“Eurovision” təmsilçimiz: “O qızı elə bu cür olduğuna görə sevirəm...” - MÜSAHİBƏ - FOTO
10 iyun 2011 15:37 (UTC +04:00)

“Eurovision” təmsilçimiz: “O qızı elə bu cür olduğuna görə sevirəm...” - MÜSAHİBƏ - FOTO

“İnsanlarımızın simasındakı qələbə sevincini bu gün də görmək və bayram əhval-ruhiyyəsinin hələ də davam etməsi bizi fərəhləndirir. Bizim üçün hər kəsdən öndə Azərbaycan xalqı dayanır. Əgər bu xalqa lazım olmasaq, Avropanın nəyinə lazımıq. Sağ olsun Azərbaycan və xalqımız...”


Bu sözləri APA-ya eksklüziv müsahibəsində “Eurovision” qələbəsini Azərbaycana gətirən və bu gün bütün Avropanın diqqət mərkəzində olan Eldar Qasımov və Nigar Camal deyib. Qalibiyyətdən sonra onlarla həmsöhbət olmaq, qalibiyyətin onları dəyişdirmədiyini görmək bizə çox xoş hisslər bağışladı. Qaliblərimizlə bir neçə saatlıq müsahibə daha çox bir ay görüşməyə fürsət tapmayan dostların söhbətinə bənzədi. Müsahibə əsnasında o da məlum oldu ki, Eldar və Nigar köklü qohumdurlar. “Eurovision” qalibləri ilə bir çox mövzuları əks etdirən müsahibəni təqdim edirik.


- Eldar: Biz hələ qalibiyyəti hiss etmirik. Sadəcə hiss edirik ki, çox xoşbəxtik. Bundan başqa heç bir hiss yoxdur. Elə bil hamı bayramdadır, bu, çox qəribə bir şeydir. Artıq hiss olunur ki, ölkəmizdə hər şey dəyişir, yeniləşir. Həm şəhərdə yeniliklər görürük, həm insanlarımız daxilən və zahirən dəyişir. Biz qalib kimi Vətənə qayıdanda bütün insanlarımızın simasından nur yağırdı, bizə təşəkkür hissi ilə baxırdılar. Ancaq biz xalqımıza təşəkkür edirik!


- Nigar: Özümüzü əla hiss edirik. Bu vəziyyətdə başqa cür hiss etmək də mümkünsüzdür. Bilirsiniz ən çox nə ləzzət edir? İnsanlar, bütün xalqımız çox sevinir və bu sevinc üzlərindən oxunur. Baxmayaraq ki, bu qalibiyyətdən bir aya yaxın müddət keçib, ancaq hələ də insanların gözlərindəki sevinc hissi azalmayıb. Bu bayram hələ bir il davam edəcək.


- Eldar: Yəni, Nigar demişkən bu bayram il ərzində davam edəcək. Əgər Azərbaycan bizi bu cür təntənə ilə qarşıladısa, görün gələn ilin mayında nələr olacaq. Allah qoysa, hər şey super olacaq.


- Elə zənn edirdim ki, qalibiyyətdən sonra sizi xüsusi mühafizə xidməti ilə görəcəyəm. Amma bu fikrimdə yanıldım. Heç özünüzü “qalib ulduz” kimi də aparmırsınız...

- Eldar: Bəlkə də ola bilər, ancaq bu barədə heç düşünmürük. Hətta bizimlə bağlı ürək açmayan yazılara, qələbəmizə ləkə yaxmağa çalışanlara fikir vermirik. Axı ulduz kimi özümüzü aparsaq bundan qazancımız nə olacaq? İnsanlara yaxın olmaq, onlarla daimi ünsiyyət saxlamaq daha yaxşıdır.


- Nigar: Birincisi, qalibi heç zaman mühakimə etmək olmaz. Biz qalib gəlmişik, kim nə deyir desin, nə danışır danışsın. Bu cür düşüncələrə önəm vermirik və var-gücümüzlə “Eurovision-2012”yə hazırlaşırıq.


- Hələ Düsseldorfda ilk yarımfinal öncəsi çox inadkarlıqla - “Avropa xalqı “Eurovision-2012”də Bakıya gəlib hər şeyi öz gözləri ilə görəcək” deyirdiniz.


