Mirşahin: “Təngnəfəslikdən özümüzə gələ bilmirik...” – VİRTUAL MÜSAHİBƏ
19 aprel 2011 11:28 (UTC +04:00)

Mirşahin: “Təngnəfəslikdən özümüzə gələ bilmirik...” – VİRTUAL MÜSAHİBƏ

Lent.az-ın “Virtual müsahibə” layihəsinin budəfəki qonağı ANS telekanalının vitse-prezidenti, verilişlərdə savadlı çıxışları, yazılarda orijinal girişləri, məsələlərə fərqli baxışları, olaylara qeyri-standart reaksiyaları ilə daim Azərbaycan tamaşaçısının maraq dairəsində olan Mirşahin Ağayevdir. Lent.az-la əməkdaşlıq eləyən qələm adamlarının nəzərinə bir daha çatdırırıq ki, bu layihə başqa müəlliflərə də açıqdır. Məşhur şəxslərin danışıq, ifadə tərzlərini parodiya etmək istəyən hər kəs bu layihəni davam etdirə bilər.
Layihədə virtual müsahib kimi görünən şəxslərdən isə xahiş edirik ki, inciməsinlər. Bu, dostyana zarafatdan başqa bir şey deyil…

- Mirşahin bəy, yeriniz rahatdı?

- Pis deyil. Ümumiyyətlə, yerini bilən adamın yeri həmişə rahat olur. İnsan hər situasiyada öz yerini bilməlidir. Yerini bilməyənlər öz yerlərinə otura da bilmirlər. Kənardan kimsə çıxır və həmin adamları yerinə otuzdurur.

- Mirşahin bəy, suallarımıza cavab verməyə hazırsınız?

- Bilirsiniz, dünyada elə bir sual yoxdur ki, ona cavab verə bilməyəsən. Cavab vermək o qədər də çətin şey deyil. Amma cavab verməklə, cavabdeh olmağın fərqi çoxdur. Mən də bu dəqiqə sizin suallarınıza cavab verə bilərəm, amma bu söhbətdə baş verəcək heç nəyə görə cavabdeh deyiləm. Mən cavab verməyə söz verirəm, cavabdeh olmağa görə isə yox.

- Məsələni niyə belə qəlizləşdirirsiniz? Bir söz idi də, soruşdum.

- Nəyisə sadəcə soruşmaq jurnalistin məsuliyyətsizliyindən irəli gəlir. Məsuliyyətli olmaq üçün birinci növbədə nəyəsə məsul olmaq lazımdı. Sizin kimi jurnalistlər isə məsul ola bilmədikləri üçün məsuliyyətli də ola bilmirlər.

- Yaman əsəbisiniz. Qanınız niyə belə qaradır?

- O gün Qaraqanın konsertində olmuşam, ona görə…qışın bu oğlan çağında Qaraqan həm bu ağappaq qara qan damızdırdı, həm də qanımızı qaraltdı. Üstəlik, konsertdə Balakişi adında bala bir kişi mənə bala-bala yaxınlaşıb dedi ki, Mirşahin müəllim, o düzdü ki, bal tutan barmaq yalayar? Dedim, balam, siz elə burada… Bağışlayın, biz nədən danışırdıq?

- Başını buraxın. Eşitmişəm, hazırda hansısa sənədli film üzərində işləyirsiz…

- Yox, üzərində işləmirəm, böyür-başında fırlanıram. Sudanlı xanımlar barədə sənədli film çəkirəm.

- Sirr deyilsə, filmin adı necə olacaq?

- Təbii ki, «Sudan gələn sürməli qız»!

- Başqa nə kimi yaradıcı planlarınız var?

- Şəxsən mənim yox, ANS telekanalının bir neçə layihəsi var. Onlardan ən irimiqyaslısı isə altı nəfər iri çəkili adamın aparıcılıq eləyəcəyi şou olacaq. Təbii ki, siz də izləyirsiz, söhbət Aytən Feyzullayevanın aparıcılıq elədiyi «Kök altı» şousunun formatını dəyişməkdən gedir. Bir az ANS-in tarixinə qayıdaq, deməli biz bu şounu yaradanda Aytən xanıma «bir ağız ağla» dedik, o isə bir qəbiristanlıq adam basdırdı. Camaatı kökün altına nə təhər salırsa, biz sonra o söhbətin altından çıxa bilmirik. Verilişin operatorunu altı dəfə bıçaqlamaq istəyiblər, altı dəfə bıçaq yarası alan operator kök olduğu üçün altı nəfərin bıçağı ona xətər yetirə bilməyib. Yoxsa altı nəfər yığışıb, onu elə bir kökə salardılar ki, tanımalısı qalmazdı. İndi qərara gəlmişik ki, Aytən xanıma Ayaz Salayevi, Elçin Əlibəylini, Fərhad Bədəlbəylini, Elçin Behbudovu və Murad Dadaşovu da qoşaq. Şounun da adını dəyişib, eləyək «Altı kök». Bir də fikrimiz var bir arıq, çöp kimi falçı çağıraq. Studiyada camaatın falına baxsın. Verilişin adı da olsun «BaxArıq».

- Bəs kanalın baxımlı və daha intellektual təbəqənin zövqünə uyğunlaşması istiqamətində hansı addımları atmaq fikriniz var?

- Əslində, biz bu istiqamətdə nəinki addım atmışıq, hətta o qədər yüyürmüşük ki, təngnəfəslikdən özümüzə gələ bilmirik. Təbii ki, kanalda intellektual, ekstraordinar, interaktiv və s bu kimi ağıllı-ağıllı verilişlər çox olacaq. Belə ağır çəkili, dərin məzmunlu verilişlərdən mən bu yaxınlarda formatını dəyişdirib, daha dərin və daha çoxqatlı bir şəkildə tamaşaçı qarşısına çıxaracağımız meyxana deyişməsini misal göstərə bilərəm. «El Gizli axşamlar»-ı Aytən Feyzullayevaya tapşırıb, verilişin adını da dəyişib «Ay, Tənlik söhbətlər» qoyacağıq. Belə verilişlərin sayını mümkün qədər çoxaldacağıq. Məsələn, Aynur xanım «Ay Nurlu səhərlər»i hazırlayır, Aysel xanıma təbii fəlakətlərə məruz qalmış bölgələrdən hazırlanan «Ay Selli əyalət» adlı layihəni tapşırmışıq, Elşən bəy Bakı toylarından «El Şənlik palatka toyları» adlı realiti-şou üzərində işləyir…Ümumiyyətlə, adları Aynur, Aysel, Elşən, Elyaz, bir sözlə babat oyuna, cinasa gələn oğlan və qızlarımıza bizdə veriliş tapılacaq.

- Mirşahin bəy, müsahibə verəndə niyə bir an da olsun, saqqızınızı çıxarmırsız.

- Bilirsiz, bu gün saqqızını yiyəsiz qoyarsan, sabah saqqızını oğurlayarlar. Mən də işimi ehtiyatlı tuturam ki, nə sözün məcazi mənasında döşünə döyən kişi, nə də sözün əsl mənasında döşünə döyən qadın mənim saqqızımı oğurlaya bilməsin. Bir də ki, saqqızı çeynənmişindən bir ziyan yoxdu, söhbətin çeynənmişindən uzaq gəzək, bəsdi.

Söhbətləşdi: Günel M.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar