Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
30 sentyabr 2023 19:32 (UTC +04:00)

Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb

Almaniyanın Vaynsberq şəhərində maraqlı tarixçəsi olan bir qala var. Şəhəri əhatə edən bu qalanın adı “Qadın sədaqəti” – Vaybertroydur. Bu qala orta əsrlərdə baş vermiş çox maraqlı bir hadisənin yadigarı sayıla bilər.

Lent.az “Belə yaranıb” rubrikasında həmin maraqlı tarixçəni təqdim edir. Hadisə həmçinin Köln kral salnaməsində də (Chronica regia Coloniensis) qeyd edilib.

1140-cı il dekabrında kral III Konrad Vaynsberq qalasını mühasirəyə alır. Qala sakinləri sərt müqavimət göstərib məğlub olmaq istəmirlər. Lakin kral əsgərlərinin qalanın içərisinə dayanmadan mancanaqlarla qaya parçaları, qaynar qətranla hücumu, eləcə də aclıq və soyuq mühasirədə qalanları əldən salır. Dekabrın 21-də qəzəblənmiş kral şəhərin bütün kişi sakinlərinə ölüm hökmü çıxarır və yalnız qadınlara bellərində apara biləcəkləri qədər yüklə şəhəri tərk etməsinə icazə verir.

Qala qapıları açılır və kral gördüyü mənzərədən heyrətə düşür. Qadınlar qucaqlarında körpələrini, bellərində isə ərlərini daşıyırdılar. Onlar özləri ilə başqa heç nə götürməmişdilər. Kral sözünə sadiq qalaraq ərlərini xilas etməyə çalışan qadınların getməsinə yol verir. O gündən sonra Vaynsberq qalası Vaybertroy adlanır.

Vaynsberq şəhərinin kilsəsində asılmış və həmin hadisəni təsvir edən rəsm əsəri (əsər 1659-cu ildə naməlum rəssam tərəfindən çəkilib) qadın sədaqəti və iradəsi haqqında səssiz balladadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar