“İstənilən xalq artistini susdura bilərəm” - Mehinlə QALMAQALLI MÜSAHİBƏ
13 sentyabr 2023 15:16 (UTC +04:00)

“İstənilən xalq artistini susdura bilərəm” - Mehinlə QALMAQALLI MÜSAHİBƏ

Lent.az-ın müsahibi istedadlı müğənni və teleaparıcı Mehin Hümbətovadır.

 Hər zaman o müsahibə alırdı, bu dəfə özü sorğu-sual olunur. Maraqlıdır ki, çoxdan göz önündə olsa da, bu onun ilk müsahibəsidir. Söhbətə onun yeni, “Sən yoxsan” adlı mahnısına çəkilmiş yeni klipi ilə başlayırıq.

- Mehin, son klipinizdə yaratdığınız obraz vamp, amazon qadınları xatırladır. Bu obrazın sizə bənzərliyi var?

- Hər nə qədər kənardan zərif, incə görünürəmsə, bir o qədər də güclü qadınam. Öz ayaqlarım üstə dayanmağı bacarıram. Döyüşçü qadın obrazındayam. Həyat mübarizədir.

- Bəs bu zərif formanı qorumaq üçün nə edirsiniz? Bu arada saçlarınızın gözəlliyini qeyd etməsəm olmaz.

- İdman, pəhriz, yüksək enerji. Şəkər və çörəkdən uzaq dayanıram. Saçlara gəlincə, alışmışam buruq saçlarıma. Başqa saç stilini özümə yaraşdırmıram.

- Mehin bir zamanlar göz önündəydi, oxudu, kliplər çəkdirdi, sonra kölgəyə çəkildi. Niyə getdi, niyə döndü?

- Əslində tamamilə uzaqlaşmamışdım. Musiqi Akademiyasını bitirdikdən sonra Heydər Əliyev adına sarayda rejissor kimi çalışdım, səhnənin önündə olmasam da, arxasında idim. Dövlət tədbirlərinin və konsertlərin rejissoru idim. İfaçılığa davam etmədim, çünki müğənnilər haqqında  xoş olmayan rəy yaranmışdı cəmiyyətdə. Layiq olan, olmayan, hamı səhnədə idi, ifaçılar hörmətdən düşdülər. Təxminən 10 il öncədən danışıram. Sonra ələnə-ələnə ən yaxşılar qaldı ortada. Rəqabət olduğuna görə də inkişaf var. Yeni düşüncəli ifaçılar gəldiyi üçün hesab etdim ki, ifaçılığa davam etmək olar.

- Rejissor kimi fəaliyyətə davam etdiniz?

- Yox. Oradan çıxdım, dövlət televiziyasına aparıcı kimi təklif aldım.

-  Amma oradan da incik ayrıldınız deyəsən.

- İnciklik deyildi. Sadəcə komandaya qoşulmaq idi bu. İstirahətdə olanda rejissor zəng vurdu ki, sən pulsuz işləməyə hazırsan? Mən düşündüm ki, mən hazıram, bəs ailə saxlayanlar nə eləsin? 30 nəfərlik komanda idik. Dedim komanda gedirsə, mən də gedirəm. Sonra İctimai TV-dən təklif gəldi, orda özümü görə bilmədim. Hazırda ATV də “7 özəl” adlı proqramın aparıcısıyam. Müxtəlif tədbirlərə aparıcı kimi qatılıram, bəzi brendlərin reklam üzü kimi çıxış edirəm.

- Toylara gedirsiniz?

- Yox. Toy oxumaq heç də asan deyil və toy məktəbdir. Mən bu gün ən yaxşı toy  aparıcılarından sayılan müğənnilər Zamiqlə, Abbasla tanışam. Necə zəhmət çəkdiklərini görürəm. Mən yəqin ki, 5-6 saat 500-1000 nəfərlik qonağın qarşısında oxumazdım.

- Sizin janrın ifaçılarını toylara çox dəvət edirlər?

- Sevda Ələkbərzadə, Tünzalə Ağayeva da caz stilində oxuyurlar, amma toylara dəvət alırlar. Toy biznesindən gəlir götürməyi düşünən müğənni ora uyğun mahnılar da yazdırır. Ümumiyyətlə, ifaçını dəvət edən adam tanıyıb çağırır.

- Sizi aktrisa Pərvin Abıyevaya çox bənzətdim. Bu plastik əməliyyatların nəticəsidir, qohumluqdur, ya genetikadır?\

- Yalnız burnumda plastik əməliyyatım olub, bir az  burnum küftəyə oxşayırdı (gülür). Azərbaycanlıyıq, bəlkə oxşarlıq oradan irəli gəlir. Simaca bənzər olmaq narahatlıq yaratmır, gözəl qadındır, amma həyat tərzi, düşüncə tərzi, intellektual səviyyəsi mənlik deyil.

