Sevda Yahyayevanın prodüseri: “Sevda Yahyayevadan utanıram!” – MÜSAHİBƏ
16 aprel 2011 19:48 (UTC +04:00)

Sevda Yahyayevanın prodüseri: “Sevda Yahyayevadan utanıram!” – MÜSAHİBƏ

Lent.az-ın “Yaxın adam” rubrikasının qonağı müğənni Sevda Yahyayevanın prodüseri Pərviz Əsgərovdur.

- Adətən Sevda haqqında belə deyirlər: “Prodüserlərini köynək kimi dəyişir”. Deyirlər ki, o bir adamla uzun müddət işləyə bilmir. Bu həqiqətdir?


- Mən işimi bacarmıramsa, əlbəttə ki, onun yanında olmağım mümkün deyil. Sadəcə yalandan adım varsa ki, Sevda ilə işləyir, əlbəttə əməkdaşlıq uzun çəkməz. Onunla sözün əsl mənasında işləyirəmsə, niyə problem olsun? Səmimi deyirəm, işlədiyim adamlar arasında Sevda Yahyayeva təcrübə qazandığım müğənnidir. Sevda ilə işləyəndə düşünmürük ki, qalmaqal yaradaq, gündəmdə olaq. Bu günlərdə kinoteatrda təqdimat keçirdik. Azərbaycanda ilk dəfə idmanla şou-biznesin vəhdəti oldu, təqdimat zamanı internet vasitəsilə canlı yayım oldu, iki-üç min adam tədbiri izlədi. Bunlar mənim ideyam idi.


- Hə, təqdimatdan sonra da əsl söz-söhbət yarandı. Dedilər ki, Sevda Yahyayeva “xod gedir”. Doğrudan da yaxşı xərc çəkilmişdi...

- Sevda gənc müğənnilər arasında birincidir. Bu, göz qabağındadır. Toyumuz da var, şou-proqramlarımız da var. Sevda nə qazanırsa, onu işlərinə sərf edir. Başqa gəlir mənbəyi yoxdur. Bu gün ona tələbat çoxdur.

- Bəs deyirlər, o yaxşı maddi dəstək alır?

- Çox söz deyirlər. Mətbuat da yazır ki, Türkiyədə çəkdirdiyi yeni klipinə 20 min manat xərclənib. Halbuki belə deyil, o qədər pul xərclənməyib. İyirmi minin yarı qiyməti, hətta ondan da az xərclənib. Türkiyədə maliyyə böhranından sonra klip bazarında sönüklük var. Rejissorlar əvvəlki kimi fantastik qiymətlər təklif etmirlər.

- Təqdimatda Röya da bir məqamı qeyd etdi: Dedi o istiqanlıdır, amma Sevda soyuqqanlıdır. Digər tərəfdən də Sevda sevilir, gündəmdədir. Hər ikisi faktdır. Səncə o necə sevilə bildi?

- Çünki o, dayanmadan işləyir. Bir işi bitdi, digəri başlayır. Estradada ilk dəfə o gənc müğənnilər arasında simfonik orkestrlə konsert verdi. Çoxlu sayda fanatı var.

- Bilirəm ki, Sevda ailəsindən uzaq, tək yaşayır.

- Niyə ki, ailəsi ilə də yaşayır. Onun ailəsinin evi Qobudadır, orada yaşayırdı. Yorğun halda şou-proqramlardan, el şənliklərindən çıxıb uzaq yol getmək çətin olduğundan şəhərdə öz xalası qızı ilə yaşamağa başladı. Ailəsini yaxşı tanıyıram.

- Ailədə neçə nəfərdirlər?

- Ailədə anası, qardaşı və gəlinləridir.

- Ailəsinə maddi dəstək göstərir?

- Əlbəttə. Yaxşı köməklik edir.

- Sevda gənc, yaraşıqlı qızdır. Yəqin ki, çoxlu sevgi təklifi alır, telefonuna SMS-lər gəlir.

- Sevdanın nömrəsi məndədir. Bütün zənglər ora gəlir. Hə, bir də görürəm, yazıblar, “çox gözəlsən, səni çox bəyənirəm”. Mən nə yazım? Cavab yazmıram. Bir insan ki, sevilir, bu normaldır.

- Ona tez-tez evlilik təklifi gəlir?

- Yox. Gəlmir.

- Dalaşırsınız?

- Yox. Niyə dalaşaq ki? Xırda incikliklər olur, o da iki dəqiqədən artıq çəkmir. Sonra yaddan çıxır, gülüb-danışırıq. İşlədiyimiz müddətdə ondan sərt münasibət, kobudluq görməmişəm.

- Ən çox hansı hərəkəti səni qıcıqlandırır?

- Elə bir xüsusiyyətinə rast gəlməmişəm. Çəkilişlərdə nə isə qaydasında olmayanda qışqıra bilər. Bu da normaldır. İşdə hər şey ola bilər. Yeri gəlmişkən, çox məsuliyyətlidir. Paxıllığı yoxdur. Təqdimatda bəzi məqamlar oldu ki, özümüzə də pis gəldi, kənardan başqalarının paxıllıqlarını müşahidə etdik.

- Ən yaxın dostu kimdir?

- Röya və Zamiq.

- Deyirlər, o vaxtilə Röyanın fanatı olub?

