Nəvəsi Xomeyni haqda lətifəni «Facebook» çıxarıb…
20 oktyabr 2013 05:58 (UTC +04:00)

Nəvəsi Xomeyni haqda lətifəni «Facebook» çıxarıb…

«Əsərlərimdən birini yoxlayarkən mənə dedilər ki, «firon» sözü olan cümləni çıxarmalıyam. Mən səbəbini soruşdum. Dedilər ki, bu, təkallahlılığa qarşıdır. Mən də dedim ki, firon təkallahlılığın lehinə danışmalıydı ki?».

Müharibədə həlak olanların dul qadınları ilə evlənmək istəyən ayətulla haqqında lətifəni eşitmisinizmi? İranda bu sayaq lətifələr gülməli deyil. Lap o lətifəni danışan İslam Respublikasının banisi Ruhullah Xomeyni olsa da…

1980-1988-ci il İran-İraq müharibəsinin xatirələri iranlılar üçün hələ də çox ağrılıdır. Bu müharibədə on minlərlə insan şərəfli «şəhid» adına qovuşub.

Buna görə də Xomeyniyə aid lətifə onun nəvəsinin «Facebook» səhifəsində peyda olanda, hay-küy başlayıb.

Xomeyninin nəvəsi Naimə İşraqi onun «Facebook» səhifəsinin şərh hissəsində bu yaxınlarda yerləşdirilən lətifəni onun post etdiyini danır. Orada isə yazılmışdı: «Biz İmama ona qoşulmuş başqa bir lətifəni də danışardıq. O qədər gülərdi ki… Lətifə belə idi: Bir dəfə İmam Xomeyni belə bir çağırış edir: «Ey, pasdaranlar (İran İslam İnqilab Keşikçiləri Qvardiyaçılar -red.), şəhid dulları ilə evlənin… Kaş, özüm də pasdaran olaydım…».

Bunun ardınca başlanan qalmaqaldan sonra İşraqi öz «Facebook» hesabını bağlayıb.

Xomeyni zarafat da edirmiş


Bəziləri inana bilmir ki, çoxlarını cəbhəyə göndərən və müharibənin uzanmasına səbəb olan Xomeyni bu barədə hələ zarafat da edibmiş. Başqaları isə İşraqini İranın müasir tarixinin belə ağrılı səhifəsini qurdaladığına görə qınayır.

Tənqidlər hər tərəfdən gəlir – mühafizəkar mediadan, şəhid ailələrindən, mötədillərdən və İran müxalifətindən. Onların hamısı bu zarafatdan hiddətləniblər.

Hazırda ABŞ-ın Virciniya Ştatında yaşayan keçmiş tələbə lideri Əli Əfşari öz «Facebook» səhifəsində yazıb ki, bu zarafatı kim edibsə, lənətlənməlidir:«İnqilab Keşikçilərinin bir qismi İran xalqını incidib. Onların əlləri müxtəlif cinayətlərə bulaşıb. Ancaq onların əksəriyyəti müharibədə döyüşən sağlam əqidəli insanlar olublar və heç kəsin, ələlxüsus da müharibə dullarının xətrinə dəyə bilməzdilər».


«Bizi axmaq yerinə qoyublar»

Müharibədə həlak olmuş tanınmış komandir Məhəmməd İbrahim Hematin oğlu İşqarini «heysiyyətsizlikdə» ittiham edib.


Mühafizəkar saytlarda dərc olunmuş məktubunda komandir oğlu yazıb ki, İşraqi İslam Respublikasının banisini ləkələyib:«Onun iyrənc poçtunu oxuyanda, adamın ağlına ilk gələn bu olur ki, bu ölkənin övladları güllə, bomba və mərmilərlə parça-parça olan bir vaxtda onları cəbhəyə göndərən şəxs onların özləri və ailələri haqqında belə iyrənc zarafatlar edib».


Hemat belə bir nəticəyə gəlib: «Müharibədə vuruşanları və onların ailələrini axmaq yerinə qoyublar».


O, yazıb ki, ayətullah Ruhullah Xomeyniyə olan hörmətinə görə nəvəsinə məktubunda söyüş işlətməyib.

Bu məktuba cavabında Naimə İşraqi yazıb ki, şəhidlər və onların ailələri «insanlığın zirvəsidirlər», kimsə onların Xomeyni ilə səmavi ittifaqını poza bilməz.

Xomeyninin  nəvəsini parlamentdə müzakirə edəcəklər


Xomeyninin nəvəsi bildirib ki, onun «Facebook» hesabına bir neçə dəfə haker hücumu olandan sonra o, öz hesabını bağlayıb.

Lakin Naimənin bu hərəkəti və bədnam poçtla bağlı təkzibləri tənqidçiləri sakitləşdirməyib. Parlament üzvü höccətülislam Nəsrullah Pejmanfər deyib ki,İşraqinin müharibədə həlak olanların ailələrini təhqir etməsi parlamentdə müzakirə olunacaq.

Digər tərəfdən, yaranmış bu qalmaqal İslam Respublikasında gedən siyasi diskussiyalarda sosial şəbəkələrin artan rolunu nümayiş etdirir. İranda «Facebook» saytının rəsmən bağlı olmasına baxmayaraq, getdikcə daha çox rəsmi şəxs bu şəbəkəyə qoşulur.


 

«Azadlıq» radiosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Oxşar yazılar