Uşağı yatızdırmaq bəzən valideynlər üçün saatlarla davam edən çətin bir prosesə çevrilir. Mütəxəssislər bildirirlər ki, problem çox vaxt uşaqda deyil, onun bioloji ritmlərinə düzgün yanaşılmamasındadır. Düzgün axşam rutinləri sayəsində uşağın qısa müddətdə rahat şəkildə yuxuya getməsi mümkündür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hər bir uşağın "yuxu pəncərəsi" adlanan uyğun yatmaq vaxtı olur. Bu vaxt ötürüldükdə orqanizmdə stress hormonu olan kortizol artır və uşaq əksinə daha enerjili görünməyə başlayır. Buna görə də uşaq gözlərini ovuşdurmağa və ya yorğunluq əlamətləri göstərməyə başlayan kimi onu yatağa hazırlamaq tövsiyə edilir.
İlıq vanna yuxuya keçidi asanlaşdırır
Yatmazdan təxminən bir saat əvvəl qəbul edilən ilıq vanna bədən temperaturunun təbii şəkildə azalmasına kömək edir. Bu temperatur dəyişikliyi isə yuxu hormonu olan melatoninin ifrazını stimullaşdırır.
Mütəxəssislər vannanın çox isti olmamasını və sonrasında sakit fəaliyyətlərlə məşğul olmağı məsləhət görürlər. Üç yaşdan yuxarı və allergiyası olmayan uşaqlar üçün vannaya az miqdarda lavanda yağı əlavə etmək rahatlama hissini artıra bilər.
Kağız kitab oxumaq daha faydalıdır
Araşdırmalara əsasən, yatmazdan əvvəl cəmi 6 dəqiqə kağız kitab oxumaq stress hormonunun səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. Telefon və planşet ekranlarından yayılan mavi işıq isə melatonin istehsalını zəiflətdiyi üçün yuxuya getməyi çətinləşdirir.
Valideynlərə hər axşam eyni kitabı sakit səslə oxumaq tövsiyə olunur. Bu, zamanla uşağın beynində "kitab oxunursa, yatmaq vaxtıdır" refleksinin formalaşmasına kömək edir.
Ağ səs və nəfəs məşqləri
Ağ səs (white noise) qəfil səsləri maskalayaraq uşağın daha rahat yuxuya getməsinə şərait yaradır. Xüsusilə körpələr üçün bu səslər ana bətnində eşitdikləri fon səslərini xatırlatdığı üçün özlərini daha təhlükəsiz hiss edirlər.
Daha böyük uşaqlarda isə sadə nəfəs məşqləri tətbiq oluna bilər. Burundan dərin nəfəs almaq, bir neçə saniyə saxlamaq və ağızdan yavaş-yavaş vermək ürək ritmini sakitləşdirir, sinir sistemini rahatladır və yuxuya keçidi sürətləndirir.
Bu üsullar hansı yaşdan istifadə oluna bilər?
Mütəxəssislər bildirirlər ki, ilıq vanna və ağ səs doğulduğu gündən etibarən tətbiq oluna bilər. Kitab oxuma və nəfəs məşqləri isə təxminən 2-3 yaşdan sonra daha effektiv nəticə verir.
Uşaq daha çox nağıl istəyəndə nə etmək lazımdır?
Valideynlər əvvəlcədən qaydanı müəyyən etməlidirlər: "Bir kitab oxuyacağıq, sonra öpüb yatacağıq".
Uşaq əlavə nağıl istəsə belə, sakit şəkildə eyni qaydanı təkrarlamaq məsləhət görülür. Davamlılıq bir neçə gündən sonra uşağın bu rutinə alışmasına kömək edir.
Gecə tez-tez oyanan uşaqlarda da kömək edirmi?
Eyni yuxu mühiti hər gecə qorunarsa, bu üsullar gecə oyanmalarından sonra yenidən yuxuya getməyi də asanlaşdıra bilər. Lakin uşaq aclıq, bezinin islanması və ya başqa fizioloji səbəbdən oyanıbsa, əvvəlcə həmin ehtiyac qarşılanmalıdır.