Bir neçə gün öncə “Space” kanalının “Günaydın” verilişində müğənni Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb.
Musavat.com-un xəbərinə görə, qalmaqala səbəb proqram zamanı cütlüyün verilişin aparıcısı Vüsalə Kərimovaya qarşı qərəzli davranması və Təranə Səmədovanın buna müdaxilə etməsi olub.
Verilişin aparıcısı Musa Musayevə bir zamanlar qalmaqala səbəb olan ailə münasibətləri haqda sual verib. M.Musayev isə bundan qəzəblənib və “bütün Azərbaycan bilir ki, məndə psixoloji problemlər oldu deyə, belə etdim” deyə cavab verib. Bu zaman söhbətə prodüser Təranə Səmədova müdaxilə edib: “Psixoloji probleminiz varsa, altı ay efirə çıxmayın, oturun evdə. Şəxsi həyatınızdan savayı, bir müğənni kimi hansı mahnınız son dövrlərdə aktual olub? Mahnı çıxardın ki, biz də sizdən mahnı istəyək. Siz bu cür məsələlərlə şou-biznesi cılızlaşdırmısınız”.
Prodüserin sözlərinə əsəbiləşən Musa qəfil qışqırıb, nalayiq ifadələr işlədib. Əsəbilərinə hakim ola bilməyən müğənni masaya təpik vurub, stəkanı sındırıb. Daha sonra prodüserə hücum çəkib. Bu zaman onun qarşısını Təranə Qumral alıb.
Məsələ ilə bağlı hazırkı vəziyyət barədə musavat.com-a danışan prodüser Təranə Səmədova deyib ki, Təranə Qumral onunla barışığa gəlmək istəyir: “Veriliş efirə gedən zaman efir etikasına uyğun olaraq nalayiq ifadələr işlədilən məqamlarda siqnal səsi verilirdi. Musa Musayevin orada səsləndirdiyi ifadələrin hər biri mənə ünvanlanmamışdı. Belə bir misal var ki, adam imam üçün ağlayanda, yezid üçün də ağlayar. Bilmirəm o yeziddi, ya yox. Sadəcə olaraq sözümü ona gətirmək istəyirəm ki, orada işlətdiyi sözlərin hamısı mənə aid deyildi. Musa Musayevin əsəbləri yerində olmadığı üçün ağzından etikadan kənar ifadələr çıxardırdı. Hər bir insan bir fərddir. Mən hər bir insanın özünə görə hörmət qoyuram. Vaxtı ilə Musanın ailədaxili söhbətləri gündəmə gətirməsini tənqid etmişdim. Mənim o insanla şəxsi-qərəzliyim yoxdur ki, ona qarşı da bir kinim olsun. İnsan əsəbi olanda özünü cilovlaya bilmir. Müəyyən vaxt keçəndən sonra Təranə Qumral bir neçə adamdan xahiş edib ki, mənə zəng etsinlər barışığa gələk. Mənim onlarla düşmənçiliyim yoxdur ki, bağışlayım. Mən onların özlərinə görə tənqid eləmişəm. Bu tənqid istər onların xoşlarına gəlsin, istər gəlməsin”.
T.Səmədova deyib ki, bundan sonra Musa Musayevlə qırğına, davaya çıxası deyil: “Mənim onların qarşısında ya hansısa acizliyim, ya da ki, diliqısalığım yoxdur. Buna görə də hər bir addımı düşünərək ölçüb biçsinlər ki, sabahı gün bu özlərinə problem yaratmasın”.