El içində “Dədə Süleyman” adıyla anılan mərhum xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev çöllərdə səfil həyat yaşadığını, bacı-qardaşlarının atasının mülkündən ona pay vermədiklərini bildirib.
Lent.az-ın xəbərinə görə, ATV-də yayımlanan "Bizimləsən" proqramında Cümşüd Abdullayev bildirib ki, atası sağlığında yaşadığı evi ona verəcəyini desə də, onu həmin evə buraxmırlar. Bütün bunların səbəbkarı da bacısı Aygündür.
“Ailəmizin 3 evini bacım Aygün mənimsədi. Rəhmətlik atamdan üç ev qalmışdı. O üç ev ola-ola hazırda mən küçədə qalıram. Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm, vəziyyəti danışmışam. Dedim ki, mənə bir daxma lazımdır ki, orada qalım. Amma, onlar məni təhqir ediblər. Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır",- deyə o qeyd edib.
"Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Məndə elə etdim. O evin qiyməti isə 200 min manatdır. Atam demişdi ki, Prezident tərəfindən ona bağışlanmış evi mənə verəcək. Digər ev Yasamal ərazisində yerləşir. Həyət evidir. Atamın vəfatından 40 gün sonra oradan məni məcbur çıxartdılar. Mənə ora getməyə qadağa qoyublar”,- deyə Cümşüd Abdullayev bildirib.
Sənətkarın oğlu deyib ki, bacısı Dədə Süleymana Prezident tərəfindən bağışlanmış evin etibarnaməsini öz adına keçirib.
“Kürdəxanada, həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən Cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam bacımı 20 il danışdırmayıb. Çünki o həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.
Cümşüd Abdullayev qaynını bıçaqladığına görə həbsdə yatıb. O iddia edir ki, bacısının tələbi ilə onu psixiatrik xəstəxanaya da yerləşdiriblər.
“Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bunu onlardan pul və ev istədiyimə görə etdi”,- deyə Cümşüd bildirib.
Qeyd edək ki, Süleyman Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən ata mülkünü də aparıcı Nanə Ağamalıyevaya vəsiyyət edib.