Xalq artisti İlhamə Quliyeva digər xalq artistləri Aygün və Brilliant arasında olan qalmaqaldan söz açıb. Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, İ, Quliyeva həmkarları barədə sərt danışıb.
Onun sözlərinə görə, bu cür biabırçılığa susmaq, həmin xalq artistlərini cəzasız buraxmaq gələcəkdə baş verən qarşılıqlı hörmətsizliklərin adi hala çeviriləcəyinə imkan yaradacaq: “Özünə hörmət edən sənətçi mənim kimi heç vaxt imkan verməz ki, nə sənəti, nə də fəxri adı aşağılansın. Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir-iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Brilliant Dadaşova deyir ki, “yekə arvaddır, getsin öz işi ilə məşğul olsun”. Guya özü uşaqdır? Ümumuiyyətlə, “yekə arvad” sözünü agıza almaq ayıbdır. Və yaxud Aygün Kazımova, bu nə hərəkətlərdir edir? Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar almasının, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərinə də görk olsun. Gör cəzasızlıq hansı vəziyyətə gətirib ki, bu iki insan bir-birlərini bütün cəmiyyətin qarşısında açıq-aşkar şəkildə təhqir edirlər. Dövlət onları yerlərində otuzdurmasa, sabah bundan da betər hərəkətlər görəcəyik. Bu, harınlığın, qudurğanlığın əlamətləridir”.
İ. Quliyeva deyib ki, hər iki sənətçinin atdığı addımlar Azərbaycan qadınının adına da ləkədir. Eyni zamanda qarşıdan böyük bir dövlət hadisəsinin yaxınlaşdığını deyən İlhamə xanım onlara tövsiyələrini də verib: “Bütün dünyanın gözü Azərbaycandadır. Mən özümü bu dövlətin əsgəri kimi hiss edirəm. Və qarşıdan gələn prezident seçksində bütün varlığımla cənab prezidentin təbliğatı kampaniyasında iştirak edəcəyəm. Digər sənətçilərə də məsləhətim odur ki, ciddi olsunlar” .