- Nigar: Maraqlıdır ki, Düsseldorfda “Esprit Arena”da mətbuat konfransı zalında çoxsaylı Avropa jurnalistləri bizə yaxınlaşıb “See you in Baku” – “Bakıda görüşərik” deyirdilər. Bütün bu cür fikirlər sözsüz ki, bizim inamımızı artırırdı.


- Eldar: Görürsünüz də, düz demişik, hisslərimizdə yanılmamışıq. Jurnalistlər də bizə bunu deyirdilər və biz daha da güclənirdik. Finalda bütün ölkələrdən bal gözləyirdik, çünki hamı bizi tərifləyirdi. Mənim üçün heç bir ölkənin balı təəccüblü deyildi. Maltada bizi çox sevirlər, Türkiyədən sözsüz 12 bal gözləyirdik. Yəni hər şey bizim xeyrimizə oldu. Demək olar ki, hər ölkə bizə 8-10, və ya digər yuxarı bal verirdilər. İki-üç ölkə istisna olmaqla bütün ölkələr bizə səs verdi.


Nigar: “Müsabiqədən sonra mənə elə gəlir ki, həyatımda ən böyük imtahanı vermişəm...”

- Sözsüz ki, bu müsabiqəni daimi işıqlandıran jurnalistlər artıq müsabiqənin nəticələri ilə bağlı düzgün fikir yürüdə bilirlər. Hər ikiniz professional səhnə fəaliyyətinizə məhz “Eurovision”dan start verdiniz. Siz orada heç bir təmsilçini – nə “Blue” qrupunu, nə özünü birinci hesab edən Eric Saadeni rəqib hesab görmürdünüz.


- Eldar: Sözsüz, biz orada kimisə rəqib görməkdənsə, hamının bizi rəqib görməsinə çalışırdıq. Əslində onları geridə qoymaq haqqında da düşünmürdük. Bizim bir məqsədimiz var idi – öz nömrəmizi çox yaxşı ifa etmək. Amma nəticədə hamısını arxada qoyduq və buna çox sevinirik.


- Qalib olaraq hər ikinizin məsuliyyəti çox böyükdür. Bu gün siz bütün Avropanın diqqət mərkəzindəsiniz və hər bir şeyə qarşı diqqətli olmalısınız. Bu məsuliyyəti anlayırsınızmı?


- Nigar: Müsabiqədən sonra mənə elə gəlir ki, həyatımda ən böyük imtahanı vermişəm. Eldarla bərabər bir-birimizə müsabiqə boyu da, indinin özündə də dəstək oluruq. Çox yaxşı dostuq və bu bizə çox kömək edir. Başqa hərəkətlərə yol verməyimiz qeyri-mümkündür, çünki bizim damarımızda azərbaycanlı qanı axır.


- Eldar: Mən baxıram Nigara, onun gözəlliyinə (gülür). Zarafat öz yerində, əslində sözsüz ki, ikimizdə bu məsuliyyətin fərqindəyik. Bilirik ki, Avropanın diqqəti bizdədir, ancaq yenə də bütün bunlara daha sadə yanaşmağa çalışırıq. Sadəcə onu düşünürük ki, bizdə hər zaman hər şey alınır və alınmalıdır. Bunu düşünməsək mümkün deyil.



- Sizi Bakıda tapa bilmirik, fikrimcə bu da qələbənin xoş ağırlıqlarından biridir. Deyəsən, yenə yol üstəsiniz, yolunuz haradır? Yorulmamısınız hələ?

- Eldar: Yəqin ki, bu müsahibə yayımlananda biz artıq Türkiyədə olacağıq. İyunun 10-da İstanbula gedirik. Sonra Ankaraya gedəcəyik və bir həftə boyunca orada olacağıq. Sonra Moskvada “Nə? Harada? Nə zaman?”da çıxışımız olmalıdır. Xüsusi proqramımız hazırlanır və təkliflər dəyərləndirilir. Bəzən yüksəklikdə olmaqdan elə yoruluram ki. Keçən dəfə hətta öz-özümə sayırdım, bu neçənci səfərdir? Vaxtın tez keçməsi üçün müxtəlif məşğuliyyətlər axtarıram.