- Yox, fanatı olmayıb. İşlərinə maraqlı olub. Röyanın işlərini çox sevib. Fanat odur ki, gecə-gündüz müğənnin qapısında yatır. O dostunu çox sevir, uğurlarına sevinir. Sevdanın özünün fanatları var.

- Yola getmədiyi müğənnilər var?

- Mən işləyən vaxtda görməmişəm. Doğrudan deyirəm, siz özünüz eşitmisiniz? Hətta onun təqdimatına dəvət etmədiyimiz adamlar gəlib.

- Müğənni Kərim olub da bu şəxs?

- İndi olub da... Kiminsə ürəyi istəyib, gəlib. Bu normaldır.

- Necə dolandırır səni?

- Yaxşı dolandırır. Ən yaxşı qazanan prodüser demək olar (Gülür).

- Deyirlər, bütün pulunu geyimlərinə xərcləyir.

- Geyimlərini rəfiqəsi xarici ölkədən gətirir. Çox vaxt paltar alır. Daha çox kontura pul xərcləyir. Saatlarla telefonla danışırıq.

- Sevdanın gəlirini açıqlaya bilərsən?

- Yox. Bircə onu bilirəm ki, onunla iş birliyim bitdikdən sonra başqa heç bir müğənni ilə işləməyəcəyəm.

- Vaxtilə bu sözü mənə başqa müğənninin meneceri də demişdi. Az keçmədi ki, ayrıldı və başqası ilə işlədi.

- Mənim əsas iş yerim var. Sevda mənim dostumdur, dəyər verdiyim insandır.

- Əgər o, səndən imtina etsə, onda necə?

- Normal reaksiya verəcəyəm.

- Adətən belə ayrılıqlar düşmənçiliklə nəticələnir, açırlar sandığı, tökürlər pambığı...

- Sevdanın məndə, mənim də Sevdada sirrim var. Mənim görüşdüyüm şəxs haqqında ilk Sevdanın xəbəri olur. Ümumiyyətlə, onu tanımaq üçün fürsət olub. Düzdür, insanlar sonadək bir-birlərini tanımırlar. Bizim bir-birimizdən qorxulu sirrimiz yoxdur.

- Onun haqqında tərifli olmayan bir şey de.

- Çox tez hirslənir. Bir hadisə baş veribsə, ona reaksiya verir, pis olur. Bu onun pis xüsusiyyətidir. Hə, təyyarədən də bərk qorxur (Gülür).

- Səninlə işləyəndən sonra daha cəsarətli geyinməyə başlayıb.

- Yox. Bu, mənlik deyil. Məncə elə bir dəyişiklik yoxdur axı! O, məndən əvvəl də stilist Anarla işləyirdi.

- İkiniz də gəncsiniz, bu işbirliyi sonradan məhəbbətə çevrilə bilər.

- And içsəm inanarsan ki, mən Sevda Yəhyayevadan utanıram? Vallah, şəxsən mən ondan utanıram. Münasibətimiz pərdəlidir. Ola bilməz. Biz bir-birimizlə dostluq münasibətindəyik. Sevdanın ailəsi mənim ikinci ailəmdir. Elə vaxt olur ki, evdə yemək yemirəm, gedib oturub Sevagilin ailəsində yeyirəm. Danışıb gülürük, konsertə gedirik.

- Klipinə çəkildiyi futbolçu Ruslan Abışovla aralarında həqiqətən də eşq macərası var?

- Qətiyyət belə deyil. Onlar dostdurlar. Ruslan mənim dostumdur. Onu bu layihəyə mən razı salmışam. Sonradan Sevda ilə dostluq münasibətləri yaranıb. Ruslan üçün işi daha əhəmiyyətlidir. Klip futbola olan məsuliyyətini daha da artırıb, sabah işində nə isə axsamalar olsa deyəcəklər ki, Sevdanın klipinə çəkildin, başqa maraqlara başın qarışdı, problem yarandı. Yox, nə məhəbbət?! Ruslanın öz şəxsi həyatı var, Sevdanın da sabah öz həyatı olacaq. Kənardan çox şey demək olar.

- Ötən gün gözlərimlə gördüm, Sevda toyda oxuduğu vaxt kimsə ona yaxınlaşdı, sən kənardan müdaxilə etdin və məclisdən kənar həmin şəxslə mübahisə etməyə başladın. Belə hallar tez-tez olur?

- Yox, tez-tez olmur. Ertəsi gün o şəxsin gətirdiyi 10 nəfərə yaxın adamla görüşdüm. Davranışlarına hakim ola bilməyən bir nəfər şəkil çəkdirmək üçün xoşagəlməz şəkildə Sevdaya müraciət etdi. O, hər şeydən əvvəl mənim dostumdur, üstəlik belə məkanlara mən onunla qatıldığım üçün əlbəttə Sevdaya cavabdehəm. O şəxsi kənara çəkib nömrəni verdim ki, bura məclisdir, mübahisə yeri deyil. Oğlan da ertəsi gün 10 nəfəri götürüb mənim görüşümə gəlib. Məsələni aydınlaşdırdıq, həll etdik.

- Belə hadisələri sonradan gedib ona danışırsan?

- Yox. Bəzən özü şahidi olur. Bilmədiyi hallar da olur.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39