Dünyanın ən varlı qadınları:  Onlar kimlərdir və necə varlanıblar? – “Forbes 2023”
04 aprel 2023 15:42 (UTC +04:00)

Dünyanın ən varlı qadınları: Onlar kimlərdir və necə varlanıblar? – “Forbes 2023”

“Forbes” jurnalı hər il olduğu kimi bu ildə dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb. Jurnalda 2500-dən çox milyarder arasında cəmi 237 qadının adı var. Bu 327 qadının (sərvətlərini övladı və ya bacısı ilə bölüşənlər də daxil olmaqla) ümumi sərvəti təxminən 1,56 trilyon dollardır. Bu ultra varlı xanımların bir çoxunun sərvəti onlara miras olaraq qalıb. Ancaq təbii ki, öz bacarığı, əziyyəti ilə bu siyahıya düşənlər də az deyil. 

Lent.az “Forbes” jurnalının bu il üçün tərtib etdiyi dünyanın ən varlı qadınların siyahısının ilk onluğunu təqdim edir: 

10. Abigail Johnson 

Sərvəti 21,2 milyard olan amerikalı Abigail Johnson siyahının 10-cu yerindədir. Abigail Johnson 2014-cü ildən “Fidelity Investments” şirkətinin baş direktorudur. O, 1946-cı ildə babası tərəfindən qurulan və idarə olunan, aktivləri 4,2 trilyon dollar olan şirkətdə təqribən 24,5% paya sahibdir.

9. İris Fontbona 

Siyahının doqquzuncu sırasında əslən Çilidən olan İris Fontbonanın təxminən 22,8 milyard dollar sərvəti var. İris Fontbona 2005-ci ildə mədən və içki sənayesində sərvət qazandıqdan sonra xərçəng xəstəliyindən vəfat edən çilili iş adamı Andrónico Luksicin dul arvadıdır. İris və ailəsi London Birjasında siyahıya alınmış “Antofagasta Plc” şirkəti  vasitəsilə Çilidə mis mədənlərinə sahibdir. O, həmçinin bankçılıq, içki və istehsal sektorlarında fəaliyyət göstərən, tanınmış Çili holdinqi “Quiñenco”da böyük paya malikdir.

8. Susanne Klatten

Sərvəti 24,3 milyard dollar olan Susanne Klattenin əsas gəlir mənbəyi “BMW” avtomobil və səhiyyə sənayesidir. Susanne Klatten, anası Yohanna Quandt və atası Herbert Quandtdan (1959-cu ildə BMW-ni iflasdan xilas etmək üçün tanınan sənayeçi) miras qalan Alman avtomobil şirkəti “BMW”nin təxminən 19%-nə sahibdir. Klatten həm də "Altana" kimya şirkətinin sahibidir. 

Qeyd edək ki, Susanne Almaniyanın ən zəngin qadınıdır. 

7. Miriam Adelson

Miriam Adelsona sərvətinin tamamı həyat yoldaşından miras qalıb. 27,5 milyard var-dövlətin sahibi Miriam Adelson əyləncə sektorunun krallarından olan Sheldon Adelsonun həyat yoldaşı olub. Adelsonun ölümündən iki ay sonra şirkət, Las Vegasdakı ən mühüm aktivlərini 6,25 milyard dollara satıb. 

6. Gina Rinehart

Rinehart atası Lang Hancock tərəfindən qurulan Avstraliya mədən və kənd təsərrüfatı şirkəti olan “Hancock Prospecting Group”un sədridir. O, illərdir ailədaxili problemlərə görə məhkəmələrdədir.  Siyahının 6-cı yerində qərarlaşan Ginanın sərvəti isə 30,2 milyard dollardır. 

5. Jacqueline Mars

“Mars”, “M&M” və “IAMS”, “Pedigree” kimi brendlərinin, konfet və ev heyvan qidaları şirkəti olan “Mars Incorporated”in təxminən üçdə biri miras olaraq qalıb. Şirkət 1911-ci ildə onun babası Frank C. Mars tərəfindən yaradılıb. Onun sərvəti 31,7 milyard dollardır. 

4. MacKenzie Scott

43.6 milyard dollar sərvəti olan MacKenzie Scott dünyanən ən varlı 4-cü qadınıdır. 2019-cu ildə Amazon qurucusu Jeff Bezosdan boşandıqdan sonra Skott tarixin ən comərd  xeyriyyəçilərindən birinə çevrildi. İki ildən az müddətdə o, 1250-dən çox təşkilata 12,5 milyard dollar ianə edib. 

3. Julia Koch 

Siyahının üçüncü yerini 56,7 milyard dollar var-dövlətə sahib Julia Koch tutub. Mühafizəkar donor və xeyriyyəçi David Kochun dul arvadı Julia Koch və uşaqları Amerikanın ikinci ən böyük özəl şirkəti olan “Koch Industries”in 42%-nə sahibdirlər.

Şirkətin digər 42%-i isə holdinqin sədri, Davidin böyük qardaşı Çarlz Koxa məxsusdur. 

2. Alice Walton

İkinci yerdə 59 milyard dollar sərvətə sahib Alice Walton məşhur “Walmart”ın qurucusu Sem Uoltonun qızıdır. Onun bu il şirkət səhmlərinin yüksəlməsi ilə varidatı 3,5 milyard artıb. Alice Walton 2020-ci ildə dünyanın ən zəngin qadını seçilmişdi. Lakin sonradan taxtı əlindən alındı. 

1. Françoise Bettencourt Meyers

Bu il dünyanın ən zəngin qadını Françoise Bettencourt Meyersdir. Onun varidatı nə az, nə çox 80,5 milyard dollardır. O, iki il dalbadal dünyanın ən varlı qadını olub. Meyers dünyaca məşhur kosmetika və gözəllik şirkəti olan “Loréal”ın qurucusunun nəvəsidir.
 
Maraqlısı odur ki, Françoise Bettencourt Meyers anası 2018-ci ildə vəfat etdikdən sonra bu ünvana sahib olub. Belə ki, Meyersin anası Liliane Bettencourt ölümünə qədər dünyanın ən varlı qadını idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4371
avatar

Sevinc Fərid

Oxşar yazılar