Son günlər aktyor Taleh Yüzbəyovun rol aldığı reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Reklamda estetik əməliyyat keçirmiş qadın obrazı ilə təbii görünüşlü qadının müqayisə edilməsi müxtəlif fikirlər doğurub. Kimisi bunu uğurlu yumor nümunəsi hesab edib, kimisi isə estetik müdaxilə etdirən qadınlara qarşı hörmətsizlik kimi dəyərləndirib.
Müzakirələrin fonunda "Azərbaycanda estetik əməliyyatdan uzaq qalan məşhurlar kimlərdir?" sualı da yenidən gündəmə gəlib.
Lent.az-ın araşdırmasına görə, bəzi tanınmış simalar plastik əməliyyat etdirmədiklərini açıq şəkildə bildirib.
Onların bəzilərinin siyahısını təqdim edirik:
Afət Fərmanqızı
Müğənni Afət Fərmanqızı plastik əməliyyat etdirmədiyini dəfələrlə bildirib. O, yalnız bir dəfə botoks etdirdiyini, nəticədən razı qalmadığı üçün həmin proseduru bir daha təkrarlamadığını açıqlayıb.
Nəzakət Teymurova
Xalq artisti Nəzakət Teymurova estetik əməliyyat etdirmədiyini açıq şəkildə deyən sənətçilərdəndir. Müğənni bildirib ki, ehtiyac yaranarsa, gələcəkdə bu barədə düşünə bilər, lakin indiyədək plastik əməliyyat keçirməyib.
Səkinə İsmayılova
Xalq artisti Səkinə İsmayılova müxtəlif müsahibələrində təbiiliyin tərəfdarı olduğunu vurğulayıb. O, süni görünüşü sevmədiyini və estetik müdaxilələrə müsbət yanaşmadığını bildirib.

Həmidə Ömərova
Azərbaycan kinosunun tanınmış siması Həmidə Ömərova uzun illərdir təbii görünüşü ilə seçilir. Aktrisanın estetik əməliyyat etdirdiyini təsdiqləyən hər hansı etibarlı məlumat və ya şəxsi açıqlaması yoxdur.
Mehriban Zəki
Əməkdar artist Mehriban Zəki də görünüşündə ciddi estetik dəyişiklik etməyən aktrisalardandır. O, bu günə qədər estetik əməliyyat etdirdiyi barədə heç bir açıqlama verməyib.
Firəngiz Mütəllimova
Xalq artisti Firəngiz Mütəllimova da illərdir təbii görünüşünü qoruyan sənətçilərdən hesab olunur. Onun estetik müdaxilə etdirdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
Xuraman Şuşalı
Xuraman Şuşalı bir neçə dəfə açıqlamalarında "heç bir estetik əməliyyat etdirməmişəm, botoksum da yoxdur", deyə açıqlama verib.

Zülfiyyə Xanbabayeva
Xalq artisti illərdir təbii görünüşü ilə seçilir. Arıqlamasını mədəkiçiltmə əməliyyatı ilə əlaqələndirən iddiaları təkzib edən müğənni formada qalmasını idman və düzgün qidalanma ilə izah edib. Üzündə plastik estetik əməliyyat etdirdiyi barədə isə təsdiqlənmiş açıqlaması yoxdur.
Elnarə Xəlilova
O da estetik əməliyyat etdirməyən məşhurlardandır. Özü müsahibəsində bildirib:
"Botoks, 4D, 5D cavanlaşma, liftinqlər və s. etdirirəm. Amma estetik əməliyyatı heç vaxt etdirməmişəm və ehtiyac da duymamışam".
