24 yaşlı məşhur cənubi koreyalı aktrisa evində ölü tapıldı
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, evində ölü tapılan aktrisa Kim Se Ron Cənubi Koreyanın ən perspektivli ulduzlarından biri idi və bir sıra uğur qazanan filmlərdə çəkilmişdi.
Dostları polis çağırıb, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətləri aşkar etməyib. O, sonuncu dəfə 2023-cü ildə yayımlanan məşhur Netflix serialı "İt izi"də rol alıb. Lakin onun karyerası 2022-ci ildə sərxoş halda avtomobilini idarə edərək qəza törətməsindən sonra geriləməyə başlayıb.
Aktrisanın maşını bir neçə tikiliyə, o cümlədən transformatorlara, baryerlərə və küçə ağaclarına çırpılıb. Qəza nəticəsində transformator sıradan çıxıb və həmin ərazidə 57 obyektin, o cümlədən yaxınlıqdakı mağazaların elektrik enerjisi 3 saat müddətinə kəsilib, bu da ticarətə zərər vurub.
Hadisəyə görə Kim Se Ron 20 milyon von (10 000 ABŞ dollarından çox) məbləğində cərimələnib və əsasən aktyorluq karyerasından imtina edib.