Alimlər ilk dəfə aşkar ediblər ki, qoxu və dad bir-birindən ayrılmazdır. Bu isə dadın necə formalaşdığı ilə bağlı mövcud təsəvvürləri alt-üst edir. İsveçdə Karolinska İnstitutunun tədqiqatçıları funksional MRT (maqnit-rezonans tomoqrafiya) vasitəsilə beynin aktivliyini izləyiblər və 20 sağlam iştirakçıdan beş əsas dadı (şirin, turş, duzlu, acı və umami) sınamalarını xahiş ediblər. Nəticə onları təəccübləndirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eksperiment beynin ilkin dad qabığında aktivlik göstərib. Mütəxəssislər dad və qoxuların yaratdığı neyron aktivliyini müqayisə etmək üçün çoxölçülü analizdən istifadə ediblər.
Araşdırma nəticəsində məlum olub ki, retronazal qoxular (burun boşluğundan keçən qoxular) dadı yaradan neyron naxışları ilə böyük ölçüdə üst-üstə düşür. Başqa sözlə, təkcə çiyələk qoxusu belə beynin dad qabığında reaksiya yaradır. Deməli, burnumuz dadı qəbul etməyin ayrılmaz hissəsidir.
Məhz qoxu sayəsində biz şərabın dadını “şirin” və ya “ədviyyatlı” kimi xarakterizə edirik.
Bu kəşf izah edir ki, niyə bəzən təkcə qoxu ilə dadı hiss edirik, məsələn, aromatlaşdırılmış suda olduğu kimi. Bundan başqa, nəticələr dad və qoxunun yalnız beynin yüksək mərkəzlərində mükafat siqnal sisteminin işlədiyi orbitofrontal qabıqda qarşılıqlı təsirə girdiyi barədə köhnə təsəvvürü də təkzib edir. Əksinə, beyin qoxunu ilkin mərhələdə dad kimi qəbul edir və ümumi dad kodu yaradır.
Araşdırma maraqlı bir detalı da ortaya çıxarıb: dadla bağlı neyron naxışlar statik deyilmiş. Onlar zamanla dəyişir, bu isə dad xəritələrinin beyində dinamik və elastik olduğunu göstərir. Bu kəşf həm də izah edir ki, niyə COVID-19 pandemiyası zamanı qoxu itirən insanlar dad hissini də itirirdilər. Virus burundakı qoxu reseptorlarının fəaliyyətini zəiflədir, onları qoxu molekullarını düzgün tanımaq imkanından məhrum edirdi.