Yanvarın 26-da 43 yaşını qeyd edən xalq artisti Aygün Kazımovanın ad günü ilə bağlı xəbərlər səngimək bilmir.
Press24.az-ın əldə etdiyi məlumata görə, ATV telekanalıın “Nə varsa” verilişinin canlı efirində keçirilən ad günü bir sıra maraqlı və qalmaqallı məqamlarla yadda qalıb.
Məlum olmayan səbəblərdən canlı efirə həddən artıq əsəbi halda qatılan və təxminən iki saatlıq veriliş müddətində bunu biruzə verməməyə çalışan Diva sonda bütün hirsini prodüseri Tolikdən çıxıb. Aygün Kazımovanın verilişə dəvət edilmiş müğənnilərdən biri ilə duet oxumasına mane olan Toliklə xalq artisti arasında gərgin anlar yaşanıb. Bu münaqişə verilişin reklam fasiləsi zamanı daha da böyüyüb və sonda Tolikin Aygünün ünvanına ağır sözlər deyərək studiyanı tərk etməsilə nəticələnib.
Veriliş zamanı diqqətçəkən məqamlardan biri də proqrama dəvət ounmuş şou-biznes nümayəndələrinin Divanın şad gününə əliboş gəlmələri olub. Belə ki, gənc müğənni Orxan Babazadə və məşhur şoumen Murad Dadaşovdan savayı, xalq artistinə kimsə hədiyyə təqdim etməyib.
Maraqlıdır ki, Aygün Kazımovanın yanvarın 27-də paytaxtdakı əyləncə mərkəzlərindən birində doğmaları və dostlarının əhatəsində keçirtdiyi ad günü karnavalı da hədiyyəsiz baş tutub. Press24.az-ın əldə etdiyi məlumata görə, həmkarlarının hamısı Divaya içərisində ən azı min manat pul olan zərf təqdim ediblər.
Qeyd edək ki, bu, xalq artistinin sənət dostlarından hədiyyə deyil, pul aldığı ilk ad günü olub.