Zabitin arxasınca başqa ölkəyə köçdü, borclarını ödədi, dəlixanada öldü...
22 dekabr 2022 14:00 (UTC +04:00)

Zabitin arxasınca başqa ölkəyə köçdü, borclarını ödədi, dəlixanada öldü...

Bir çoxlarımızın ətrafında birinə kor-koranə, sonunu düşünmədən aşiq olan, hətta problemli insanlara xəstəlik dərəcəsində bağlanan yaxınlarımız var. Biz isə bu dostlarımızı çox vaxt qınaq obyektinə çevirir, sevgilərinin mənasız olduğunu deyirik. Çünki anlamırıq onları. 

Bilmirik ki, bu hal “Adel” sindromu adlanır. Və bu sindrom məşhur yazıçı Viqtor Hüqonun qızı Adelin adını daşıyır. 

Bəs, bu sindrom necə yaranır? Niyə adı “Adel” sindromu adlanır? 

Lent.az "Adel" sindromu barədə tarixi faktları təqdim edir:

Yəqin ki, çoxunuz dahi yazıçı Viktor Hüqonun “Səfillər” romanının adını eşitmisiniz. Yazıçının qızı Adel Hüqo da psixologiyada «Adel sindromu” ilə məşhurdur.

Adel Viktor Hüqonun ən kiçik qızıdır. Çox baxımlı və istedadlı pianoçu olan Adel münasibətlərində də həmişə soyuqqanlı olub. Ancaq bir gün Albert adlı ingilis zabitə vurulur. Ona aşiq olur və bütün həyatını Albertə həsr edir. Bəzən sevilmək çoxunu bezdirir axı... 

Elə Albert də Adelin sevgisindən bezir. Və xidmətlə əlaqədar Kanadaya gedir. Onun həsrətinə dözə bilməyən Adel anasının zinət əşyalarını sataraq Albertin arxasınca gedir.

Tam 3 ilə yaxın Kanadada Alberti daima izləyən Adel, hər yerdə evli olduqları barədə şayiələr yayır. Albert isə qıza nifrət edir və ona qətiyyən qarşılıq vermir. 

Aradan zaman keçir, Albert başqa qadınla evlənir. Bu belə Adeli dayandıra bilmir. Adel onun qonşuluğunda ev tutur. Hətta Albertin borclarını da ödəyir. Zaman keçdikcə əqlini itirən Adel ruhi xəstəxanaya yerləşdirilir. Ömrünün sonuna qədər Albertin eşqi ilə yaşayan Adel psixiatrik xəstəxanada 85 yaşında həyatına vida edir. Hətta öləndə belə son nəfəsində Albertin adını söyləyib.
Ətrafımızda belə adamlar çoxdu. Bu sindromun daşıyıcıları ümidli olur. Sevgisinin qarşılıqlı olduğuna inanırlar. 

Bəs, “Adel” sindromu niyə yaranır? Niyə bu hal ən çox gözəl və baxımlı xanımların başına gəlir?

Psixoloqlar deyir ki, uşaqlıqda valideyn qayğısı əksik olanda, ailə münasibətləri problemli olanda, valideynlərdən biri olmayanda yaxud uşaq özünün ailədə sevilmədiyini biləndə...

Sindrom özünü müxtəlif şəkillərdə büruzə verir: həddindən artıq qayğı-diqqət, onun üçün kor-koranə böyük xərclərə girmək, hətta sevgi obyektini mütəmadi izləmə. Bu sindroma yoluxan qadınların çoxu uşaqlıq vaxtında sevgidən uzaq olublar. Bəziləri isə tam əskinə həddən artıq sevgi görüblər...

“Adel” sindromuna yoluxanların ən çox gözəl və baxımlı qadın olmasının əsas səbəbi isə hər kəsin onları sevə biləcəyini düşünməsidir. 

Sindroma tutulmuş şəxs həyatda hər şeydən əlini üzür və ancaq aşiq olduğu şəxsə sevgi məktubları yazmaqla, hər yerdə onu izləməklə məşğul ömürlərini sürürlər. 

Övladı sevmək, saymaq, onu dinləmək və ona qayğı göstərmək lazımdır. Uşaqlıqda edilən hər bir düşünülməmiş reaksiya övladınızın gələcəyinə mənfi təsir edir!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5343
avatar

Fidan İlqar

Oxşar yazılar