Almaniyada müəllimləri bir məktəbli qıza deyiblər ki, o qızlı-oğlanlı üzgüçülük dərslərində mütləq iştirak etməlidir və öz dininin qaydalarını pozmaması üçün adi çimərlik paltarının əvəzinə vücudun çox hissəsini örtən “burkini” geyinə bilər.
“The Economist” yazır ki, bütün Avropa boyunca demokratiyalar sınağa çəkilib: vətəndaşlıqla, vətəndaşların fərdi fərqlərini necə barışdırmalı?
BURKA+BİKİNİ
Elə “burkini” sözünün özü də kompromisi əks etdirir və iki sözdən “burqa” və “bikini”dən düzəldilib və vizual mənada çimərlik paltarı üstəgəl hicab deməkdir.
Sözü gedən qız əslən Mərakeşdən olan valideynləri ilə Almaniyanın Frankfurt şəhərində yaşayır. İki il əvvəl, onun 11 yaşı olanda, valideynləri məktəbdən tələb etmişdilər ki, qızları üzgüçülük dərslərinə getməsin. Ailənin vəkili iddia edirdi ki, burkini qızın bütün dini tələblərinin yerinə yetirilməsinə imkan yaratmır.
Vəkil deyirdi ki, qız, dərslər yalnız onun həmcinslərinin iştirakı ilə keçirilsə, onda orada iştirak edə bilər.
"ALMANİYANI BƏYƏNMİRSƏN, MƏRAKEŞƏ DÖN"
Lakin Leypsiq appelyasiya məhkəməsi burkininin məsələnin həlli üçün adekvat variant olduğu barədə aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.
Hakim, qızın oğlanlarla bir hovuzda açıq-saçıq çimərlik paltarında üzməkdən qorxmasını qətiyyən nəzərə almayıb. Hakim qərarının ən maraqlı hissəsində isə deyilir ki, “dini sitayış azadlığı, gündəlik vəzifələrdən azad olmaq hüququ vermir”. Qaldı oğlanlarla fiziki kontaktdan qaçılmasına, diribaş müəllimlər və əlbəttə, qızın özünün ehtiyatlılığı bunu təmin edə bilər.
“The Economist”ə görə bu qərarın sətirləri arasından bunu oxumaq mümkündür ki, əgər qız sahillərdə günəş vannası qəbul edənləri, küçə və parklarda açıq-saçıq paltarlarda, bəzən isə ümumiyyətlə paltarsız gəzən və uzanan adamları görməklə təcavüzə məruz qaldığını düşünürsə, deməli, Almaniya onun üçün məskən ölkə ola bilməz.
Hakimin nəzərində burkini qıza “dini dəyərlərini başqalarına təlqin etmədən qorumaq” imkanı verir. Başqalarına təlqin etmədən!
Almaniyadakı müsəlman qruplar bu məhkəmə qərarına qarışıq reaksiya veriblər. Bir tərəfdən onlar məmnundurlar ki, indi burkini üzgüçülük hovuzlarında məqbul geyim forması hesab edilir, lakin digər tərəfdən hər halda istərdilər ki, fərdlərin hər hansı tədbirlərdə iştirak etməmək arzusuna hörmət qoyulsun.
BRİTANİYADA QAYDALAR FƏRQLİDİR
Lakin əgər Almaniya üzgüçülük sahəsində konsensusa doğru hərəkət edirsə, Britaniya, necə deyərlər, hələ də suda ayaq üstündə dayanmağa cəhdlər göstərir.
Keçən həftə üzgüçülük hovuzunun gözətçiləri 33 həftəlik hamiləliyini örtmək üçün çimərlik paltarının üstündən jilet geyinmiş hamilə qadını gigiyena mülahizələri ilə hovuza buraxmayıblar.
Həmin qadın – Amanda Burch şikayət edib ki, həmin vaxt hovuzda az qala geyimli-kecimli üzən başqa müsəlman qadınlar olub. Lakin ona izah ediblər ki, çimərlik paltarına yalnız dini mülahizələrlə nə isə əlavə edilə bilər.
GƏLMƏLƏRƏ OLAR, YERLİLƏRƏ YOX?
Belə çıxıb ki, mühacir əsilli qadınlar istədikləri şəkildə hərəkət etmək azadlığına malik olduqları halda, köklü-əsilli vətəndaş belə bir hüquqdan məhrum edilib.
Bu hadisə barədə mətbuat geniş yazıb və onun absurdluğu o qədər açıqdır ki, hovuzun rəhbərliyi üzr istəyib və insidenti araşdırmağı vəd edib.
“The Ecionomist” yazır ki, gözətçilər “ilişmək” üçün namünasib adam tapıblar.
“Azadlıq” radiosu