Hüseyn Dərya: “Populyarlıq da narkomaniya kimidir”
“Səhvlərimlə həyatı başa düşmüşəm, çoxlarına nümunə olmuşam. Yaşadığım həyatla fəxr edirəm. Heç kimin həyatını korlamamışam, nə etmişəmsə, özümə etmişəm”. Bu sözləri APA TV-də yayımlanan “Bunker” verilişinin qonağı müğənni Hüseyn Dərya deyib.
Onun fikrincə, musiqiçi olmaq özünü daha yaxşı ifadə etmək imkanı yaratsa da, şəxsi həyatda uğursuzluğa səbəb olur: “Hər şeyi tam şəkildə etməyə insan ömrü kifayət deyil. İstədiklərimi edə bilmişəm, amma hələ etmək istədiklərim də var. Ömrümdən düzgün istifadə etmişəm, müəyyən vaxtlar acılar yaşamışam. Sənət adamları özünə qapanandır, ona görə əsasən ailə həyatımız alınmır. Mənim də ailəm uğursuz oldu, amma bacardığım qədər ailəyə üstünlük verirdim. Sənətim daha çox diqqət istəyir, ona görə ailəyə yetərincə diqqət ayıra bilmədim. Heç kim ailəsinin dağılmasını, övladının ortada qalmasını istəmir. Sənətlə ailə bir-biri ilə uyuşmur. Birinci növbədə Allah qarşısında günahkaram, doğmalarım qarşısında da günahkaram, çünki həyatımın ağrı-acılı vaxtlarında doğmalarıma peşmançılıq, məyusluq yaşatdım. Fiziki olaraq məndən heç kim ziyan çəkməyib, sadəcə doğmalarıma mənəvi əzab vermişəm. Zirvəyə qalxan da özüm olmuşam, oradan özümü yuvarlayan da. Yenidən ayağa qalxan da yenə özüməm. Allahdan başqa əlimdən tutan olmayıb”.
Çətin günlərinin özü üçün imtahan olduğunu deyən müğənni səhnə ilə həbsxananı müqayisə edib: “Həqiqət acı da olsa, onunla razılaşmaq məcburiyyətindəyik. Demək bu da qismət imiş, yaşanmalı imiş. Öz həyatımla fəxr edirəm, çünki hətta pis əməllərimlə də başqalarına nümunə olmuşam ki, mənə baxıb özləri düzgün yolla gediblər. Səhnə ilə həbsxananın fərqi yalnız bağlı qapılarıdır. Səhnənin öz ideyası var, həbsxananın öz. Səhnədə də hər kəsə nümunə olduğunu, pis niyyətin sahibi olmadığını göstərməlisən, həbsxanada da. Hər ikisində təmiz olduğunu sübuta yetirməlisən. Alqışlar, populyarlıq da bir xəstəlikdir”.
Hüseyn Dərya özünə necə qalib gəlməyindən danışıb: “Bir dəfə böyük bacım mənə bir sual verdi. Dedi: “Hüseyn, ananın, bacının əməlinə görə indiyə qədər üzüqara, başıaşağı olubsan? Bizə görə xəcalət çəkibsən?” Dedim, yox. Dedi: “Bəs, biz niyə sənə görə adam içinə çıxa bilməməliyik, niyə deməlidirlər ki, bu, narkomanın bacısıdır, anasıdır?”. Bu dialoq məni düşündürdü. Allahın köməyi ilə özümə qarşı üsyan edib cəmiyyətə sağlam qayıtdım. 2012-ci ildə narkomaniya ilə mübarizə üzrə ölkənin sosial səfiri seçildim. Bir neçə regionda “Mən narkotikə yox dedim, bəs, sən?” adlı aksiyalar keçirdim”.
Qonaq sənət aləmində rəqabət naminə əlbəyaxa davaya da hazır olduğunu deyib: “Həyat mübarizə meydanıdır. Əks tərəf olmasa, yaşamaq maraqlı olmaz. Bu sənətə gələndə əlbəyaxa davaya da hazır idim, yaxşı ki, o dərəcədə olmadı. Bir az qeyri-sağlam rəqabət oldu, vəssalam. Səhnə məni hər zaman, hər halımda qəbul edir”.
Sonda müğənni yeni klipi barədə məlumat verib: “İndi fəaliyyətimi beş qat artırmışam. İnşallah, hələ çox uğurlarımı sizinlə paylaşacağam. Mütləq partlayış olacaq, yeni planlar var, bu saat çox yorğunam. Səhərə qədər “Can Vətən” adlı klipimin çəkilişində olmuşam. Xalq artisti, tarzən Ramiz Quliyevə təşəkkürümü bildirirəm, klipimdə onun ifası da var. Həmçinin Cabir Abdullayev də muğam hissəni ifa edib töhfəsi verdi. Yeni klip sənətimdə partlayış olacaq”.
1290