“Əhd etmişdim ki, Eldar birinci yeri tutsa, saçlarımı qırxdıracağam”
18 may 2011 12:26 (UTC +04:00)

“Əhd etmişdim ki, Eldar birinci yeri tutsa, saçlarımı qırxdıracağam”

“Eurovision 2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovun anası ilə müsahibə götürəcəyim mənim üçün tam gözlənilməz oldu. Onun məni gözlədiyini bilən kimi, bütün işlərimi atdım və fotoqrafla bir yerdə onların Kukla teatrının yaxınlığında yerləşən evinə getdim.

Köhnə “İtaliya həyəti”nə girən kimi özümüzü itirdik – hansı küçə qapısı və pilləkəni seçəcəyimizi bilmirdik. Amma Eldarın anası belə vəziyyət yaranacağını əvvəlcədən bildiyindən, ümumi eyvana çıxmışdı və bizə hara getmək lazım olduğunu göstərdi.

O, bizi qollarını açaraq qarşıladı. Balaca ikiotaqlı mənzildə ünsiyyətliliyi və yaşına xas olmayan zarafatcıllığı ilə seçilən nənəsi – Minayə xanım da vardı. Eldarın anası Elmira xanım bizi otağa dəvət edəndən sonra oğlunun Azərbaycana qələbə qazandırmasından nə qədər xoşbəxt olduğunu danışmağa başladı.

Lent.az “vesti.az” saytının “Evrovision 2011” Mahnı Müsabiqəsinin qalibi Elmira xanımla götürdüyü müsahibəni təqdim edir.

- Mən bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Biz gənclərimizin belə bir uğur qazanması ilə fəxr etməliyik. Bütün dünya Azərbaycandan danışmağa başlayıb. Mən oğlumun belə bir uğur qazanması ilə fəxr edirəm.

- Siz oğlunuzun “Evrovision 2011”də Azərbaycana qələbə qazandıracağına inanırdınızmı?

- Siz inanmazsınız, amma o Almaniyaya getdiyi ilk gündən məndə belə bir hiss yaranmışdı ki, Vətənə qələbə ilə qayıdacaq. Hətta özümünkülərə xəbərdarlıq etmişdim ki, qələbə qazanandan sonra mənə heç kim zəng etməsin (gülür). Mən əhd eləmişdim ki, Eldar birinci yeri tutsa, qurban kəsəcəyəm və öz uzun saçlarımı kəsdirəcəyəm. Mən əhdimi yerinə yetirəcəyəm.

- Siz Eldarı dəstəkləmək üçün Almaniyaya getməmişdiniz?

- Yox. Eldar dedi ki, mən evdə olsam, onun üçün daha rahat olacaq. Onun istədiyi yerinə yetirilməliydi. Azərbaycanın qalib gəldiyi məlum olanda, bizim küçəmiz uğuldayırdı. Qonşular həyətə çıxaraq məni təbrik edirdilər.

- Artıq Eldarı görmüsünüz?

- Yox. O, hazırda mehmanxanadadır. Dünən mənə zəng edib dedi ki, evə qayıdacağı vaxtı bildirəcək. Belə başa düşdüm ki, hələlik onu görmək olmaz. Qələbədən sonra mənə zəng edib dedi: “Ana, mən səni sevirəm, ağlama”. O, çox ürəyiyumşaq oğlandır və mənə ağlamağa icazə vermir.

- O sizin yeganə oğlunuzdur?

- Murad adlı başqa bir oğlum da var. Eldar və onun arasında 1 il 4 ay fərq var. Mənim Eldarım uşaqlıqdan oxuyur. O, istedadlı oğlandır. Eldar məktəbdə də, institutda da əla oxuyub. O, institutu qırmızı diplomla bitirib. Alman dilində sərbəst danışır. İngilis dilini necə bildiyini isə hamı gördü.

O, körpə olanda, mən ona yatmamışdan əvvəl “Aida” operasından marş oxuyurdum. Eldar çox sözəbaxan və ağıllı oğlan kimi böyüyüb. Mənə heç bir zaman xoşagəlməz sürpriz etməyib. Mən həmişə ona görə arxayın olmuşam. Və mənim oğlum bu gün mənə çox böyük xoşbəxtlik nəsib edib. Bu mənim üçün unudulmaz sürprizdir.

- Eldarın atası sizinlə yaşayır?

- Yox. Biz bir müddət öncə ayrılmışıq. Eldar vaxtaşırı gah mənimlə, gah da atası ilə qalır.

Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadə Eldarın ulu babasıdır. Abbas Mirzə Şərifzadə isə Eldarın nənəsi – xalq artisti Firəngiz Şərifovanın atasıdır. Eldarın ana tərəfindən ulu babası tatar olub. Amma o, heç bir zaman məşhur kökləri barəsində danışmayıb. O, hər şeyi özü əldə edib.

- Eldar xarakterinə görə kimə bənzəyir – sizə, yoxsa atasına?

- Əlbəttə mənə (gülür). O, mənim kimi çox ünsiyyətlidir. Mən hesab edirəm ki, məşhur şəxsin övladı olmaqdansa, məşhur şəxsin anası olmaq daha yaxşıdır.

- Bəs Eldarın ən böyük arzusu nədir?

- O, oxumaq və məşhur müğənni olmaq istəyirdi. Eləcə də, Eldar həmişə ayrı yaşamaq istəyirdi. Özünə mənzil almaq arzusu vardı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657

Oxşar yazılar