Kralı ağlayan sevgililəri, “Kadillak”ları və... dünya -  ARAŞDIRMA
03 aprel 2011 12:30 (UTC +04:00)

Kralı ağlayan sevgililəri, “Kadillak”ları və... dünya - ARAŞDIRMA

...1956-cı il, sentyabrın sonunda "Love Me Tender" ("Məni incə sev") filminin çəkilişləri bitəndən sonra, Elvis Presli Hollivuddan doğma Memfisə dönür. Elə ertəsi gün - sentyabrın 26-da Missisipi və Alabama ştatlarının illik kənd təsərrüfatı Yarmarkasında çıxış üçün şəxsən qubernatorun özündən dəvət alır...

Onun tərcümeyi-halını araşdıranlar həyatındakı bir faktın üzərində həmişə dururlar: Bu, Elvisin eyni yarmarkada ikinci çıxışı idi. Birinci çıxış isə düz 11 il qabaq - 1945-ci ilin oktyabrında olmuşdu. Onda əyninə geydiyi kovboy kostyumu ilə fəxr eləyən, mikrofona çatmaq üçün stulun üstünə çıxıb akkomponementsiz oxuyan Elvis ikinci mükafata layiq görülərək, beş dollar və pulsuz karusel bileti qazanmışdı...

Preslinin Yarmarkadakı ikinci çıxışında isə artıq vəziyyət bambaşqaydı: onun çıxışı zamanı ictimai asayişi təmin etmək üçün qubernator bəraye-ehtiyat milli qvardiyadan xüsusi dəstə dəvət etməkdə heç yanılmamışdı: çünki müğənninin son çıxışları zamanı heyranlarının ehtirası elə nöqtəyə çatmışdı ki, Elvis konserti yarımçıq dayandırıb, camaatın sakitləşməsini gözləməli olmuşdu. Hətta bir dəfə konsertdən çıxarkən qadın fanatları divanəlik həddinə çataraq nəinki onun özünü, hətta sevimli "Kadillak"ını da əzik-əzik etmişdilər...

Populyarlığı durmadan artdığından Yarmarkadakı ikinci konserti də ştatın həyatında unudulmaz bir hadisəyə çevrildi. Artıq sentyabr ayının sonu üçün yeni "Love Me Tender" valına qabaqcadan sifarişlərin həcmi bir milyon nüsxəyə çatdı.

Vəziyyəti belə görəndə, mühafizəkar Amerika ictimaiyyəti həqiqətən həyəcan təbili çalmağa başladı. Bütün tanınmış mətbuat orqanlarında gənclərin yeni kumirinə qarşı tənqid kampaniyası geniş vüsət aldı, kilsələrdə, bazar günləri məktəblərində din xadimləri bu cavan oğlanı "şər elçisi" adlandırır, nifrətlə damğalayırdılar. Radiostansiya sahibləri öz səhmdarlarının təzyiqi altında Elvisin mahnılarını efirdən çıxarırdılar. Tamaşaçı auditoriyasının genişlənməsi və reytinq dərdinə qalan diceylərin əksəriyyəti isə əlləri bir yana çatmadığından susmağa məcbur idilər. Diceylərin hamısı yox, əksəriyyəti susurdu. Amma onların arasında San-Fransisko studiyasının diceyi Brüs Vanderhat kimiləri də olurdu. Elvisə qarşı ölkə miqyasında başlanan "səlib yürüşü"nə etiraz əlaməti olaraq, Brüs öz proqramında müğənninin "Love Me Tender" mahnısını dalbadal 14 dəfə səsləndirdiyinə görə işdən qovulmuşdu...

Bu mahnı Elvisin iştirakı ilə çəkilən eyni adlı filmdəndir. Onda bütün kino tənqidçiləri həvəssiz də olsa, etiraf etdilər ki, Elvis Preslinin aktyorluq məharəti yox deyil. Yeri gəlmişkən, burda bir neçə kəlmə də həmin film barədə desəm, yerinə düşər. Bizim üçün son illər aktuallaşmış "marketinq" anlayışı Hollivudda artıq 50-ci illərin ortalarında geniş yayılmışdı. Hazır filmləri geniş tamaşaçı auditoriyasına təqdim etməmiş, sosioloji parametrlərinə görə diqqətlə seçilmiş kiçik qruplara göstərirdilər. Onların reaksiyasını öyrənərkən, filmin bütün ölkədə doğuracağı əks-sədanı təxmin etmək mümkün olurdu. Elvisin filmində, ssenariyə əsasən, baş qəhrəman həlak olurdu. Belə sonluq sınaq üçün seçilmiş kiçik auditoriyanı elə qüssəyə qərq etmişdi ki, prodüserlər sevimli qəhrəmanlarının ölümünü camaatın onlara bağışlamayacağını anladılar və filmin sonluğu təzədən çəkildi. İkinci versiyada artıq Elvisin ifa etdiyi qəhrəman sağ qalaraq pərəstişkarlarına böyük sevinc bəxş edirdi...

Elvis Preslinin 1956-cı ildəki populyarlığını anlamaq üçün onun həyatını araşdıranlar oktyabrın 18-də Memfisdə baş vermiş bir hadisəni də müntəzəm xatırladırlar. Müğənni təzə aldığı "Linkoln-Kontinental" maşınında benzindoldurma stansiyasına girir. Maşından çıxmasıyla pərəstişkarlarının toplaşması bir olur - stansiyada iş dayanır, obyektin sahibi isə təbii ki, bundan xoşlanmayaraq Elvisin tez çıxıb getməsini tələb edir. Oğlan isə benzin almaq üçün gəldiyini söyləyərək, bakını doldurmadan heç yana getməyəcəyini bildirir. Söz sözü çəkir, mübahisə böyüyür və stansiya sahibi mister Hopper işçiləriylə bir yerdə Elvisi maşına zorla oturtmaq istəyirlər, o da əsəbiləşib Hopperin gözünün altını qaraldır. Polis çağırırlar və davanın bütün iştirakçılarını məntəqəyə aparırlar... Ertəsi gün məhkəmə Presliyə haqq qazandırır, Hopper isə cərimə edilir...

1956-cı ilin axırlarına yaxın Elvis anasına çəhrayı rəngdə eksklüziv "Kadillak" maşını bağışlayır. Həmin maşın bugünədək durur və Qreyslənd muzeyinə yolu düşənlər onu indi də görə bilərlər. Elvis anasını o dərəcədə sevirdi ki, uşaqlıq dostları onu "ana uşağı" adlandırırdılar. Anasından nə dərəcədə asılı olduğunu deyə bilmərik, amma zahiri əlamətlərinə və xasiyyətinə görə, Elvis anasına yaman oxşayırmış. Bizimkilər demişkən, "elə bil fırt eləyib burnundan düşürmüşdü". İnsan kimi onlar bir-birinə o qədər bənzəyirdilər ki, baxan məəttəl qalırdı.

Presli ailəsində qeyd-şərtsiz matriarxat hökm sürürdü və atasının zaman-zaman suverenlik qazanmaq istəyi arvadının dəmir iradəsinə dəyərək çilik-çilik olurdu. Qledis qəbul edilən bütün qərarların başında dururdu. Yəqin fikir vermisiniz ki, sərt təbiətli, qətiyyətli adamlar kalorili yeməyi çox sevirlər. Onlarda da beləydi: alaçiy, qanlı bifşteks onlar üçün adi yemək idi. Xeyli qabağa qaçaraq deyək ki, uzun sürən qarınqululuq axırda yazıq Qledisi sağalmaz xəstəliyə düçar etdi; günlərin birində onun qaraciyəri qida ilə qəbul etdiyi zərərli şeylərə etiraz səsini ucaldıb serroz oldu və hələ orta yaşlarında olan bu qadının ömrünü yarımçıq kəsdi...

