Almaniyada alimlər inəkləri təyin olunan tualet yerində idrar etməyi öyrədirlər.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, alimlər havanın çirklənməsinə səbəb olan qazları azaltmaq üçün başlatdıqları proqram çərçivəsində diqqətəlayiq bir addım atıblar.
“Current Biology” elmi jurnalında dərc olunan araşdırmaya görə, bir qrup elm adamı, sidik və nəcislə istixana qazına təsir edə bildikləri üçün heyvanları tualetə öyrətməyə başlayıblar. Almaniya və Yeni Zelandiyadan olan alimlər 16 inəyə yalnız otdan hazırlanan tualetlərdə idrar etməyi öyrədərkən inək sidiyindən azot oksidi istehsalını dayandırıblar. Keçirilən 10 təlimdə 16 inəkdən 11-inə tualetdə idrar etməyi müvəffəqiyyətlə öyrədilə bilib.
Araşdırma qrupundan olan Jan Lanqbein açıqlamasında deyib: “Normalda inəklərin bağırsaq hərəkətlərini və ya idrarlarını idarə edə bilmədikləri güman edilir. İnək, digər heyvanlar kimi, çox ağıllıdır və çox şey öyrənə bilər. Niyə tualetdən istifadə etməyi də öyrənməsinlər?"
Elm adamları inək sidiyinin 80 faizinin bu üsulla toplanmasının ammonyak tullantılarının 56 faiz azalmasına səbəb ola biləcəyini söyləyirlər. Bundan əlavə, yaşayış yerlərində heyvanların sidiyinin miqdarının azalmasının daha gigiyenik bir mühitdə yaşamalarına səbəb ola biləcəyi qeyd ediblər.