Emin Ağalarov: “Mənim sevgimi necə görürsünüzsə, elədir” – MÜSAHİBƏ
08 iyul 2011 18:10 (UTC +04:00)

Emin Ağalarov: “Mənim sevgimi necə görürsünüzsə, elədir” – MÜSAHİBƏ

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu gün Nardarandakı “Sea breeze beach” otelində yerli mətbuat nümayəndələri ilə görüşüb.

Müğənni jurnalistləri şəxsən qarşılayıb və onlarla tək-tək salamlaşıb. Emin Ağalarov mətbuat nümayəndələrinə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

- Dünən Yaşıl Teatrda xeyriyyə konserti verdiniz. Konsertdən sonrakı təəssüratlarınızı bilmək istəyərdik.

- Çox yaxşı oldu. Yaxınlarım məni dəstəklədilər. Fanatlar konserti hərəkətləndirdilər.

- Atanız nədən əməliyyat olunub, vəziyyəti necədir?

- Onun ayaqlarında problem vardı, indi vəziyyəti yaxşıdır.

- Niyə azərbaycanca oxumursunuz?

- Əgər mən azərbaycanca oxusaydım, siz artıq konserti tərk edib gedərdiniz (Gülür). Mən düşünürəm ki, insanlara yaxşını təqdim etmək lazımdır.

- “Eurovision-2012”də iştirak edəcəyiniz barədə fikirlər var. Gələn il sizi Azərbaycan təmsilçisi kimi görə bilərik?

- “Eurovision” üçün özümü yaxşı namizəd saymıram. Üstəlik mənəvi cəhətdən də hazır deyiləm. Bunun üçün çoxlu vaxt və enerji sərf etmək lazımdır. Azərbaycan “Eurovision” müsabiqəsində son illər çıxış etməyə başlayıb. 4 dəfə qatılıb və hər dəfə uğurlu nəticə əldə edib. Sonuncu iştirakımız isə xüsusi yadda qalan olub.

- Konsertdə yeni ifa etdiyiniz bir mahnı çox bəyənildi. Ancaq həmin mahnını alboma daxil etməyəcəyinizi bildirdiniz. Bunun səbəbi nə idi?

- Bu mahnı mənim musiqi seçimimlə uyğun deyil. Bu, təbii ki, yaxşı musiqi idi. Lakin ən yaxşı mahnı deyildi. “Wonder” albomumla istədiyim nəticəni əldə etdim. Çox uğurlu idi, onun da belə nəticə verməsini istəyirdik.

- Mahnı yazanda nə rol oynayır: əhval-ruhiyyə, yoxsa real faktlar?

- O vəziyyətə baxır. Əhval-ruhiyyə də rol oynayır, hadisələr də. Hadisələrin təfərrüatlarını açıqlamaq istəməzdim.

- Konsertdən əldə etdiyiniz qonorarı açıqlaya bilərsiniz?

- Əlbəttə, açıqlaya bilərəm. 100 min dollar vəsait əldə etmişik. Artıq bildiyiniz kimi, əldə olunan gəlirlə məktəbin idman zalı təmir olunacaq.

- Musiqi ilə bağlı başqa nə planlarınız var?

- Almaniyanın musiqi şirkəti ilə 3 albom üçün müqavilə imzalamışıq. Bundan başqa, bir ildən sonra Amerikada musiqimizi təbliğ etməyi düşünürük. Və təbii ki, Azərbaycan, Rusiya və İngiltərə...

- Sabahkı konsertdə ”Eurovision” təmsilçilərimiz olacaq. Nə üçün sizinlə bərabər həmin gün Samir və Elnur iştirak etməyəcək?

- Çünki mən onları şəxsən tanımıram. Lakin onların da həmin gün konsertdə iştirakını istəyirəm. İşçi heyətimə əlaqə nömrələrini verin, onlar hər ikisini konsertə dəvət edərlər.

- Biznes adamına musiqi ilə məşğul olmaq mane olmur?

