Bu gün Əməkdar artist Dilarə Əliyevanın ad günüdür.
Lent.az 50 yaşını qeyd edən aktrisanın ürək sözlərini onu sevənlərə çatdırmaq istədi.
“Özümə də, xalqıma da ilk növbədə əmin-amanlıq, hüzur arzulayıram. Ondan sonra hər şey yoluna düşəcək. Aktrisa olaraq yeni-yeni uğurlu rollar üzərində işləmək istəyirəm.
2 gün sonra bizim Oqtayla (həyat yoldaşı, prodüsser Oqtay Əliyev-red.) evliliyimizin 30-cu ili tamam olur. Deyirlər, bu dünyada o adamla evlənməlisən ki, onunla danışmağa sözün olacaq. Bizim sözümüz, söhbətimiz bitməyib. 30 ildir şirin anlaşmalar və anlaşılmazlıqlar olub. Baxmayaraq ki, evdə də birlikdəyik, işdə də, iş yoldaşlarımız da eyni mühitin insanlarıdır. Bu ailə üçün Allaha çox şükranam”, - aktrisa bildirib.
50 yaşdan çoxları, xüsusən qadınlar qorxur. Görəsən, Dilarə Əliyeva necə?
“20 yaşım olanda 50 yaş demək mənim üçün qoca ağsaqqal, ağbirçək demək idi. Yaman qorxurdum bu yaşdan. Amma indi gəlib bu yaşa çatmışam və güzgüyə baxmaqdan qorxmuram. Gənc görünmək üçün də daima məni sevən adamların əhatəsində olmağa, ruhumu qorumağa can atıram. Bir də vitaminləriimi, minerallarımı vaxtı-vaxtında alıb, sağlığıma diqqət edirəm”.
Dilarə xanım aldığı ən yaddaqalan, bahalı ad günü hədiyyəsinin isə sevgi və duyğular olduğunu bildirib.