- Nigar: Biz bunu əvvəldə gözümüz önünə gətirirdik və deyirdik təki qələbə qazanaq, hər şeyə hazırıq. Allah bu istəyimizi yerinə yetirdi, indi bizim növbəmizdir. Yorulsaq da, bunu etməliyik və sevə-sevə edirik. Sözün əsil mənasında zövq alırıq. Qalib kimi Azərbaycan adından çıxış etməkdən gözəl nə olar bilər?!


- Bildiyim qədər, gələn təklifləri özünüz dəyələndirmirsiniz.


- Eldar: Bu seçimi bizim menecmentlərimiz aparır. Bilirik ki, çoxsaylı təkliflər var və seçim edirlər. Hazırda bizim üçün yeni mahnılar yazılır. Sadəcə olaraq bizim vaxtımız yoxdur ki, studiyaya gedək və mahnı yazdıraq. Vaxt tapan kimi gedib yeni mahnıları yazdıracağıq. Həm mahnılar, həm ilk albom olacaq. Albomumuz bütün Avropada satışa çıxarılacaq. İsa Məlikov bizə Azərbaycan dilində mahnılar yazır, Stefan Örn də bizim üçün mahnılar bəstələyir. Bəlkə bir neçə aydan sonra Səfurə ilə də nələrsə yazdıq. Bizim birgə çoxsaylı planlarımız var. Eyni zamanda “Eurovision” konsertləri keçirmək istəyirik. Azərbaycanın “Eurovision” təmsilçilərinin iştirakı ilə ümumi bir konsert vermək əla olardı. Hazırda bununla bağlı danışıqlar gedir. Həm bölgələrdə, həm də paytaxtda konsertlər verəcəyik. Çünki görürük ki, bizi necə sevirlər, başqa cür etmək fikrimiz belə yoxdur. Onların sevgisi olmasaydı, bu gün biz burada ola bilməzdik. Ən birincisi biz öz xalqımıza lazımıq, sonra başqalarına.


- Nigar: Biz sadəcə çamadanlarımızı yığıb aeroporta gedirik. Çıxışlarımız olacaq. Radio və televiziyalarda çıxış edəcəyik. Gələcək üçün çoxsaylı planlarımız var.


- Nigar, həyat yoldaşın, qızlarınla görüşmək imkanın olurmu? Hazırda Azərbaycanda, yoxsa Londondadırlar? Qızların analarının qalib olduğunu anlayırlarmı?


- Nigar: Həyat yoldaşım Londonda, qızlarım isə yanımdadır. Həyat yoldaşımın bir az işləri olduğu üçün bura gələ bilməyib. Ancaq o da bu yaxınlarda Bakıya gələcək. Ancaq milli seçim finalında həyat yoldaşım burada idi. Bu yaxınlarda qızlarım Bakıda əyləncə mərkəzlərindən birinə gediblər. Elə orada olan zaman “Running Scared” səslənib və qızım “bu mənim anamdır, oxuyan anamdır” deyərək qışqırıb. Hamı da dönüb ona təəccüblə baxıb. Qızım mənə deyir ki, “ana, bu mahnını mənə hədiyyə edəcəksən?” Bir qızım müğənni olmaq, o biri model olmaq istəyir. Doğrudur, bütün günü işlərlə məşğul oluruq, ancaq hər gün qızlarımla keçirməyə vaxt tapıram. Mənim üçün qızlarımla vaxt keçirmək çox vacibdir. Nə qədər işim olsa da, ilk əvvəl ailəmdir və onlara zaman ayırmağı düşünürəm.


Eldar: “İnsanda ən vacib hesab etdiyim xüsusiyyət: məsuliyyət və düzlükdür”

- Eldar, hər zaman deyirsən ki, atan həyatında sənin üçün ideal insandır. Hansı xüsusiyyətlərinə görə özün üçün ideal hesab edirsən?


