Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva yeni layihəsində şou-biznesin tanınmış simalarını bir araya gətirəcək. Bu barədə Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, yeni proyekti Azərbaycanda ilk dəfə keçirilir: “Haqqında danışdığım layihədə Azərbaycanın ən tanınmış simaları məşhur hind filmindən olan səhnəni canlandıraraq, mənimlə birgə rəqs edəcəklər. Bir az da dəqiqləşdirsək, bu məşhur hind aktyoru Şahrux Xanın rol aldığı bir filmdəki rəqs səhnəsi olacaq. Layihəni isə Türkiyənin tanınmış rejissoru Barış ekranlaşdıracaq. Hazırda onun özü də Bakıdadır. Layihədə yer alacaq 15 tanınmış simanı rejissorla birgə mən müəyyənləşdirmişəm. Bir ilə yaxındır üzərində işlər gedən layihənin növbəti çəkiliş hissəsi yaxın müddətdə başlayacaq. Proyekt çox fərqli olacaq. Ekran işi hazır olduqdan sonra paytaxt məkanlarının birində möhtəşəm təqdimat mərasimi olacaq”.
Daha sonra Fatimə bəzi həmkarlarına ultimatum da göndərib: “Qulağıma yeni-yeni məlumatlar gəlib çatır. Eşitmişəm ki, bəzi həmkarlarım mənim layihəmi təkrarlayaraq, tanınmış simaları bir araya yığır. Bu, sadəcə gülüncdür. Azərbaycanda ilk dəfə bir proyekt üçün tanınmış simaları bir araya yığan rəqqasə mənəm. Bu, rəqqasə Fatiməyə məxsusdur. Əgər kimlərsə bunu təkrarlamaq istəyirsə, bunun bir adı var. Oğurluq! Başa düşə bilmirəm. Nə vaxta qədər mənim tökdüklərimi yığacaqlar? Tökdüyümü yığanlar, mənim də əsəblərimin bir həddi var. Bu günə qədər susdum, düşünməsinlər ki, yenə susacam”.
Qeyd edək ki, əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandıracağı proyektdə Könül Kərimova, Nadir Qafarzadə, Nanə Ağamalıyeva, Roza Zərgərli, Rəfael-Coşğun, Elnur Məmmədli (idmançı), Günay İbrahimli, Zaur Kamal, Tolik, Sevda Yəhyayeva, Almaz Ələsgərli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu və başqaları rol alacaq.