İki «rus milyonçu» Londonda «Kitsh London» klubunda 130 min funt sterlinq xərcləyib. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu haqda İngiltərədə çıxan «The Daily Mail» qəzeti yazıb.
Klub yiyəsi milyonçuların adı deməyib. Həmin iki milyonçu biri-biri ilə «daha çox kim xərcləyəcəyin» mərcini edib.
Klub yiyəsi bildirib ki, həmin kişilər 3 saata yaxın orada oturub və bahalı spirtli içkiləri sifariş veriblər. Onlardan biri bir neçə şüşə içki götürdükdə, o biri həmin içkidən daha çox sifariş verib. Yekunda hesaba birinin qiyməti 325 funta olan 84 şüşə «Dom Perinon» şampan daxil edilib.
Şahidlər bildirib ki, sifarişin içilməsinə klubdakı müştərilər də yardım edib. Müəssisə bağlananadək əl dəyməyən çoxlu şampan butılkası qalıb.
Nəticədə qalib 66 min 779 funt sterlinq, məğlub isə 64 min 279 funt sterlinq xərcləyib. Şahidlər onu da deyib ki, mübahisəni udan milyonçu rus hesab qəbzini əlində yelləyərək, sevincindən atılıb-düşürmüş. Nədən mərc edildiyi də bilinmir.