- Eldar: Çox məsuliyyətli insandır. Məsuliyyət insanda önəm verdiyim ən vacib xüsusiyyətdir. Həm də çox düzgün insandır, pis olsa belə, o “pisdir” deyəcək. Bu xüsusiyyətlərini çox sevirəm. Valideynlərim uşaqlıqdan bilirdilər ki, mən nə zamansa böyük səhnəyə çıxacağam, çünki uşaqlıqdan öz üzərimdə çox işləyirəm. Daima ora-bura qaçırdım, öz üzərimdə işləyirdim. Axı, həyatda heç bir əziyyət yerdə qalmır. Qazandığım uğurlar da bu əziyyətim bəhrəsidir. Finaldan sonra valideynlərimə zəng edib “necəsiniz” sualını verdim: Cavabları “biz səninlə fəxr edirik” oldu... Bu mənə hər bir mükafatdan üstün idi. Sonra bildim ki, finaldan sonra nə qədər ağlayıblar, əlbəttə ki, xoşbəxtdirlər. Həyatda mənim üçün ən vacib şey valideynlərimi xoşbəxt etmək olub və bu arzuma çatdım...


- Qalibiyyətdən sonra, “Eurovision” yarışmasında ikinci dəfə çıxış etmək arzusunda olduğunuzu bildirmisiniz. Sizcə, qalib olduqdan sonra yenidən bu müsabiqəyə çıxmağa ehtiyac varmı? Bunu yanlış addım hesab etmirsiniz?


- Eldar: Bilirsiniz, biz bunu o nöqteyi-nəzərdən demişik ki, “Eurovision” ailəsinə bir daha daxil olaq və bu ailənin parçası olaq. Bu ailə çox böyük ailədir. Hər kəs bir-biri ilə dostluq edir, heç kimdə düşmənçilik hissi yoxdur. Bu çox qısa müddət olsa da, o qədər gözəl bir şeydir ki... Bəlkə də menecmentlər arasında bu cür hallar olur, biz bunu hiss etmirik. Ancaq konkret ifaçılar arasında bu cür hallar yaşanmır. Biz istərdik ki, bu ab-havanı bir də yaşayaq, bütün bunları yenidən hiss edək. Çünki iki həftə ərzində - mayın 1-dən 15-nə kimi özümüzü bayramda hiss edirdik. Hər gün nə iləsə yadda qalır və bu gözəl bir hissdir. Bu ailənin bir daha içində olmaq üçün bunu edərdik.


- Aleksandr Rıbak bu il jurnalist kimi akkreditə olunub, bu müsabiqədə iştirak etdi. Bəlkə siz də belə edəsiniz?

- Eldar: Hə, çox yaxşı fikirdi. Ancaq ki, sizin çörəyinizi əlinizdən alarıq axı, bunu istəmirik.


- “Eurovision” sözsüz ki, hər bir sənətçinin arzusunda olduğu səhnədir. Ancaq dünya şou-biznesində bundan da böyük səhnələr var. “Eurovision qalibi” adı ilə kifayətlənirsiniz?


- Eldar: Qəti şəkildə kifayətlənmək fikrimiz yoxdur və belə bir şeyi ağlımızdan belə keçirmirik. Azərbaycanımızı daha da böyük səhnələrdə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. “Eurovision”dan sonra istərdim Azərbaycanı bütün dünyada, Hollivudda tanıdım, musiqi və kino sənayesində tanıdım. Axı baba və nənələrim aktyor olub, onların bu yolunu davam etdirmək istəyirəm. Mütləq onların işini davam etdirəcəyəm. Bu çox məsuliyyətli bir işdir. “Eurovision” qalibiyyətini Azərbaycana gətirmişəm, həm də belə bir nəslin davamçısıyam və bu çox böyük məsuliyyətdir. Bununla fəxr edirəm, başqa cür ola da bilməz!
- Nigar: Ən böyük arzum odur ki, Azərbaycanda “Eurovision” yarışması ən yüksək
səviyyədə keçirilsin. 57 ilin ən yaxşı “Euroviison”u Azərbaycanımızın adı ilə bağlı olmasını istəyirik və buna inanırıq...

- Sizi səfərlərinizdə Eldar və Nigar kimi, yoxsa Ell&Nikki kimi çağırırlar?


