Ötən gün “Number One” mükafatlandırma mərasiminə qatılan müğənni Nadir Qafarzadə ona təqdim olunan mükafatdan imtina edib. Bu barədə Lent.az-a müğənninin özü məlumat verib. İfaçı buna səbəb təşkilatçılığın aşağı səviyyədə olmasını göstərib: “Ötən gün xoşagəlməz bir nüansla qarşılaşdım. Belə ki, bir müddət öncə təşkilatçı məni özünün təsis etdiyi “Number One” mükafatının təqdimetmə mərasiminə çağırmışdı. Hörmətsizlik olmasın deyə, mükafat verilən məkana getdim. Məqsədim mükafat almaq deyildi, sadəcə, bu tədbiri təşkil edənlərə qarşı bir jest idi, amma kaş ki, getməyəydim. Çünki təşkilatçılıq sıfır dərəcəsində idi, ədalətsizlik də var idi. Çünki elə gənc müğənnilərə mükafat verirdilər ki, mən o sırada özümü görmədim. Buna baxmayaraq həmin gənclərə uğurlar arzulayıram. Mükafat alanlar sırasında hörmət etdiyim sənətçiləri də vardı, onlar mükafata layiq idi. Orda olan bəzi gənc müğənnilər söylədiyim fikirlərdən inciməsin. Mənim kimdənsə çəkinəcəyim yoxdur, hər zaman obyektiv danışmışam, demişəm, deyəcəm. Ötən gün ən böyük iradım həmin tədbirin təşkilatçısına idi. İşə qarşı bu cür məsuliyyətsizlik olmaz. Qaldı ki, şou-biznesdə bütün nominasiyalarda “Nömrə-1” müğənni mükafatını mənə təqdim olunmasına, bunu istəmirəm, gərəksizdir. Özüm bilirəm ki, məndən yoxdur. Şou-biznesdə bir Nadir Qafarzadə var, o da mənəm. “Nömrə-1”mi hansısa təşkilatın verdiyi mükafatla təsdiqləmək niyyətində deyiləm. Bu mükafatı, mükafat alarkən sevincdən uçanlara, sosial şəbəkədəki səhifələrində fərəhlə paylaşanlara təqdim etmək gərəkdir, bu qədər”.
N. Qafarzadə daha sonra xəbərdarlıq etməyi də vacib bilib: “Xahiş edirəm bundan sonra bu cür təqdimetmə, mükafatlandırma mərasimlərinə çağırmayın. Xəbərdarlıq edirəm, getməyəcəm, məni narahat etməyin”.