Rok, pop və opera janrını sintez edib musiqiyə yenilik gətirən Lətifə Soyuöz yaradıcılığı ilə yanaşı xarici görünüşünə də ciddi fikir verməyə başlayıb. Lətifənin Lent.az-a verdiyi məlumata görə, o, geyimini də dəyişib, indi də arıqlamağa çalışır.
Soyuöz istədiyi bədən ölçüsünə düşənə qədər arıqlayacağını vurğulayıb: “Bir neçə kilo arıqlasam da hələ istədiyim çəkidə deyiləm. Bundan sonra hər mahnıma uyğun libasım olacaq. Mahnılarımda rok qatqısı var. Geyimlərimdə də bu, hiss olunacaq. İfalarıma uyğun geyimlərimi yaxın zamanda görəcəksiniz. Səhnə ilə gündəlik həyatımdakı geyimlərim kifayət qədər fərqlənəcək”.
Lətifə onu da deyib ki, onun yeni mövsüm üçün geyimlərini modelyer Renat Ramazanov hazırlayır: “Renat işinin peşəkarıdır. Mahnılarımın janrını hər kəsdən yaxşı bilir. Əminəm ki, mükəmməl görüntüyə sahib ola biləcəm.”
Xatırladaq ki, Lətifə hazırda yeni proyekt üzərində çalışır. O, “Manga” qrupu ilə duetinə və yeni mahnısına klip çəkdirməyə hazırlaşır.