- Eldar: Ell&Nikki. Ancaq dünən mənə Almaniya radiosundan zəng eləmişdilər, Eldar deyərək müraciət etdilər.


- Nigar: Mənə isə ancaq Nikki deyirlər, çünki Nigar sözünü heç kim deyə bilmir. Onlara çətin gəlir.


- Yəqin, xatirə şəkli çəkdirmək, avtoqraf almaq istəyənlərin də sayı hədsizdir.


- Eldar: O qədər çoxdur ki. Səfərlərdə yolla gedəndə bizi çağırırlar, tanıyırlar, maraq göstərirlər. Diqqət mərkəzində olmaq, tanımadığın insandan xoş sözlər eşitmək çox gözəl bir hissdir.


- Nigar: Çoxsaylı insanlar bizi görəndə tanıyırlar. Hara gediriksə bizə “champions” deyilir. Bu o qədər gözəl və inanılmaz bir hissdir. Bu günün özündə də hamı bizə sevgi göstərir. Şəkil çəkdirmək istəyənlərin, avtoqraf almaq arzusunda olanların istəklərini ürəyində qoymuruq. Axı hamı ilə şəkil çəkdirmək istəmirlər, sayları nə qədər çox olsa da, biz imtina etmirik və canla-başa onların arzusunu reallaşdırırıq. Ən əsası odur ki, hamı bizə böyük hörmətlə yanaşır. Söz xatirinə “qalibiyyət münasibəti ilə təbirik edirik” deyilmir. Bizə qarşı olan hərəkətlərdə doğrudan da böyük sevgi hiss edirik.


“İstəyimiz odur ki, daha da yüksək zirvəyə qalxaq, dünya insanları bizi görəndə “bunlar çox yaxşı sənətçilərdir, həm də onlar vaxtilə “Eurovision”un qalibi olublar” desinlər...

- Eurovision” müsabiqəsinin dəyişilməz qaydası var. Hər il müsabiqə qalibinin bu fürsətdən istifadə etmək üçün bir il vaxtı olur. Çoxları bu müddətdən istifadə etməyi bacarmayıb, Eldar və Nigar necə, bu fürsətdən istifadə etmək fikrindədirlərmi?


- Eldar: Biz çalışacağıq ki, növbəti il bizə baxıb deməsinlər ki, “a bunlar Eurovision-2011”in qalibləridir”. İstəyimiz odur ki, daha da yüksək zirvəyə qalxaq, dünya insanları bizi görəndə “bunlar çox yaxşı sənətçilərdi, həm də onlar vaxtilə “Eurovision”un qalibi olublar” desinlər... Bu ən əsasdır və biz bunu edəcəyik.


- Nigar: Dayanmadan, usanmadan işləyəcəyik. Artıq sakit oturub nələrisə gözləmək bizim üçün qəbahət olar. Bunu edə bilmərik, Azərbaycan adını daha da yüksəklərə qaldıracağıq.


- Nigar, Böyük Britaniya vətəndaşları bu qələbə haqqında “qaliblərdən biri burada yaşayır” deyib bu qalibiyyətə sevinirlər.

- Nigar: Bəli, tamamilə doğrudur. Londonda belə deyilir – “biz məğlub olmuş hesab olunmuruq, çünki qaliblərdən biri İngiltərə vətəndaşıdır”. Ancaq sözsüz ki, qalibiyyət ancaq Azərbaycanındır. Sadəcə digər ölkələrin də bu qalibiyyətə öz qalibiyyətləri kimi sevinmələrini görmək xoş hissdir.


- Düsseldorfda mətbuat konfransında söylədiyiniz fikirlər bu gün dillər əzbəri olub. Avropa jurnalistləri sitatlarınızdan tez-tez istifadə edirlər.

- Eldar: Bu çox gözəldir. Qələbə qazanmağımızda bu cür çıxışlarımızın da rolu böyük oldu. Eyni zamanda bu bizə həm Azərbaycan, həm də Ukraynada komanda ilə işləməkdə kömək oldu. Çıxışlarımızda həmişə pozitiv yumor hissi var idi. Əgər bu yumor hissi, pozitivlik olmasaydı, inanın, bəlkə də bu yükün altında sınardıq. Hər bir çətin işdə biz pozitivlik axtarırdıq və iş gözümüzə asan görünürdü.


