“Öyle bir geçer zaman ki...”: Milyonları ağladan ailə ilə bir gün - REPORTAJ
02 iyun 2011 12:14 (UTC +04:00)

“Öyle bir geçer zaman ki...”: Milyonları ağladan ailə ilə bir gün - REPORTAJ

Gününün çox hissəsini televizor qarşısında keçirən və ya istirahət saatlarını film seyr etməklə dəyərləndirən kino həvəskarları yəqin ki, məşhur türk seriallarına da maraq göstərir. Türkiyə kanallarında yayımlanan dizilərin bütün dünyada olduğu kimi, Azərbaycanda da həvəskarları çoxdur. Bu serialların arasında biri xüsusilə seçilir - “Öyle bir geçer zaman ki...”

Türkiyə kanallarında hazırda nümayiş olunan serialların arasında ən çox izlənən “Öyle bir geçer zaman ki”dir. Həftənin çərşənbə axşamları tamaşaçıların 60 faizi bu seriala baxır. Reytinqləri alt-üst edən filmi izləməyənlər üçün qısa xülasə verək: serialın qəhrəmanı dənizçi, 45 yaşlı Əli kapitan, həyat yoldaşı isə Cəmilədir. Onların 4 övladı var. Əli Cəmilənin hələ 17 yaşında olanda onu sevib və evlənib. Gəmi ilə uzaq səfərlərə çıxan, aylarla evinə gəlməyən Əli Avropa ölkələrini gəzdikcə yavaş-yavaş ailəsindən soyuyur. Bir gün Hollandiya səfərində Karolin adlı əcnəbi qadınla tanış olur. Cəmilədən ayrılıb Karolini seçən Əli arvadına və uşaqlarına olmazın əzablar verir. Uşaqlarını döyür, ailəsini evdən qovur, aliment verməkdən imtina edir, onları xeyli çətinliyə salır. Karolini sevdiyini düşünsə də, Əli xoşbəxtlik tapa bilmir. Cəmiləni sevən, ona dəyər verən balıqçı - Hikmət Karcı isə onu bərk qısqandırır. Müxtəsər, serial Əli kapitanın ailəsində baş verən hadisələrdən bəhs edir.
Lent.az-ın Türkiyəyə ezam olunmuş müxbiri “Kanal D” televiziyasında nümayiş olunan sözügedən serialın çəkilişlərində iştirak edib, serial həvəskarları üçün aktyorlar və ümumilikdə film haqqında maraqlı faktlar toplayıb.

Məşhurluq və “əsgər həyatı” eyni vaxtda

Əvvəla onu qeyd edək ki, serialın aktyorları həftənin 6 günü səhər saat 12-dən gecə saatlarına qədər vaxtlarını çəkilişə sərf edirlər. Məşhurluq və “əsgərlik həyatı” onların həyatında paralel olaraq davam edir. Şirkətin aktyorlara qadağaları var, müqaviləyə imza atan artistlər icazəsiz qərarlar qəbul edə bilməz. Bu qadağalara hətta şəxsi həyatları da daxildir. Onların kütləvi informasiya vasitələrinə müsahibə verməsi də asan iş deyil. Mətbuat iki mərhələdən keçməlidir - şirkətin icazəsindən sonra aktyor öz seçimini edəcək, müsahibəyə ya “hə” deyəcək, ya da “yox”.

Bir az da aktyorlar haqqında
Aktyorlara göstərilən maraq və diqqət öz yerindədir. Serialın 5 yaşlı qəhrəmanı Osmanı (Əmrə Bərkə Zincidi) uzaqdan izlədikcə istər-istəməz öz aktyorlarımız göz önünə gəlir və müqayisə etməyə bilmirsən. 5 yaşlı Əmrə ilə iki nəfər xüsusi pedaqoq və bir nəfər psixoloq məşğul olur. Rolunu gözləyən və bu müddətdə çəkiliş meydançasının kənarında gəzişən balaca oğlana iki nəfər xüsusi köməkçi nəzarət edir. Balaca aktyora yaxınlaşmaq və onunla şəkil çəkdirmək qadağandır. Sətirlərin müəllifi də kiçik Osmanla şəkil çəkdirmək şansından məhrum edildi. Ayda 20 min türk lirəsi (təxminən 10 min manat) maaş alan uşaqla xatirə şəkli pis olmazdı.

