəziləri isə bu məlumatlara ciddi yanaşaraq elmi araşdırmalar aparıblar. Hətta araşdırmalar bəzən o qədər uzağa gedib ki, hamı tərəfindən axtarılan Atlantidanın əslində bizim “Bayıl qəsri” olmasını ehtimal eləyənlər də olub.
Abbasqulu Ağa Bakıxanov özünün “Gülüstani-İrəm” əsərində əsli bizə gəlib çatmayan “İsgəndərnamə”yə əsaslanaraq yazır ki, makedoniyalı qəhrəman öz istilaları vaxtı gəlib Bakıya da çıxıb. Ancaq Bakı yaxınlığındakı yunanlara məxsus olan “Şəhri-yunan”, yəni “Yunanların şəhəri” ona itaət etməkdən boyun qaçırıb. Onda İsgəndər müəllimi Aristotelin məsləhətiylə xüsusi mayenin köməkliyi ilə daşları əhəngə çevirir, kanal qazır və şəhəri suda qərq edir…
Böyük rus şərqşünası Dorn isə yerli sakinlərdən olan Mirzə Əbdürrəhmanın söylədiklərinə əsasən İsgəndər haqqında əfsanəyə bəzi əlavələr edir. Onun yazdığına görə, İsgəndər şəhəri ala bilmədiyini görəndə hansısa xan oğlunu ora göndərir. Xan oğlu da şəhərin hökmdarının arvadından öyrənir ki, Bibiheybətlə Zığ arasındakı dağı yarmaqla şəhəri ələ keçirmək olar. Aristotel dağı sulfat duzuyla əhəngə çevirir və su şəhəri basır. Mirzə Kazım bəyin yazdığı əfsanədə isə bu şəhərdə Platonun hətta məktəbinin olduğu da bildirilir.
Şəhri-yunandakı yunan...
Göründüyü kimi hər əfsanələrdə iki hadisə var: şəhərin batması və yunan-makedoniya qoşunlarının hücumu. Ancaq bununla belə, Bakının yaxınlığında hansısa yunan şəhərinin olması barədə söylənən əfsanənin özü maraqlıdır. Axı orta əsrlərdə Azərbaycanda heç bir yunan şəhəri haqqında məlumat yoxdur. Bununla yanaşı qədim yunan tarixində eramızdan 3 əsr əvvəl qəhrəman Patroklun İsgəndərin varislərindən birinin əmriylə Xəzərin cənub və qərb sahilləri boyu üzdüyü haqda məlumat var. Bu səyahət haqda əlavə informasiyalar olmasa da, marşruta uyğun olaraq onun Bakıdan yan ötə biləcəyi mümkün deyildi. Ola bilər ki, şəhərin ən yaxşı buxtalarından biri kimi bu qəsrdə qalan Patrokla görə yerli əhali buranı həm də “Şəhri-yunan” adlandırıb. Digər fərziyyəyə görəsə, Bakıyla ticarət əlaqələri quran yunan tacirlərinin vaxtilə burada iri koloniyaları olduqlarına görə bura “yunan şəhəri” kimi çağırılıb. Bütün ehtimallara və versiyalara baxmayaraq, Bakı Odlar diyarının od saxlancı olan, müqəddəs odun qorunduğu əhəmiyyətli zərdüşti şəhər olub. Təsadüfi deyil ki, müasir Bakıda da zərdüştlüklə bağlı, od tanrıları ilə bağlı yer adları çoxdur. Deməli, hətta yunan koloniyaları olsa belə, bu şəhər zərdüştlərin əsas şəhəri olub.
Bizim “Atlantidamız”ın yunan Atlantidasından ən böyük fərqi və üstünlüyü ondan ibarətdir ki, Səbayel qəsrinin yeri, tikildiyi tarix, memarının adı, ölçüləri, forması haqqında az-çox məlumatlara malikik . Bu baxımdan Bayıl qəsrinin tədqiqat tarixi özü çox maraqlı bir inkişaf yolu keçib.
Hələ 1840-cı ildə Abbasqulu Ağa Bakıxanovun təşəbbüsüylə ilk dəfə Səbayel qəsrinin tədqiqinə başlanır. Bu axtarışları tam cəsarətlə sualtı arxeologiyanın tarixində ilk tədqiqatlardan hesab eləmək olar. İki rus hərbi briqadasının da iştirak elədiyi bu axtarışlar təəssüf ki, elə bir nəticə verməyib. 19-cu əsrin birinci yarısında Bakı sahilində aparılan tikinti işləri zamanı Qız qalasından dənizə uzanıb gedən uçulmuş qala divarlarının qalığı tapılmışdı. Tədqiqatçıların fikrincə, bura gömrükxana, ya da şəhəri qoruyan qala olub. Çünki qəsr elə yerdə tikilibmiş ki, oradan araba yoluyla şəhərə çıxmaq mümkün olub. Bayıl daşlarında arxeoloji tədqiqatlar 1939, 1940, 1946, 1962 və 1969-cu illərdə də aparılıb. Hər tədqiqatda da müəyyən nəticələr əldə olunub.
