"Hərdən gülməyim gəlir. Pul-param yoxdur ki, məni kasıbladasınız. Nəyim var ki? Ay eviniz yıxılmasın, məndən nə istəyirsiniz? Yanmış evim, zorla çörək tapan bir anayam, zülmkeş qadınam... Allahdan qorxmadınız, ay zalımlar, ay bədbəxtlər?
Lent.az xəbər verir ki, bu sözləri şairə Cığatel İsaqızı "Onun sirri" verilişində deyib. O, ona qarşı aparılmış qara kampaniyadan danışıb:
"Qorxaq deyiləm a, həssasam. Abırlı, həyalı qadınam. Mənim də evdə həyat yoldaşım, cavan, dəliqanlı oğlum var. İstəmədim üzə çıxsın və bu proses 4 il çəkdi. Paylaşdığım şeirlərin altına gizli-gizli yazırdılar, qaralayırdılar. Elə divanilər, dərin şeirlər yazdım ki, təşəkkür edirəm onlara. O qədər heç nə tapa bilmədilər ki, maketlərimi düzəltdilər. Mənə dost, rəfiqə də düzəltdilər. Adam gəldi, mənimlə dost oldu. Mənə "ana" dedi, mənə övlad oldu. Guya anası ölüb, mən də anasına oxşayıram. Belə-belə hislərimlə oynadılar. İşin içindən düzlüyümlə çıxdım. Ən gözəl biclik düzlükdür.
İş o yerə gəlib çıxdı ki, arxamca paparazzi qoşdular. Paltar sərirəm, mesaj gəlir ki, qırmızı şalvar sərmisən. Küçədə gedirəm, yazırlar ki, filan mağazanın yanından keçdin. Qızıma da, mənə də dəfələrlə belə şantajlı mesajlar gəlirdi. Polisə müraciət etməyə də həm abrımdan qorxdum, həm də istəyirdilər polis şöbəsindən çıxan yerdə şəklimi çəkələr. Dörd il səbr etdim, axırda həyat yoldaşımla oğluma dedim. Dedim ki, sizdən dörd ildir gizlətmişəm. Həyat yoldşaım dedi ki, niyə gizlətmisən? Mən sənin arxandayam. İş gəldi o yerə çatdı ki, onlar içlərində bir-birini qırdılar. Yəni, o qədər şəbəkə şəklində idilər. Bir-birilərini satdılar."