Yüksək sürətlə Yerə doğru uçan asteroidin ölçüsü Yerə yaxın olan obyektlərin 99 faizindən böyükdür.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, NASA alimləri bu il iyunun 27-də 110 ildə Yerə ən yaxın məsafəyə çatacaq böyük asteroid 2011 UL21-i diqqətlə izləyirlər. Araşdırmalara görə, ölçüsü 1,7-3,9 kilometr diametrdə təxmin edilən bu kosmik obyekt son 125 ildə Yerə yaxınlaşan ən böyük obyektlərdən biridir.
Daş 93 min km/saat sürətlə hərəkət edir və Yerdən 6,6 milyon kilometr təhlükəsiz məsafədən keçəcək ki, bu da Yerdən Aya olan məsafədən 17 dəfə uzaqdır. Əhəmiyyətli ölçüsünə və potensial təhlükəsinə baxmayaraq, alimlər asteroidin Yerlə toqquşma təhlükəsi yaratmadığını təsdiqləyirlər.
Asteroid 2011 UL21, Yerə yaxın olan digər obyektlərin ölçülərinin 99 faizindən çox olan ölçüsünə görə potensial təhlükəli obyekt kimi təsnif edilir. Lakin NASA-nın modelləşdirməsinə görə, o, nə bu əsrdə, nə də növbəti minillikdə Yerlə toqquşmayacaq.
Asteroidin Yerə növbəti yaxınlaşması onun cəmi 2,7 milyon kilometr məsafədən keçəcəyi 2089-cu ildə gözlənilir. NASA orbitlərində hər hansı dəyişikliyi dərhal aşkar etmək üçün 2011 UL21 asteroidinin və digər oxşar obyektlərin trayektoriyasını diqqətlə izləməyə davam edir.