Su altda gizlənən tarix...
1946-cı ildə Azərbaycanın görkəmli arxeoloq alimi İshaq Cəfərzadənin apardığı araşdırmalar isə Səbayel qəsrinin öyrənilməsi baxımından önəmli mərhələ oldu. O dövrdə həmişə sürprizlərlə dolu Xəzər birdən-birə geri çəkilmiş və Bayıl burnunda suyun altından məşhur Səbayel qəsrinin divarları görünmüşdü. İshaq Cəfərzadənin ekspedisiyası qazıntılar nəticəsində 9 yaşayış yeri aşkar etdi ki, onlardan ikisində ocaq vardı. Dənizin dərinliyindən üstündə yazılar olan 636 ədəd daş, qara və qırmızı gil qabın fraqmentləri, tam halda qablar, Şirvanşah Kərşasbın 11-ci əsrə aid mis sikkələri və digər maddi-mədəniyyət abidələri tapıldı. Eyni zamanda müxtəlif diametrlərdə dulusçuluq borularının sınıqları aşkarlandı. Güman ki, onlardan su kəməri kimi istifadə olunurmuş. Dənizin dibindən çıxarılan daşlar isə Səbayel qəsri haqqında daha geniş məlumat verdi. Aradan bir müddət keçdikdən sonra Xəzər bu sirli aləmi yenidən qoynuna alsa da, artıq bəzi məlumatlar əldə olunmuşdu. Qəsrdən xilas olunan ən böyük yadigar isə indi Şirvanşahlar Sarayı Muzeyində saxlanılan daş kitabələrdir.
Bu kitabələrin ikisinin üzərində ərəb əlifbası ilə “Usta Zeynəddin ibn Əbubəkir Şirvaninin işidir” sözləri yazılıb. Bundan başqa, Məhəmməd ibn Yəzid, Xalid, Əli, Cəlaləd-din, Cəmaləd-din kimi şəxs adlarına, şah, sultan kimi titullara rast gəlinir.
Təbii ki, Səbayel qəsri haqqında tam təsəvvür əldə eləmək üçün yalnız arxeologiyanın deyil, yazılı mənbələrdə bu qala barəsində fikir bildirən ayrı-ayrı tarixi şəxsiyyətlərin yazdıqları da bizə bolluca material verir. Orta əsr tarixçisi Əbd-ər-Rəşid Bakuvi yazır: “Bakuya şəhərində daşlarla tikilmiş bir şəhərdir. Divarlar bəzi yerlərdə suyun altında qalıb. Şəhərdə iki möhkəm qala var. Onlardan biri dənizə o qədər yaxındır ki, dalğalar divarlarına çırpılır. Bu qala tatarların, monqolların ala bilmədiyi qaladır”.
14-cü əsrin ikinci yarısında yaşamış alim Arif Ərdəbilli isə yazır ki, Bakıda dənizin qənşərində bir qala var: “Bu, su altında qalmış yeni Şəhər qalasıdır”.
1683-cü ildə Bakıya gələn ingilis alimi və səyyahı Kempfer çəkdiyi rəsmdə Bakının ümumi görüntüsündə Səbayel qəsrinin su altından görünən hissəsinin də təsvir edib.
Monqolların ala bilmədiyi qala...
Beləliklə, əldə olunan materiallara, yazılı mənbələrə, alimlərin ümumi gəldikləri nəticələrə əsasən tikilib başa çatmasından 700 ildən çox müddət keçdikdən sonra əfsanəvi şəhərimiz haqqında öyrənə bildiklərimizin xülasəsinə keçək.