- Nigar, sənin qələbəndən sonra Türkiyə bayrağı ilə səhnəyə çıxmağın iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Bu addımından sonra sənə Türkiyədə yaşamaq təklif olunubmu?


- Eldar: Nigarın bu addımı ilə mən fəxr edirəm (gülür). Avropada yaşayan türklər bu bayrağı görəndə finala keçməyəcəkləri üçün üzülmədilər. Bu, onlara çox gözəl təsir bağışladı. Axı onlar finala keçməmişdilər və biz yarımfinaldan sonra hər yerdə deyirdik “Türkiyə finaldadır, çünki biz finaldayıq. Biz birinci Azərbaycanı, ikinci isə Türkiyəni təmsil edirik”. Və dediyimizə əməl etdik.


- Nigar: Çox fəxr edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasında zərrə qədər olsa da rolum olub. Biz qardaş ölkəyik və bu çox vacib bir addım idi. Biz Türkiyə bayrağını özümüzlə gətirmişdik, çünki bilirdik ki, Avropada yaşayan bütün türklər yarışmanı izləyəcək və istəmirdik ki, bu durumda özlərini pis hiss etsinlər. Ona görə də düşündük ki, “Green room”da Türkiyə bayrağı bizə lazımdır. Qalibiyyətdən sonra ancaq yalnız bilirdim ki, qaçıram.


- Eldar: Özü də o boyda hündür dabanla yüksəklikdən tullandın. Onu necə elədin? Bu inanılmaz bir şey idi.


- Nigar: Sonra gördüm ki, Türkiyədən olan mətbuat nümayəndələri bizə əl edir və təşəkkür edirlər. Onlara yaxınlaşıb əlimi verdim və mənə “Bayrağa, ümumiyyətlə hər şeyə görə təşəkkür edirik, biz sizi çox sevirik və Azərbaycanın qələbəsi bizim qələbəmizdir” dedilər. Bu sevgi dolu baxışlar hər şeyə dəyərdi.


- Ayrı-ayrılıqda dünya ulduzlarından kiminlə duet oxumaq arzusundasınız?

- Nigar: Ceylo və Rihanna ilə oxumaq istəyirəm.

- Eldar: Çox istəyirəm ki, Seline Dion, Robert Wiliomsla tanış olum, görüşüm. Bəlkə də bizdə nə isə alındı. Lady Gaga son zamanlar çox xoşuma gəlir, çünki, o özünü çox azad şəkildə idarə edir. Cəsarətini musiqi aləmində bir hadisə kimi çox bəyənirəm.


- Nigar: Mənim balaca qızım da Eldarsız qala bilmir. Hara gedir, ancaq “Eldar, Eldar”.
- Eldar: Məni sevir də. Təyyarədə də ancaq mənim qucağımda yatır.


Eldar: “Onu sevirəm və sevəcəyəm də...”

- Eldar, artıq tək Azərbaycan yox, Avropa qızlarının sevimlisinə çevrilmisən... Çoxları düşünür ki, “Running Scared” mahnısını bu şəkildə sevgi hissi duymadan ifa etmək qeyri-mümkündür.


- Eldar: Evlənmək haqqında düşünmürəm. 22 yaşım var, hələlik qarşımda məqsəd karyera pilləsində ucalmaqdır. Sevgi və məhəbbət elə bir şeydir ki, özü zamansız gəlir. Yəni, bunun üçün axtarışa çıxmaq lazım deyil. Nigarın həyat yoldaşına qarşı sevgisi var. Mənim də sevdiyim olub və çalışırdım ki, bu sevgini öz daxilimdə yenidən yaşadım. O sevgi hissini yenidən qabardım...


- Sevdiyin qız “Eurovision” qalibi olduqdan sonra yenidən yanına qayıtmadı? Qalibiyyətdən sonra qabağına qaça-qaça gəlmədi?


