Qırmızı xalılarda, mükafatlandırma mərasimlərində məşhurların əllərinə diqqət etmisinizsə, yəqin ki, fərqinə varmısınız: artıq daşlarla bəzədilmiş, uzun və diqqətçəkən dırnaqlar dəbdə deyil. Yeni lüksün adı "Bare Nails" - yəni tamamilə ojesiz, təbii və qısa dırnaqlardır. Uzun illər ərzində mütəmadi olaraq dırnaq salonlarına getmək, gel və ya protez dırnaq etdirmək varlılığın göstəricisi hesab olunurdu. Lakin bu gün büdcəyə uyğun süni dırnaqların və ev şəraitində tətbiq edilən üsulların geniş yayılması sayəsində "qüsursuz dırnaq dizaynı" artıq hər kəs üçün əlçatandır. Məhz bu nöqtədə lüks anlayışı dəyişib. Hər kəsin asanlıqla əldə edə bildiyi şey öz dəyərini itirib və yenidən əlçatmaz olan təbiilik dəbin zirvəsinə yüksəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu trend əslində "Old Money" fəlsəfəsinin bariz nümunəsidir. Bu üslubun əsas prinsipi nümayişkaranə olmayan zənginlikdir. Yəni diqqət çəkməyə çalışmayan, zahirən səy göstərilməmiş kimi görünən, lakin arxasında ciddi şəxsi qulluq və maddi rahatlıq dayanan həyat tərzi. Təbii dırnaq trendi də sanki "vaxtımı və pulumu dırnaq salonlarında keçirməyə ehtiyacım yoxdur" mesajını verir. Lakin bir çox insan bu tendensiyanı irqçi və sinfi ayrı-seçkilik yaradan yanaşma kimi qiymətləndirir. Belə ki, illərlə təbii dırnaqlarla gəzən, maddi imkanı olmadığı üçün dırnaq etdirməyən insanlar "baxımsız" adlandırıldığı halda, eyni görünüşü varlı və "Clean Girl" estetikasını təmsil edən ağdərili məşhurlar seçdikdə bu, "lüks" və "zəriflik" kimi təqdim olunur. Bu isə bir çoxlarına görə ikili standartın göstəricisidir. Bundan əlavə, rəngarəng dırnaq sənətinin (nail art) yarandığı mədəniyyətlərin kölgədə qaldığı, "təmiz" və "elit" gözəllik anlayışının yenə də ağdərili və Qərb standartları əsasında formalaşdırıldığı iddia edilir. Bir sözlə, bəzən sadəcə "çabasız təbiilik" kimi görünən dəb tendensiyalarının arxasında əslində cəmiyyətin sosial təbəqələri və gözəllik haqqında formalaşdırılan təsəvvürlərlə bağlı daha dərin mesajlar gizlənə bilər.