Bayıl qəsrinin tikintisi moğol yürüşləri bütün Şərqi bürüyəndə - təxminən 1234-1235-ci illərdə başa çatıb. Möhkəm qəsr və liman qalası kimi tikilmiş Bakını dənizdən gələ biləcək basqınlardan qoruyan Bayıl qəsri ola bilsin ki, daha qədim bir kompleksin özülləri üzərində qurulub. Bu fikirləri arxeoloq İshaq Cəfərzadə də söyləyib. O da hesab eləyir ki, Bayıl qəsrinin tarixi daha qədimdir və 12-ci əsrdən xeyli əvvələ gedib çıxır. Alimin fikrincə, bura ilk mərhələdə dinlə bağlı bir abidə olub və 12-ci əsrin ortalarından İslamın tələblərinə uyğun olaraq bərpa edilib. Bu fikrə bir sıra alimlər də qoşulurlar. Onların fikrincə, Səbayel əvvəllər bütpərəstlərin məbədi olub və kompleksdə müəyyən dini ayinlər icra olunduğuna dair əlamətlərin olması bu fikri bir daha təsdiq edir. Sonralar Xəzərin səviyyəsinin tez-tez enib-qalxması nəticəsində quruyla əlaqəni itirən Səbayel birdəfəlik ada-şəhərə çevrilib. Arxeoloji tapıntıların öyrənilməsi və analizi onu göstərir ki, Abşeron memarlığının ənənələri, yerli üslub və təbii materiallarla inşa olunan tikili 1235-ci ildə Şirvansah III Fəriburzun əmriylə yenidən bərpa olunub. Belə fərziyyə də irəli sürülür ki, qala bərpa ediləndə yenə məbəd kimi, bu dəfə təbii ki, İslam məbədi olaraq istifadə olunub.
Memar Zeynəddin Əbubəkir Şirvaninin tikdiyi Səbayel qəsrinin planı şimaldan cənuba uzanan 180 metr uzunluğu və 40 metr eni olan əyri düzbucaqlı formasında olub. Bu forma bütövlükdə qəsrin fundamentinin suyun içindən yüksələn və tikilinin özülünün tam yerləşdiyi adanın ümumi quruluşuna uyğun gəlib. Qəsr 1,5-2 metr qalınlığında divarlarla tam əhatə olunub və 15 qülləsi varmış. Bu qüllələrdən ucu dairəvi, on ikisi yarımdairəvi olub. Qəsrin yuxarı hissəsi tamamilə ərəb əlifbası ilə haşiyələnibmiş. Yazıların böyük hissəsi həmin dövrün rəsmi dili olan farscadadır. Yazıların ümumi uzunluğu 400 metrə çatıb. Kitabələrdəki yazı mətnlərində Şirvanşah Məzyədilər sülaləsinin şəcərəsi verilib. Bu daşların üzərindəki yazılar günümüzədək tam oxunmayıb. Müxtəlif heyvanların təsvirləri, yəqin ki, bu və ya digər Şirvanşahların hakimiyyəti illərinə işarə edir. Çünki orta əsrlər dövründə Yaxın Şərq ölkələrində bu və ya digər ili heyvan adları ilə adlandırırlar. Üzərində yazı olan daşlardan hər birinin uzunluğu 70, eni 25-50, yoğunluğu 15-25 santimetrdir.
Bu yazıların bədii tərtibat, dünyanın müsəlman abidələri arasında ilk dəfə tapıldığına görə canlı varlıqların təsvirləri baxımından Yaxın Şərqdə analoqu yoxdur. Ehtimala görə, insan təsvirləri həmin dövrdə tanınmış şəxslərin portretləridir. Məsələn, portret təsvirli barelyeflərin birinin üzərində Şirvanşah Fəriburzun adı həkk olunub. Ümumiyyətlə, memarlıq abidələri üzərində canlıların təsvirlərinin həkk edilməsinə bu əsrlərdə təkcə Bakıda yox, Azərbaycanın digər yerlərindəki abidələrdə də rast gəlmək olur. Ağdam rayonunun Xaçındərbətli kəndindəki 1314-cü ildə inşa edilmiş türbənin və Laçın rayonunun Cicimli kəndindəki 14-cü əsrə aid Məlikəjdər türbələrinin memarlıq bəzəkləri də bu üsulla işlənib.
Qəsrin təyinatı ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bunlardan biri - qəsrin sırf İslam məbədi kimi təyinatından danışdıq. Bundan əlavə Səbayelin karvansara kimi istifadə olunması barədə də fikirlər mövcuddur. Ancaq qapıların ensizliyi (1,25 metr) buranın karvansara olduğu barədə məlumatları inkar edir. Çünki yüklü dəvələr və atlar buradan keçə bilməzdilər.
Digər və daha inandırıcı fərziyyə buranın müdafiə üçün nəzərdə tutulan dəniz qəsri olması haqdadır. Bakının girəcəyindəki bu dəniz qəsri həm su hücumundan müdafiə ucun, həm də Şirvanşahların iqamətgahı kimi nəzərdə tutulub. Tarixi məlumatlara görə, XII əsrin sonunda Şirvanşahların dəniz donanması olub və bu donanma qəsrin ətrafında yerləşirmiş. Daxildən qəsrin divarlarından gəmilərin bağlanması üçün çıxıntılar da görünür. Hətta həmin əsrdə donanması olmayan monqollar uzun müddət qəsri mühasirədə saxlayıblar. Onlar qəsrin üst hissəsini mühasirə qurğuları ilə dağıtsalar da, onu ələ keçirə bilməyiblər.
İlham Tumas
[email protected]

3233