- Eldar: Həmin qızla indi də müəyyən münasibətlərimiz var, əlaqə saxlayırıq, danışırıq, sadəcə bir tanış kimi. O, elə insanlardan deyil ki, qabağıma qaça-qaça gəlsin. Elə bu cür olduğuna görə də onu sevirəm və sevəcəyəm də... Bəlkə də o cür deyil, ancaq insani xüsusiyyətlərinə görə onu çox sevirəm və sonsuz hörmət edirəm. Biz dost deyilik, sadəcə çox yaxşı münasibət saxlayırıq. Əlbəttə, yenidən hisslərimin qayıtdığı anlar olur, ancaq bu, həyatdır. Bu hisslər bəlkə də keçəcək, bəlkə də ömürlük qalacaq. O, mənimlə birgə milli seçimlərə də gəlirdi. Sevəndə artıq, nə onun gözəl olduğuna baxırsan, nə də insanı başqa şeylər maraqlandırmır. Bütün bunlar artıq ikinci plana keçir. Hətta bəzən özün belə müəyyənləşdirə bilmədiyin məqamlara görə sevirsən. Bəli, mən onu hələ də sevirəm... Hər şey yaxşı olacaq və olmalıdır. Belə bir deyim var: “Axırda hər şey yaxşı olacaq, əgər bir şey yaxşı deyilsə, bu o deməkdir ki, hələ son deyil”. Bu doğrudur.
- Nigar: Çox qəribədir, hər zaman da belə olub. Qadınlar sevəndə ancaq fikir edirlər, gülə bilmirlər, ürək darıxır. Ancaq kişilər tamamilə fərqli yanaşırlar bu hissə, bütün günü çal-çağırda, toyda-büsatda. Hər halda düşünürəm ki, həyatda nə olursa, yaxşılığa olur. Düzgün yaşamaq lazımdır, çünki həyatda hər bir hərəkət – həm yaxşılıq, həm pislik insanın özünə qayıdır. Əgər səni anlamadığını görürsənsə, o insanı burax getsin. Pislik insanın özünə daha da pis, yaxşılıq isə daha da mükəmməl şəkildə qayıdır.
- Eldar: Axı niyə həyatda kiməsə pislik etmək haqqında düşünürlər? Bunu düşünmək özü yanlış bir şeydir.


- Siz səhnədə də, həyatda da, həm xarici görünüşcə, həm də daxilən bir-birinizə çox bənzəyirsiniz.

- Nigar: Sizə bir sirr açaq da. Elə bu yaxınlarda MirMöhsün Ağanın ziyarətgahının yanından keçirdik və ziyarətgahın yaxınlığında bir yer var idi. Eldar görən kimi dedi ki, “mənim babam orada yaşayıb”. Gözlərimə inanmadım, axı mənim ulu nənəm orada yaşayıb. O da qayıtdı ki, biz Möhsün Ağa ilə də əslən qohum olmuşuq. Dedim ki, biz də o ocaqla qohum olmuşuq. Bildik və çox sevindik ki, biz qohumuq (gülürlər).

- Eldar: Ona görə də Nigar belə gözəldir də, axı biz qohumuq.

- Nigar: Eldarın babası Abbas Mirzə Şərifzadə mənim babamın əmisi Sarabski ilə dost olublar.

- Eldar: Bəlkə də o zamanlar qarşı-qarşıya oturub çay içə-içə deyiblər ki, filan il bizim nəticə-kötücələrimiz bir yerdə “Eurovision”a gedəcəklər (gülür).

- Bildiyimə görə, qələbədən sonra qonorarınız kəllə-çarxa çıxıb. Bir mahnını 10 min avroya oxuyursunuz...

- Eldar: Məgər bizim qonorarlarımız “Eurovision”dan əvvəl var idi ki?! Qonorarımız yox idi axı. Bu doğru deyil.

- Nigar: Ən gülməlisi bilirsiniz nədir? Bizə dedilər ki, ərəb şeyxi bizə külli miqdarda pul hədiyyə edib. İnanırsınız, bunu eşidəndə gülməkdən şoka düşmüşdük. Məgər biz Ərəbistanda, Dubayda oxumuşuq? Bizə niyə ərəb şeyxi pul hədiyyə etsin?