Amma Elvisi sarsıdan bu hadisəyə hələ xeyli vardı. Hələlik isə Ed Sallivanın şousu gəlirdi. Ed Sallivanın adını eşitmisiniz - o dövrdə Amerikanın ən tanınmış şoumenlərindən biriydi və Elvisin səhnə karyerinin əvvəlində and içmişdi ki, onu heç vaxt verilişinə çıxarmayacaq. Amma əlahəzrət "reytinq" böyük qüvvədir!

1956-cı il sentyabrın 9-da Sallivan andını unudaraq Elvisi efirdə qəbul edir. Yalnız bir neçə gündən sonra bəlli olur ki, bu özündənrazı insana prinsiplərini unutduran nə imiş. Sən demə, Presli şouya çıxan gün 54 milyon amerikalı gözlərini mavi ekrana dikibmiş və onun televiziya reytinqi Amerika prezidenti Eyzenhauerinkindən də çox imiş...

Elvisin bu misilsiz rekordu düz doqquz il qüvvədə qalacaq və yalnız 1964-cü ildə əfsanəvi "The Beatles" qrupu ekran qarşısına daha çox tamaşaçı toplayacaq...

Oktyabrın 28-də Ed Sallivanın şousunda Elvisin daha bir çıxışı olur, o, beşinci qızıl diskini alır, Nyu-Yorkun Tayms Skver meydanında, "Paramount" kinoteatrının girəcəyində 15 metrlik reklam lövhəsində şəkli vurulur. İlin sonunda isə "Billboard" jurnalı onu Amerika hit-paradlarının birinci yüzlüyündə ən çox mahnısı olan bir müğənni kimi bütün dünyaya təqdim edir...

1957-ci il... Yanvarın 4-də hərbi komissarlıqdan aldığı çağırışa əsasən, Elvis tibbi komissiyanı keçərək əsgərlik üçün yararlı olduğu barədə arayış, sıra nömrəsi alır, amma orduda qulluq perspektivinə inanmadığından eyni zamanda üç filmin çəkilişlərinə başlayır. Mart ayında isə "Billboard" jurnalını növbəti statistik məlumatı təqdim edir: 1956-cı ildə Elvisin 12 milyon nüsxədən artıq 45-lik, 750 min nüsxə isə iri valı satılıb...

Səhnədən aldığı qonorarlar Presli ailəsinə kefləri istəyən kimi yaşamaq imkanı verirdi. Həmin o Memfisdəki Qreyslənd malikanəsini 1957-ci ildə Elvis 100 min dollara alır. Bu məbləğ elə indinin özündə də az pul deyil, amma onda bütöv bir sərvət idi. Ailə təzə evə yalnız üç həftədən sonra köçə bilir: Elvis qastrol səfərlərindəydi - Çikaqo, Sent-Lüis, Detroytu gəzirdi. Tək Baffalodakı konsertdən 40 min, Kanadadakı dörd konsertdən isə 300 min dollar pul yığıldı. Artıq Elvis əsl pulkəsən maşına çevrilmişdi. Və söhbətin hansı pullardan getdiyini Elvis özü bilməsə də, onun prodüseri polkovnik Tom Parker gözəl bilirdi. Parker həm də onu bilirdi ki, pul götürmək üçün pul qoymaq lazımdır.

Daim fantastik ideyalarıyla diqqət çəkən təcrübəli prodüser Elvisə təmiz qızıldan kostyum tikdirmək qərarına gəlir. Bu işi boynuna çəkən isə Hollivudun tanınmış modelyeri Nudi olur. Kostyum müğənniyə 10 min dollara başa gəlir. Həmin vaxt işıq üzü görən valın üstündə Preslinin məhz bu kostyumda şəkli verilib. Haqqında xeyli söz-söhbət dolaşan kostyum çox ağır, narahat idi, o əynində olanda müğənni istidən lap bişirdi. Elvis hər dəfə bu kostyumu geyəndə can çəkirdi. Bu narahatlığa cəmi bir neçə ay dözə bildi və sonra bahalı kostyumunu kiməsə bağışladı...