- Eşitdim müğənni Hisslə aranız dəyib.

- Səhnəyə çıxdığı gündən onu dinləyirəm, bəyənirəm. Dəstək olmuşam. Amma mən tənqidə açıq insanları sevirəm. Düzə düz əyriyə əyri deyirəm. İfalarını bəyənirəmsə, o demək deyil ki, həmişə tərifləməliyəm. Verilişimdə onun haqqında tənqid səsləndirdim, Hiss küsdü. Bu mənim platformamdır və fikirlərimi söyləmək ixtiyarım var. “Formula1” yarışları zamanı konsertdə Hisslə Səmra çıxış eləmişdilər. Səmra publikanı ələ almağı, öz enerjisini ötürməyi bacardı. Özünü sübut etdi. Hissdə bu yoxdur. Hissin Səmradan daha yaxşı izləyici kütləsi var, amma ələ ala bilmədi. O radioda çıxış etsin, efirdə klipləri təqdim olunsun, amma danışmasın. Danışanda özünü bir pillə aşağı salır. Onun danışmaq, özünü ifadə etmək problemi var. 

- O  bundan incidi?

- Tənqid insanı inkişaf etdirməlidir. Mənim ona münasibətim dəyişmədi. Yenə ona qulaq asıram. Bu yaxınlarda İctimai TV-nin bir layihəsi çərçivəsində kulisdə görüşdük. Hiss səhnəyə çıxacaqdı. Göbəyi açıq geyimdəydi. Halbuki həmişə açıq geyimlərlə səhnəyə çıxanları qınayırdı, tənqid edirdi. Geyinmək olar, amma buna sənin bədən forman yol verirsə. Dedim hamını kəsib doğrayırsan ki, geyim belə geyim elə. Cavabı nə olsa yaxşıdır? “Hə indi Şövkət yerində fırlanır”. Böyük sənətkarımız Şövkət Ələkbərovanın mahnısıyla efirə çıxacaqdı. Bilirsinizmi insanın danışığı ilə hərəkətləri üst-üstə düşməlidir. Hiss heç də yazıq deyil, əksinə ətrafındakılara öz sözünü yeridir, sərt xarakteri var. Yazıq obrazı, həyat hekayəsi ilə duyğu sümürüb, sevgi qazanmaq ucuzluqdur.

- Azərbaycanlı ifaçılardan kimi dinləməyi sevirsiniz?

- Hissi qeyd etdim. Əvvəllər yaxşı işlər çıxarırdı, son dövrlər şəxsi problemlərə başı qarışıbdır ya nədəndir, əvvəlki kimi deyil. Aysel Məmmədovanın uğurlu, keyfiyyətli işləri var. Başqa indi ağlıma gəlmir. Röya xanımın adını çəkmək artıq işdir. O ən pikdədir. Onun inkişaf yolu motivasiya verir. Hər mövsümdə ard-arda 3 gün konsert verməyi gənc ifaçılara stimuldur.  

- Röya Ayxan yoxsa, Aygün Kazımova. Hansı divadır?

- Zövqlər fərqlidir, ona görə bu suala cavab vermək istəməzdim. Aygün xanım Azərbaycan şou-biznesinin inqilabçısı idi. Bunu demək lazımdır. Məncə indi dövr Röya dövrüdür. Hansı sənətçi konsert zalını doldurursa dövr onundur. Yox əgər konsertə cəsarət etmirsə, kiçik zalı belə doldura bilmirsə deməli artıq...

- Bir zamanlar ekranlarda ulduz yağışı var idi. Təxminən 15 il öncə. Ekranlarda hər həftə yeni mahnı təqdimatı, kliplər, konsertlər. Sonra durğunluq yarandı, ulduzlar görünməz oldular. Niyə bu baş verdi? 

- Məncə günah hamısı telekanallardadır. Bazara çevirdilər efirləri. Bir müğənni əziyyət çəkib mahnı yazdırır, klip çəkdirir, niyə efirə çıxmaq üçün pul verməlidir? İstedadı, işi olmayanlar pul verib efirlərə çıxdılar. Sözünü, yerini, həddini bilməyən aparıcılar meydan suladılar. O vaxt ölkənin ən baxımlı telekanalının rəhbəri kanalı ucuz bazara çevirdi, bayağılar gəlib yaradıcı adamların önünə keçdilər. Kanal rəhbərlərinin bu məsələdə günahı çoxdur. Nə danışdığını bilməyən, çağırdığı qonağa hörmət qoymayan, gəvəzə, intellekti aşağı səviyyəli aparıcıların da günahı çoxdur.

