Vahid Mustafayev: “Ələ kamera almaq, film çəkmək demək deyil”- FOTO
19 sentyabr 2012 19:30 (UTC +04:00)

Vahid Mustafayev: “Ələ kamera almaq, film çəkmək demək deyil”- FOTO

Bu gün “Nizami” kino mərkəzində Azərbaycan televiziya məkanında ilk dramatik serial olan “Ağabəyovlar”ın media üçün təqdimatı olub. Lent.az-ın məlumatına görə, mətbuat nümayəndələri ilə yanaşı, serialın quruluşçu rejissoru və ssenari müəllifi, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filmin baş prodüseri Mirşahin Ağayev, serialın çəkiliş heyəti, xüsusi qonaq kimi isə tanınmış amerikalı aktyor Leyn Hant Deyvis iştirak edib.

Filmin təqdimat mərasimindən sonra mətbuat konfransı keçirilib. Konfransında çıxış edən Vahid Mustafayev serialın süjeti, çəkiliş qrupu, aktyor heyəti və çəkilişlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, 100-ə yaxın seriyası olan filmin 52 bölümünün ssenarisi yazılıb, 17 seriyası isə çəkilib.

Vahid Mustafayev bildirib ki, onların serialları ölkədə çəkilən digər seriallardan bir sıra xüsusiyyətləri ilə fərqlənir: “Mənim bütün məhsullarım fərqlənir. Düşünürəm ki, əsas məqsəd Azərbaycan xalqına layiq olduğu məhsul çatdırmaqdır. Bu zəmində dövlət tərəfindən də dəstək var. Bu, bizim işimizi asanlaşdırır. Həm də məsuliyyətimizi artırır. Xalq və prezident qarşısında çox böyük məsuliyyət var. Bizim şəhərdə apardığımız təbliğatdan da görünür ki, biz fərqlənirik. İstəyirik ki, hamı belə etsin. Ələ kamera almaq, film çəkmək demək deyil. Fərqimiz odur ki, biz bu işə ciddi və dünya standartları səviyyəsində yaxınlaşmışıq”.

Filmin yüksək texniki imkanlara uyğun çəkdiyini deyən rejissor, sözügedən işi ciddi hesab edərək, hər gün yalnız 15-20 dəqiqə çəkiliş aparıldığını deyib.

Vahid Mustafayev bildirib ki, Azərbaycan kinoaktyor nəzərdən kasıbdır: “Bizə indi yalnız teatr aktyorları dəstək olur. Lakin kino və teatr arasında fərq böyükdür. Ona görə də biz xaricdən təlimçilər dəvət edirik ki, bizim aktyorlarımız üçün master-klaslar keçsinlər.
Biz “Bakı Film”in öz aktyor heyəti ilə çalışırıq. Digər tərəfdən Azərbaycan aktyorları ya çox bahadırlar, ya da onlar artıq dövlət işində işləyirlər. Onları çəkmək mümkün deyil. Məsələn, Şəfiqə Məmmədova. O, artıq məmurdur. Siz gərək gənclərin tərəfdarı olasınız. 20 ildə isə gənc simalar yaratmayıblar. Biz çalışırıq ki, indi ancaq istedadlı adamlarla işləyək”.

Serialın əsas çəkilişlərinin “Bakı Film”in çəkiliş pavilyonunda aparıldığını deyən rejissor bildirib ki, sözügedən çəkiliş meydançasına bir milyon manat dəyərində vəsait sərf olunub. Bu, Qafqazda ən iri çəkiliş meydançasıdır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936

Oxşar yazılar