Türkiyəli məşhur aktrisa Zeynep Beşerler və iş adamı Emir İçgörenin evliliklərini bitirmək qərarına gəldiyi iddia edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, evliliklərini gözdən uzaq yaşayan məşhur cütlüyün bir müddət problem yaşadığı və sonda boşanmaq qərarına gəldiyi deyilib.
Emir İçgörenin boşanma qərarından sonra Beşerlərlə birlikdə yaşadığı evi tərk edərək Etilerdə özünə yeni mənzil kirayələməsi də iddialar arasında olub. Ayrılıq xəbərinin mətbuatda yer almasından sonra Zeynep Beşerlərin meneceri Elif Akça açıqlama verib. Xəbərin həqiqəti əks etdirmədiyini deyən Akça cütlüyün evliliyində heç bir problem olmadığını bildirib.
Beşerler və İçgörenin İstanbul zəlzələsindən qorxduqları üçün yaşadıqları evi dəyişmək istədikləri və buna görə də məşhur iş adamının möhkəm zəminli ərazilərdə ev axtardığı öyrənilib. Zeynep Beşerlerin yeni tamaşasının məşqlərinə görə, Emir İçgörenin ara-sıra daşınmaz əmlak agentlərini tək başına ziyarət etdiyi və bu vəziyyətin dedi-qoduya səbəb ola biləcəyi açıqlanıb. Məşhur cütlüyün hələ də özlərinə uyğun ev tapmadığı da bildirilib.