<b>“Alış-verişə gecələr gedirəm”</b> - <span style="color:red;">REPORTAJ
01 fevral 2014 13:30 (UTC +04:00)

“Alış-verişə gecələr gedirəm” - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, “Bazarlıq” layihəsinə start verdik: İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Bu gün Lent.az-ın “Bazarlıq”ında azərbaycanlı müğənni Niyam Səlamidir.

 

 

 

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu. Alış-verişə prodüseri Rəmzi Baxışovla birgə gəlmişdi.

 

Marketə daxil oluruq. Dükanın rəhbərliyi gəlişimizin məqsədini bilib, çəkilişə razılıq verir.

 

 

- Xoş gördük sizləri. İlk öncə soruşaq ki, yaradıcılıq işlərinizdə nə yenilik var?

 

- Məndə sizləri və saytınızın oxucularını salamlayıram. Yaradıcılıq işlərimlə bağlı yeniliklərim çoxdur. Yeni hazır mahnılarım da var. Elə bu yaxında ilk işimi,  “Axtarma məni” adlı mahnımı dinləyicilərin ixtiyarına verdim. Yeniliklər çoxdur. Sadəcə, mahnılarım tam hazır olduqdan sonra nə isə söyləyə bilərəm.

 

- Sizinlə ötən həftə görüşməli idik, səhhətinizdə yaranan problemlərə görə təxirə saldıq. Nəhayət, bu gün görüşəsi olduq. Əvvəla onu deyin görək, alış-verişlə aranız varmı?

 

- Hə, bir az naxoşlamışdım. İndi yaxşıyam. O ki, qaldı alış-veriş işinə, bazarlıq etməyi çox sevirəm. Və bunu özüm edirəm. Amma işlərimin çox olduğundan, gec-gec super-marketlərə gedirəm. Özü də gecə saatlarında.

 

- Bəs bu gün nə almaq fikriniz var?

 

- (Bir qədər düşünür...) Nə bilim, baxım görüm nə lazım olsa. Amma deyim ki, evə bir neçə gün öncə alış-veriş etmişəm. Odur ki, çox şey almayacam.

 

 

- Alış-verişə hansı şöbədən başlayaq?

 

- Elə meyvə tərəvəz məhsullarından. Soğan, pomidor və heyva alacam.

 

Dediyi kimi də edir. Hərəsindən 1 kiloqram olmaqla soğan, pomidor, heyva, alır.

 

- Niyam, evdə yemək işinə kim baxır?

 

- Evdə bütün yeməkləri özüm hazırlayıram. Bunu mənim üçün edən şəxs yoxdur. Özümə hansı yemək lazım oldusa, hazırlayıram. Başqası hazırlasa belə, mən hazırladığım yemək qədər ürəyimə yatmayacaq. 

 

- Bəs ən çox hansı yeməyi bişirirsən? Xüsusi sevdiyin yemək varmı?

 

- Balıq ətindən hazırlanan bütün yeməkləri sevirəm. Özüm də çox gözəl hazırlayıram.

 

- Bəs sevmədiyiniz yemək?

 

- Demək olar ki, bütün yeməkləri xoşlayıram. Amma dəniz yosunları, dəniz otlarından hazırlanmış yeməklərini çıxmaq şərti ilə. Ondan savayı, başqalarını sevə-sevə yeyirəm.

 

Ağartı məhsulları satılan şöbədəyik.

 

Ağartı məhsulları ilə aran necədir? Qatıq, pendir, süd?

 

- Belə də normal. Amma buradan çox şey almayacam. Təzəlikcə almışam.  Elə bir ədəd xama götürüm, keçək digər şöbəyə.

 

Un məhsulları satılan bölmədən makaron, qarabaşaq yarması, alır.

 

 

Parfümeriya məhsulları satılan şöbədəyik.

 

- Buradan elə də çox şey almayacam. Bir ədəd paltar təmizləyici götürəcəm. Başqa heç nə.

 

 

- Diqqət edirəm, aldığın məhsulların keyfiyyət nişanına çox diqqətlə baxırsan. Hər zaman beləsən, yoxsa?

 

- Əlbəttə, hər zaman mən məhsul seçərkən, diqqət edirəm. Sizə deyim ki, əsasən də yerli məhsullara daha çox üstünlük verirəm. Yerli məhsul daha təbiidir. Bu da alıcını daha da məmnun edir.  Mən hər kəsə də tövsiyə edərdim ki, bir məhsulu almadan öncə, onun keyfiyyət nişanına diqqət yetirsinlər. Bu, insan səhhəti üçün əsasdır.

 

Şirniyyat şöbəsindəyik.

 

- Deyəsən şirniyyatla aran yaxşıdır?

 

- Hə, çox xoşlayıram. Amma yenə də yerli istehsaldan olan şirniyyat alacam. Ümumiyyətlə, şirniyyatla aram yaxşıdır. Hər gün çayla içirəm.

 

 

Hərəsindən 1 kiloqram olmaqla konfet, şokolad alıb, alış-verişi yekunlaşdırmağa qərar verir.

 

- Mənə elə gəlir ki, nə lazım idisə aldım. Reportaja görə alış-veriş etmədim. Nə lazım idisə, onu da aldım.

 

Kassaya yaxınlaşırıq. Kassir xanım malları bir-bir hesabladıqca, müğənni pul kisəsinin ağzını açır.

 

- Niyam, səncə, bu gün neçə manatlıq alış-veriş etdin?

 

- Dəqiq nəsə deyə bilmərəm. İndi baxaq görək, kassir xanım nə qədər deyəcək? Qiymət fərq etməz, ən əsası istədiyim məhsulları əldə etdim.

 

***

 

Beləliklə, Niyam Səlaminin aldığı məhsullar hesablanır. Sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 39 manat, 86 qəpik...

 

 

# 2687
avatar

Yalçın UĞUR

Oxşar yazılar