- Yox, əksinə beyni yüngülləşdirir. İncəsənət də işdir.

- Özünüzə duet ortağı kimi seçərdiniz?

- Mən artıq duet oxumuşam. Bu, Müslüm Maqomayev olub.

- Bəs gənc müğənnilər arasında kimlə oxumaq istərdiniz?

- Hələ bilmirəm, düşünməmişəm. Şade ilə duet oxumaq istəyərdim.

- Leyla xanımın sevdiyi mahnı var və hansıdır?

- Var. Alboma daxil olmayıb, mahnı yazılıb, lakin növbəti albomda mütləq olacaq.

- Kumirləriniz kimdir?

- Əvvəllər ən çox Elvis Presli bəyənmişəm. Sonra isə Müslüm Maqomayev, Şade və digərlərini bu siyahıya daxil edə bilərəm. 15 ildir, musiqini öyrənirəm.

- Niyə rus dilində oxumursunuz?

- Yayınmaq istəmirəm. İngilis dili beynəlxalq dildir. 15 dəqiqəyə klip çəkmişəm. Bundan başqa, Pol Makkarti ilə sinxron rəqs üzərində klip çəkilib.

- Sizi özünüzdən nə çıxarır və nə sakitləşdirir?

- Müxtəlif şeylər hirsləndirə bilər. Lakin uşaqlarım sakitləşdirir.

- Onları necə tərbiyə edirsiniz?

- Deyirəm ki, atanın gözünü çıxarmaq, qulaqlarını dartmaq, üzünə tüpürmək olmaz. Bilirsiniz, tərbiyənin xüsusi formulu yoxdur. Atam öz atasını 14 yaşında itirib və o yaşda artıq öhdəçiliyi olub. Atam mənə məsuliyyətsizlik etməyə icazə verməyib. Bu, mənə uğur əldə etmək üçün stimul olub.

- Hamının həyatında əhəmiyyətli tarix var. Sizin tarixiniz nədir?

- Yəqin ki, 31 dekabr. Bu gün Yeni il və anamın doğum günüdür.

- Amerikada oxuyanda musiqi solisti olmusunuz?

- Beynəlmiləl qrupumuz var idi. Həvəskar musiqiçilərdən ibarət idi.

- “Eurovison”da aparıcı olacağınız barədə xəbərlər həqiqətdir?

- Aparıcılıq üçün xüsusi təhsil lazımdır. Həmişə demişəm ki, hər şeyin yaxşı, mükəmməl olmağını sevirəm. Danışmaq, konsert vermək ilə xüsusi plan üzrə aparıcılıq etmək arasında böyük fərq var.

- Nəyi arzu edirsiniz?

- Doğmalarımın sağlam olmağını!

- Sizi kim tənqid edir?

- Onlar mənimlə üzbəüz oturub (Jurnalistləri işarə edir - L.Y)

- Planlarınız.

- Hazırda albom üzərində çalışıram. Hitə çevriləcək mahnılar üzərində çalışıram və xaricdə konsertlərə hazırlaşıram.

- Özünüzü nə aktyor, nə aparıcı qismində görürsünüz...

- Yəqin fəaliyyətim çoxşaxəli deyil (Gülür).

- Hansı sizin üçün əhəmiyyətlidir: sənət, yoxsa, biznes?

- Ayırmayın. Nə ilə məşğul oluruqsa, o birincidir. Musiqi ifa edəndə musiqini, bizneslə məşğul olanda biznesi əsas işim hesab edirəm.

- Hazırda Nardarandasınız. Yerli əhalinin torpaq problemi var, onlar sizə bu barədə şikayət, müraciət ediblər?

- Onlar şikayət edirlər, lakin təəssüf ki, çoxunun torpaqla bağlı rəsmi sənədi yoxdur.

- Evlilikdən sonra sevgi ölür?

- Əsl sevgi ölməzdir. Mənim sevgimi necə görürsünüzsə, elədir.

Lalə Yuifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287

Oxşar yazılar