Nazpəri Dostəliyeva: “Qəbələdəyəm, sabah gəlirəm”
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti “raundunun” vaxtı bəlli olub. Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib. Lent.az-ın məlumatına görə, bu barədə “aznews”a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib.
Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır. Bundan əlavə İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb qoyub.
Bu məsələ ilə bağlı Lent.az-ın əməkdaşı xalq artisti Nazpəri Dostəliyeva ilə əlaqə saxlayıb. İfaçı da yazılanlardan xəbərsiz olduğunu söylədi: “Hazırda Qəbələdə istirahətdəyəm. Heç nədən xəbərim yoxdur. Bir gün sonra, Bakıya dönəcəm”.