- Çoxsaylı ölkələrə gedirsiniz. Bəs o ölkələrin incəsənəti, mədəniyyəti ilə maraqlanırsınızmı? Muzeylərə marağınız necədir?

- Nigar: Çox təəssüflər olsun ki, buna zamanımız olmur.

- Eldar: Sankt-Peterburqda olanda istədik muzeyə gedək, ancaq vaxt tapa bilmədik. Küçələrdə tarixi binalara baxanda, xoşumuza gəlirdi. Mən ümumiyyətlə, arxitektura ilə çox maraqlanıram.

- Eldar, ixtisasca diplomatsan. Eyni zamanda Bakı Slavyan Universitetində magistratura pilləsində təhsil alırsan. İmtahanlarının aqibəti necə olacaq? Diplomat kimi fəaliyyət göstərmək istəmirsən?
- Eldar: İmtahanlarla bağlı yəqin ki mənə güzəşt olacaq. Buna ümid edirəm və düşünürəm ki, rektorumuz Kamal müəllim bunu məndən əsirgəməz. “Eurovision” ərəfəsində mən artıq diplomat kimi də fəaliyyət göstərirdim. Jurnalistlər hansısa siyasi suallar verirdilər və diplomatik yollarla onlara cavab verməyə çalışırdım. Orada çox vacibdir ki, təmsilçi çox dəqiq olsun və sualı cavabsız qoymasın. Ancaq, istərdim ki, daha çox müğənni olum. Azərbaycana dünyanın ən yüksək mükafatlarını gətirmək istəyirəm.

- Almaniyada yaşamağı heç düşünürsənmi?
- Eldar: Bəli, düşünürəm. Sözsüz, Azərbaycanda yaşayıb hər şeyi burada etmək istəyirəm. Görsəm ki, burada hər yerlə əlaqə saxlaya və xəbər tuta bilirəm, müsbət şəkildə işləyə bilirəm, o zaman heç hara getməyəcəyəm. Başqa cür olsa gedib, başqa yerdə Azərbaycanı təmsil edəcəyəm.

- Ötən ilki qalib Lena Mayerin sizə təqdim etdiyi qalibiyyət mikrofonu kimdədir?
- Eldar və Nigar: Heç birimizdə deyil. Bu mikrofon İctimai Televiziyadadır.

- Və sonda... Eldar və Nigar gələn ilin mayından nələr gözləyir?
- Eldar: Çox istərdik ki, şəhərimiz daha da gözəlləşsin və çoxsaylı insanlar gəlib burada görsünlər ki, Bakı – həqiqətən də oAvropa və Asiya arasında mədəniyyətlərarası körpü funksiyasını oynayır. Ona görə də istəyirəm ki, bura gəlib lap feyzyab olsunlar. Hər zaman çıxışlarımda bildirirəm, istəyirəm ki, ən yaxşı “Eurovision” məhz Azərbaycanda olsun. Azərbaycan “Eurovision” tarixinə də bu cür yüksək təşkilatçılıqla düşsün. Elə də olacaq və biz buna inanırıq.
- Nigar: Mayda görün nə qədər insan Bakımıza gələcək. Bu, çox gözəl bir şeydir. 40 minə yaxın insan gələcək və hər birinin buradan gözəl hisslərlə ayrılacağına əminik. Təsəvvür edin, gəlib Fəvvarələr meydanına, İçərişəhərə, Qız qalasına baxıb məftun olurlar. Yəni burada o qədər heyran olmalı şeylər var. Arzu edərdim ki, hətta köhnə rayonlarımızda da, yenilənmə işləri aparılsın və hardasa İçərişəhər formasında hazırlansın. Orada xüsusi olaraq milli suvenir dükanları açılsın.
- Eldar: Gedək evə, anam bizi doyunca qucaqlayıb öpsün, çox darıxırlar. Axı yenə də gedirik...

- Səfəriniz uğurlu olsun. Unutmayın ki, Siz Azərbaycanın fəxrlərisiniz. Sizinlə fəxr edirik...
- Eldar&Nigar: Bunu unutmaq olar? Elə Azərbaycan xalqı da bizim fəxrimizdir. Azərbaycanımızla fəxr edirik və hər zaman fəxr edəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656

Oxşar yazılar