Aygün Kazımova ilə Röyanın barışıq detalları - ÖZƏL AÇIQLAMALAR
22 aprel 2013 13:19 (UTC +04:00)

Aygün Kazımova ilə Röyanın barışıq detalları - ÖZƏL AÇIQLAMALAR

Şou-biznesin əsas simalarından olan xalq artisti Aygün Kazımova və estrada ulduzu Röya Ayxanın barışması haqda xəbərlər dolaşır. Yayılan şayiələrdə iki məşhur simanın dostlar tərəfindən barışdırılmasının planlaşdırıldığı qeyd olunur.

 

Əldə olunan özəl məlumata görə barışığın təşəbbüskarı sırasında Röyanın yaxın dostu Rəhim Rəhimli və radio aparıcısı Kazım Bağırovun adı çəkilir. 

 

Lent.az-a açıqlama verən Röya məsələ ilə bağlı danışmaq istəməsə də yazının dərc olunmasına etiraz etmədi: "Hər kəs yaxşı bilir ki, mən bu mövzu haqda danışmıram. Adını çəkdiyiniz şəxs haqda heç bir açıqlama verməyəcəm. Burdan da hər kəsə müraciət edirəm, bu məsələ ilə bağlı heç kim mənə müraciət etməsin".

 

Eyni mövqedə Aygün Kazımova da dayandı. Zəngimizə cavab verən xalq artisti məsələni eşidənə qədər olduqca mehriban danışsa da Röyanın adı çəkilincə "mətbuat katibimə müraciət edin" dedi və dərhal dəstək asıldı.

 

Barışıq məsələsində ən çox adı hallanan və adəti üzrə jurnalistlərə açıqlama verməkdən imtina edən Rəhim Rəhimli Lent.az-a danışdı. Müğənni xəbəri təsdiqlədi və olduqca maraqlı açıqlama etdi: "Röya Ayxan və Aygün Kazımova Azərbaycanın iki sevilən sənətçisidir. Bu iki xanımın intriqada olması ortaq dostları da üzür. Mən istəyirəm onları barışdırım. Amma bu haqda Röya xanımla heç danışmamışam. Mən Röyanın yaxın dostuyam. Heç vaxt icazə vermərəm ki, kimsə ona zərbə vursun. Elə vaxtlar olub ki, mən Röyadan xəbərsiz onun telefonuna gələn zəngi əngəlləmişəm. Kimsə onun kefini korlamasın deyə. Çünki ortada o qədər söz-aparıb gətirənlər var ki. Kimsə onların üz-üzə gəlməsini təşkil etməlidir. Mən Röyanın, Kazım da Aygün Kazımovanın dostudur. Ancaq Kazımla da biz dostuq".

 

Rəhim onu da əlavə etdi ki, Aygün Kazımova ilə Röya biri-birinin uğuruna sevinən insanlardır: "Onların münasibəti olmasa da biri-birinin uğuruna sevinirlər və yaradıcılığı ilə maraqlanırlar. Axı ortada sənət var. Onlar iki ən çox sevilən sənətçilərdir. İnanın ki, onların uğuru elə bizim hər birimizin uğurudur. Röya xanımın Fransada, Aygün xanımın Hollivudda klip çəkdirməsi bütün Azərbaycan şou-biznesinin sevincidir. Aygün Kazımova məndən Röyanın klip haqda maraqlandı. Hətta dedi ki, onun uğurlarına sevinir. Bilirəm ki, Röya xanım da sevinir. Mən birmənalı olaraq Röyanın dostu olsam da, Aygün Kazımovanın komandasının da yanındayam. Heç birindən də köməyimi əsirgəmərəm".

 

Qeyd etməyə dəyər ki, Aygün Kazımova və Röya həqiqətən Azərbaycan şou-biznesində ayrı-ayrılıqda eyni zirvəni paylaşan simalardır. Bu gün Aygün Kazımova ilə Röya Ayxan barışsa da, səhər yenə qarşı-qarşıya gələcəklər. Çünki hər iki sənətçinin ən böyük stimulu elə biri-biridir. Onlar məhz biri-biri ilə bəhsə girib, dünyanı fəth etməyə belə hazırdırlar. Ancaq unutmayaq ki, kin saxlamaq insanın daxilini parçalayır.

 

Türkan Məmmədli

 

# 3136
avatar

Oxşar yazılar