Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəbi tamamilə başqadır.
2017-ci ildə aparılan araşdırmada güman edilirdi ki, düyünün yuyulması onun səthindəki nişastanı təmizləyir və bişərkən dənələrin bir-birinə yapışmasının qarşısını alır. Lakin 2019-cu ildə aparılan daha geniş tədqiqat bu nəzəriyyəni təkzib edib.
Alimlər 10 qram düyünü 30 dəqiqə bişirdikdən sonra yuyulan və yuyulmayan düyü arasında tekstura və yapışqanlıq baxımından əhəmiyyətli fərq aşkar etməyiblər. Dietoloq Evancelin Mandioris bildirib ki, düyünün yapışqan olması səthindəki nişasta ilə deyil, dənin daxilində olan amilopektin adlı maddə ilə əlaqədardır. Bu maddə bişirmə zamanı ayrılır. Buna görə də yapışqan düyü hazırlamaq istəyənlər uyğun düyü növü seçməlidirlər, məsələn, adi jasmin düyüsü əvəzinə xüsusi yapışqan düyü növlərindən istifadə etmək daha məqsədəuyğundur.
Düyünü niyə yumaq lazımdır?
Ənənəvi olaraq insanlar düyünü təhlükəsizlik məqsədilə yuyurdular. Bunun əsas səbəbi toz, xırda daşlar, həşəratlar və qabıq qalıqlarını təmizləmək idi. Müasir supermarketlərdə satılan düyülər istehsal zamanı avtomatik təmizlənsə də, mütəxəssislər yenə də bişirməzdən əvvəl onu bir və ya iki dəfə yaxalamağı tövsiyə edirlər.
Araşdırmalara görə, bu sadə prosedur düyünün səthində ola biləcək mikroplastik hissəciklərin və qeyri-üzvi arsenin müəyyən hissəsini yumağa kömək edir. 2021-ci ildə aparılan tədqiqat göstərib ki, düyünü bişirməzdən əvvəl su ilə yaxalamaq mikroplastik çirklənməni təxminən 20-40 faiz azalda bilər.
Yuma zamanı faydalı maddələr itirmi?
Düyünün yuyulması zamanı suda həll olan bəzi mineralların kiçik bir hissəsi də itirilə bilər. Xüsusilə mis, dəmir, sink və vanadium kimi elementlərin müəyyən miqdarı su ilə birlikdə yuyulur. Bununla belə, mütəxəssislər bildirirlər ki, düyü bu mineralların gündəlik qəbulunda əsas mənbə hesab olunmur. Buna görə də bişirməzdən əvvəl onu yumaq qida dəyərinə ciddi təsir göstərmir.
Alimlərin qənaətinə görə, düyünü dənəvər etmək üçün deyil, səthindəki mikroplastik hissəcikləri və mümkün çirkləndiriciləri azaltmaq məqsədilə bir-iki dəfə yumaq daha məqsədəuyğundur.