Məşhur müğənni Röya Ayxan səsini və konsertlərini sığortalamağı planlaşdırır. Lent.az-ın fins.az-a istinadən xəbərinə görə, bu barədə müğənninin prodüseri Kənan Bayramov bildirib. Onun sözlərinə görə, müğənninin komandası sığorta xidmətlərindən bir neçə məsələdə yararlanmaq niyyətindədir. Bunlardan biri yayda keçirilməsi planlaşdırılan konsertlərdir: "Məsələn, bizim yayda açıq havada konsertimiz olur. O konserti sığortalamaq istəyirik. Çünki yağış yağa bilər, konsert təxirə salına və ya vaxtı dəyişdirilə bilər. Eləcə də konsert vaxtı sağlamlıqda problem ola bilər, bilet satışında problem yarana bilər".
Prodüser belə halların konsertin baş tutması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: "Sadə bir misal: səhnə kirayələnir, işıq, səs sistemi qurulur, musiqiçilər, rəqqasələr gəlir, çəkiliş olur, bütün komanda yığışır. Sonra yağış yağır, konsert təxirə düşür. Onların hər biri artıq pulunu alıb. Pul da bilet satışından əldə olunan gəlirdən ödənilir. Bəs biletlər necə geri qaytarılsın? Risklər böyükdür və mütləq sığortalamalıyıq".
Qeyd edək ki, avqustun sonu, sentyabrın əvvəlində Röyanın 3-4 günlük konserti nəzərdə tutulub. Prodüserin sözlərinə görə, həmin konsertlərin sığortalanması nəzərdə tutulur: "Konserti sığortalamaq məsələsi üzərində də düşünürük. Artıq Türkiyə və Rusiya sığorta şirkətlərinə müraciət etmişik. Uyğun şərtlərlə güman ki, onlardan biri ilə işləyəcəyik. Əgər razılaşsaq, müqavilə bağlayacağıq. Hələ ki, heç bir məsələ razılaşdırılmayıb".
İlkin məlumata görə, konsertlərin hər birinin 150-160 min manat arasında sığortalanması nəzərdə tutulub: "Çünki konsertlərin bir gününün dəyəri təqribən bu qədərdir".
K.Bayramov bildirib ki, konsertlərlə yanaşı, Röya Ayxanın səsini də sığortalamaq nəzərdə tutulur: "Nəzərə alsaq ki, onun bütün fəaliyyəti səsi üzərində qurulub, bu, çox vacibdir".
İlkin planlara görə, məşhur müğənninin səsinin sığortası üçün sığorta məbləği 1 milyon manatdan aşağı olmayacaq. Bu rəqəmi müəyyənləşdirəndə müğənninin qarşıdakı illərdə gözlənilən gəlirlərin məbləği nəzərə alınıb: "Röya xanımın səsini 1 milyon manatdan yüksək sığortalamaq istəyərdik. Məsələn, onun ən azı 10 il fəaliyyət göstərəcəyini nəzərə alsaq və bu müddətdə gəlirləri fikirləşsək, bunun üçün ən azı 1 milyon manat lazımdır".