- Kifayət qədər güclü qadın təsiri bağışlayırsınız. Dedi-qodular yəqin ki, yox deyil. Bu incidir?

- Bu mənim üçün o qədər önəmsizdir ki... 16 yaşımda "Xalq ulduzu" ilə ilk dəfə səhnəyə çıxdım, bu aləmdən xəbərdar oldum. 20-22 yaşımda dedi-qodular məni ağrıdardı. İndi karyerası, işi, öz biznesi olan qadınam, kimin sözü mənə nə təsir edə bilər?

- Biznesiniz hansı sahədədir?

- Bu barədə danışmayacam. Bir onu deyə bilərəm ki, şou-biznes sahəsində deyil. Bu sahəyə inanıb sərmayə qoymazdım. Maksimum dərəcədə şou insanlarından uzaq olmağa çalışıram.

- Amma bu sənətin içindəsiniz, niyə uzaq durursunuz?

- Təhsilim incəsənət üzrədir və mən işimi görürəm. Şou-biznes sahəsində dostlarım yoxdur və buna can atmıram. Çünki şou-biznes aləmində intellektual səviyyə, şəxsi dəyərlər, həyata baxış olaraq heç kəsi özümə uyğun görmürəm. Məndən uzaq, Allaha yaxın olsunlar. Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişəm, 11 il muğam dərsi almışam, müəllimlərim rəhmətlik Əlibaba Məmmədov, Qəzənfər Abbasov olublar. Rəşad Həşimovdan cazı öyrənmişəm.  Musiqi Akademiyasında Xuraman Qasımovanın sinfində oxumuşam. Korifeylərdən dərs almışam. Bu gün istənilən xalq artistini öz sənətimlə susdura bilərəm. Dilim də var dilçəyimdə. İşimi bilməyimdən irəli gəlir bu özgüvən. Mən məşhur olmaq, toylara getmək, göz önündə olmaq üçün oxumuram, Allahın verdiyi vergini dəyərləndirirəm. 

- Bir zamanlar sponsor söhbəti var idi və bu kəlmə heç də birmənalı qəbul olunmurdu. Sponsorunuz var? Ümumiyyətlə, bu gün Azərbaycanda şou biznesə böyük yatırımlar edən şirkətlər varmı? 

- Mənə çox maraqlıdır ki, sponsorluq təklifi necə gəlir? Əgər sözün həqiqi mənasında sponsoru olsaydı, məsələn Aygün Kazımova Ajdda Pekkan statusunda müğənni olardı. Aygün xanım Amerikada bir klipi çəkilsin deyə evini satmışdı. Sponsor buna imkan verməməlidir. Düzünü deyim, mən sənət üçün belə böyük qurbanlar verməzdim. Yalnız öz işlərimə maliyyə yatırıram.

 - Yatırımları geri ala bilirsiniz?

-  Şükür Allaha, alınır.

-  Aktrisa kimi də dəvətlər almısınız. Aparıcı, aktrisa, yoxsa müğənnilik? Hansında daha rahat hiss edirsiniz?

-  “Muradına çatan Günəş”, “Niyə” komediyası və bir də böyük ekranlar üçün nəzərdə tutulmuş bir filmdə çəkilmişdim. Məncə aktrisalıq məndə yaxşı alınır. Amma daha könlümə yatan rollar olana qədər çəkilməyəcəyəm. Müğənni kimi özümü daha rahat ifadə edə bilirəm.

- Mehinin şəxsi həyatı barədə də bilmək istərdik...

- 30 yaşım var. Bakıda doğulmuşam. 3 bacıyıq. Gözümü açandan anam dövlət işində işləyir. Mental basqılarımız olmayıb. Anamla yaşayıram. Subayam.  

- Belə özgüvənli, güclü bir xanımın ürəyini qazanmaq, onu ram etmək də asan olmaz deyə düşündüm.

- Əksinə, kişilər güclü xanımı həzm edə, yanında dayana bilmirlər. Ailə qurmaq barədə düşünmürəm. Ərə getdi, uşağı oldu desinlər xətrinə ərə gedim, sonra boşanaram demək mənlik deyil. Qızlara çox məna yükləyirik, qız uşaq doğmalı, ailəyə baxmalı, qayınana-qayınataya xidmət etməli... Sən hamıya xidmət göstərməlisən? Bəs niyə yaşayırıq?  Dünyagörüşü, həyata baxışları mənimlə üst-üstə düşən, güclü bir insan olsa bəlkə bu barədə düşünərəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21690
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07