“Hər TV aparıcısına nəsib olmayan xoşbəxtlik mənə nəsib oldu”
İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırov Türkiyənin TRT-Avaz telekanalından ayrılaraq, ölkəyə qayıdıb. Lent.az-ın məlumatına görə, keçən ilin oktyabrında ölkəni tərk edən teleaparıcı,Türkiyədə çalışıb. Bu barədə özü məlumat verib.
Teleaparıcının dediyinə məlumata görə, o, bundan sonrakı fəaliyətini əvvəlki iş yerində davam etdirəcək: “Mən Azərbaycandayam. Əslində burada olmadığım müddətdə deyiləsi sözüm, fikir və düşüncələrim çoxdur. Artıq 3 aydır ki, İTV və TRT əməkdaşlığı çərçivəsində qardaş Türkiyədə çalışdım. TV fəaliyyətimə maraqlı, lazımlı və mühüm olan daha bir mərhələni adladım. Uzun illərdir ki, ikili pəncərədən boylandığım və hər gün bərabər ortaq yayım təqdim etdiyimiz insanlarla, eləcə də yeni dostlarla bir ortamda olmaq, çalışmaq, müxtəlif proqram və layihələrdə iştirakım həyatımda, fikrimdə, təcrübəmdə unudulmaz iz buraxdı. Türkiyənin bir sıra Radio və Televiziya proqramlarının qonağı oldum, Azərbaycanımız adına danışdım. Bir məqamı da qeyd edim ki, hər TV aparıcısına nəsib olmayan bir xoşbəxtlik mənə nəsib oldu. Fəaliyyətimə İTV-də xəbər aparıcısı kimi başlasam da, amma sonrakı illərdə tamaşaçılar mənə fərqli istiqamətdə, yəni müxtəlif proqramlarda daha çox musiqi, əyləncə və proqram aparıcısı kimi tanıdılar. Türkiyədə isə daha çox xəbər aparıcısı kimi çalışdım. Bununda da TV bioqrafiyama, həm proqram aparıcısı, həm də xəbər aparıcısı statusları yazıldı. Bu, məni sevindirməyə bilməz ”.
Teleaparıcı fəaliyyət göstərdiyi telekanal rəhbərliyinə təşəkkür də edib: “Belə bir fürsəti mənə təqdim etdiyinə və mənə göstərdiyi etimada görə İTV-nin baş direktoru İsmayıl Ömərova dərin təşəkkürümü bildirirəm. Ayrıca TRT-AVAZ rəhbərliyinə və kollektivinə məni isti qarşıladıqları üçün minnətdarlıq edirəm”.
Saleh Bağırov Lent.az-a açıqlamasında bildirib ki, gələn həftədən etibarən, o,İTV ekranlarında görünəcək.
Qeyd edək ki, Saleh Bağırov uzun müddətdir ki, İctimai Televiziyada “Yeni gün “ proqramının aparıcısı olub. O, həmçinin bu il Azərbaycanda keçirilən “ Eurovision” Mahnı Müsabiqəsinin yarımfinal və final günündə İTV-nin canlı yayımında müsabiqəni Azərbaycan tamaşaçıları üçün şərh edib.