Dünya şöhrətli “Qolos” yarışmasının Ukrayna versiyası “Qolos krayni” müsabiqəsində azərbaycanlı Vaqif Nağıyev çıxışını davam etdirir. Lent.az oxu.az-a istinadən verdiyi məlumata görə, duellər mərhələsini uğurla keçən Vaqif Nağıyev vokal “nokautu”nda Anani Udoqvo ilə yarışaraq müsabiqədə iştirakını davam etdirib.
“Nokaut”da Vaqif Nağıyev Bee Gees “Stay alive” meqahitini ifa edib.
Bu dəfə Tamara Qvertiseli layihəni tərk edib və onun yerinə hər iki iştirakçının ifasını əla qiymətləndirən Yuri Rıbçinski gəlib. O, ifaçımız haqqında belə deyib: “Vaqifdə qeyri-adi dəyişiklik var. Bir neçə efir günü bundan öncə “Show must go on” oxuyan müğənnidir. Bu diapazon, bu gün oxuması... Bəlkə də hər zaman 100% alınmır, amma əhval-ruhiyyə belə idi, bəzi şeylər bağışlandı. Bu, çox gözəl idi”, - deyə Vaqif Nağıyevin “nokautda” çıxışını şərh edib.
Ani Lorak isə belə deyib: “Vaqifin səhnədə elədiyi təəccübləndirici idi. Vaqif bu sənsən?! Sən mənim üçün klassik ifanın nümunəsi idin, ciddi oxuyan bir oğlan və birdən-birə qoçaq bir oğlan səhnədə oxuyur və bütün zalı oynamağa məcbur edir. Vaqif şouda iştirakını izləmək istədiyim ifaçılardandır”.