Karolin rolunu oynayan almaniyalı aktrisa Vilma Elles altı dil bilir, seriala qədər Kölndə kiçik bir evdə yaşayan aktrisa bu gün İstanbulda lüks evdə yaşayır.
Böyük bir ailənin nümayəndələri fərqli xarakterə və yaşayışa sahibdirlər. Serialın Əli kapitanı Erhan Pətəkkaya dövlət teatrında çalışır. 5 yaşında oğlu var. Oğlu Cano serialı izləyib və düşünüb ki, atasının başqa bir oğlu və ailəsi var. Pətəkkaya onun fikirlərini dəyişdirmək üçün oğlunu çəkilişə gətirməli olub və özünü təmizə çıxarıb. Bu hadisədən sonra oğlunun evdə serialı izləməsini qadağan edib.

Cəmiləni oynayan Ayça Bingölün ən yaxın izləyicisi həyat yoldaşıdır. Bingöl vaxtilə ailəsinin istəyinə qarşı çıxıb və aktrisa olub. 8 aydır, insanlardan uzaq gəzməyə çalışan aktrisa bunun səbəbini rolu ilə əlaqələndirir: “Həyatda sirli görünməyə çalışıram ki, insanlar rola inansın”.

Əli kapitanın kiçik qızı Aylin (Fərəh Zeynəb Abdulla) çəkilişdə ən çox zədə alanlar siyahısındadır. Serial başlayandan bu günə qədər onun əl-qolunu ya əzilmiş, ya da göm-göy göyərmiş görmək olar.

Digər populyar obraz Soner (Mete Horozoğlu) bir müddət əvvəl çəkiliş zamanı böyrəyindəki sancılardan dolayı xəstəxanaya aparılıbı. Mete Horozoğlunu böyrəyindən 6 mm-lik daş aşkarlanıb. Onun əgərliklə bağlı problemi də ortaya çıxıb. Yeri gəlmişkən, iyunun 22-də 36 yaşlı Mete Horozoğlu nikah masasına oturacaq.

Əvvəldən balıqçı kimi tanınan milyonçu Hikmət Karcı xarakterini canlandıran Orxan Alkaya isə hazırda ayağını əzib çəliklə çəkilişə gəlir ki, iş yarımçıq qalmasın.
Onu da qeyd etməliyik ki, filmin istehsalçı şirkəti xüsusi agentliklərlə çalışır, hər gün agentliklər seçimlərdən bəyəndiyi sadə insanları epizodda rol alması üçün seriala göndərir. Aktyor olmaq həvəsində olanlar həm arzularına çatır, həm də bir dəfə ekranda görünməklə cüzi maaş alırlar. Bu da 30-40 lirə, bizim pul vahidi ilə 15-20 manat edir. Məkanda adi günlərdə 30-40 nəfər köməkçi işçi çalışır. Səhər saatlarında xüsusi servis avtobusları işçiləri çəkilişə gətirir və gecə öz evinə çatdırır.

Azərbaycanın mətbuatı türklərdən dişli çıxdı...
Bir məqamı da qeyd edək ki, Türk mətbuatına indiyədək bu serialın çəkiliş meydançasından reportaj hazırlamağa icazə verilməyib. İstehsalçı şirkətin sadə açıqlaması var: “Filmin sehri pozula bilər”, yəni çəkilişlərin çoxluğu serial tamaşaçılarının maraq dairəsini azalda bilər.

Lent.az-ın bununla bağlı o qədər çətinliyi olmadı, çünki səbəblərimiz çox idi. Əvvəla bundan az əvvəl “Eurovision” təmsilçilərimizin səhnəyə Türkiyə bayrağı ilə çıxması işimizə yaradı. İkincisi, ənənəvi “tapış” üsulu ilə Türkiyədə fəaliyyət göstərən Məlahət Abbasovanın köməyi var idi və nəhayət qardaş ölkədən kilometrlər qət etmişdik axı! Çəkilişdə olduq və serialın sevilən müsbət xarakteri Balıqçı obrazını canlandıran Orxan Alkayadan müsahibə almaq imkanımız oldu. Lakin çəkiliş zamanı işıq effektlərinin çəkilişə ziyan vuracağından ehtiyat edərək prosesi işıqlandırmağa icazə vermədilər. Biz də çarəsiz şəkildə aktyorlarsız boş məkanı fotolentə köçürməklə kifayətləndik.

Orxan Alkaya ilə müsahibəni yaxın saatlarda təqdim edəcəyik.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar