APA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və İdman naziri Azad Rəhimov qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizdə "Univision" tələbələrin Beynəlxalq Mahnı müsabiqəsi keçirilir: “Müsabiqə artıq geniş vüsət alıb. Bu da bizi sevindirir. Biz çalışırıq ki, belə maraqlı layihələr tez-tez həyata keçirilsin". Nazir vurğulayıb ki, bu gün ölkədə reallaşdırılan dövlət gənclər siyasəti istedadlı gənclərin inkişafını dəstəkləyir.
Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün 20 fərqli ölkədən Azərbaycana qonaqların gəlməsi onu çox sevindirir: "Mən məmnunam ki, bu gənclər həm mədəniyyəti təbliğ etmək üçün, həm də turist kimi paytaxtımıza səfər edib. Eyni zamanda mən sevinirəm ki, bu gün tələbələrin arasında bu qədər istedadlı gənclər var. Ümidvaram ki, layiqli iştirakçı qalib olacaq. İstərdim ki bu müsabiqə ənənəvi hal alsın".
Çıxışlardan sonra ifaçılar mahnılarını səsləndiriblər. Azərbaycanı ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edib. O öz ifasını 8-ci nömrədə təqdim edib.
Müsabiqədə birinci yerin qalibi İndoneziya, ikinci yerin qalibi Azərbaycan, üçüncü yerin qalibi isə Ukrayna olub.
Qeyd edək ki, "Univision" tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə - Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Qazaxıstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edib. Müsabiqənin ümumi mükafat fondu 6000 avro təşkil edir.