Bu günlərdə Azərbaycanın xalq artisti Flora Kərimova Lent.az-a açıqlamasında 42 il qabaq etdiyi bir yol pozuntusundan söhbət acmışdı. Sənətkarın söz açdığı bu olay kiçik bir xəta üzündən böyük müzakirələrə səbəb oldu.
Xalq artisti bu əhvalatı rus dilində nəql etdiyi üçün tərcümə xətası üzündən onun dedikləri bu olayın keçmişdə yox, indi baş verdiyi təsəvvürü yaradıb. Hətta bəzi həmkarlarımız bu “hadisəyə” Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun münasibətini də öyrəniblər.
Məsələ ilə bağlı Lent.az-a yenidən açıqlama verən xalq artisti həqiqətin nədən ibarət olduğunu təkrarlayıb: “Sizə keçmişdə olan bir hadisəni danışmışdım. Ancaq bir çoxları bunu səhv başa düşüb, məndən haqq-hesab sormağa başladılar. Demək istəyirəm ki, ilk avtomobil idarə edən qadın sənətçiyəm. Sadəcə, bu hadisə keçmişdə olub. Yol hərəkəti qaydalarına artıq çoxdan bilirəm. Görünür, tərcümə zamanı keçmiş sözünə əhəmiyyət verilməyib və o səbəbdən məsələ müzakirələrə səbəb olub”.