1957-ci il iyulun 9-da "Paramount" şirkətinin çəkdiyi "Loving You" filminin premyerası Memfisdə oldu. Filmin ətrafında elə bir ajiotaj vardı ki, Elvisin tədbirə gəlişinə təhlükəsizlik baxımından icazə vermədilər. Onun pərəstişkarları müğənnini qarabaqara izləyir, bir an belə rahat buraxmamağa çalışırdılar. Xalq Elvisi, Elvis isə kotleti sevirdi. Əgər kansısa kafe bir dəfəyə yüz dənə hamburger-kotletə sifariş alırdısa, deməli, Elvislə dostları yaxınlıqdakı studiyada işləyirdilər...

Elvis Preslinin gündəliklərini vərəqləyəndə görürsən ki, qızları, necə deyərlər, lap əlcək kimi dəyişirmiş. Qadın rəfiqələrinin, daha doğrusu, bizə bəlli olan qadın rəfiqələrinin adlarını yada salaq: aktrisa Natali Vud, Merilin Evans, rəqqasə Dotti Harmoni və sairə. Bunlar hələ Elvisin sevdikləridir. Elvisi sevənlərin isə yəqin heç hesabı aparılmayıb... Amma nə qədər qəribə olsa da, bütün bunlara baxmayaraq Elvisə qətiyyən pozğun demək olmazdı.

1957-ci ilin iyulunda Memfisdəki radiostansiyaların birində diceylik edən və yerli televiziyada musiqi verilişi aparan 19 yaşlı Anita Vudu görüb bəyənir. Təbiətən çox utancaq adam olan Elvis özü qıza yaxınlaşmağa ürək eləmir. Dostundan xahiş edir ki, onu bu ağbəniz xanımla tanış eləsin. Bir neçə gündən sonra isə, qızı valideynlərinə təqdim edir. Anitadan hamının xoşu gəlir və artıq bütün söhbətlər Elvisin toyu barədə idi ki, polkovnik Parker öz qəti rəyini bildirir: evlənmək barədə söhbət belə getməməlidir!
O gözəl bilirdi ki, rok-n-roll erasının lap başlanğıcında Elvisin qız fanatları evlənməsini ona bağışlamazlar. Polkovnikin məntiqi beləydi: nə qədər ki Elvis subaydır, dünyanın bütün qızları ona ərə getmək şansına cüzi də olsa, malikdirlər! Elə ki evləndi, bu şans da əldən çıxır. Müğənninin vallarına milyonluq tiraj, konsertlərinə dolu zalları da məhz qadın sevgisi təmin edirdi...

Qısası, Tom Parkerin "olmaz!" komandasından sonra toyu qeyri-müəyyən müddətə təxirə saldılar. Anita düz Elvis Almaniyaya əsgərliyə gedənə kimi, onun rəsmi nişanlısı olaraq qaldı. Almaniyada isə oğlan 14 yaşlı Pristsilla Büllə tanış olaraq sevdiyi Anitasını tamam unutdu...

Elvisin əsgərlik həyatı başlandı. İndi təsəvvür etmək çətindir, amma o dövrdə Amerika Birləşmiş Ştatlarında hərbi mükəlləfiyyət o dərəcədə müqəddəs sayılırdı ki, ordu sıralarında icbari qulluqdan Elvis Presli kimi ulduz belə azad ola bilməzdi.
Çağırış vərəqini alanda müğənni Beverli-Hillzdəki şıq otellərin birində yaşayırdı. Orduya getmək perspektivi Elvisi o qədər sarsıtmışdı ki, acığını otaqdakı bahalı vazlardan bir neçəsini pəncərədən çölə tullamaqla çıxmışdı. Parker yanında olmasaydı, kim bilir hələ nələr baş verəcəkdi. Təcrübəli, oğlanın xarakterinə yaxşı bələd olan prodüser onu inandıra bilir ki, səhnədən iki illik getməsi pərəstişkarlarının marağını bir az da artıracaq, rok ulduzunun əsgərlikdən dönüşü isə az qala milli bayrama çevriləcək...

Və budur, Elvis Presli fotomüxbirlərdən ibarət eskortun müşayiətiylə Fort-Hud adlı şəhərciyə yollanır. Onun orduya çağırışı ölkənin cavanları arasında böyük etiraz dalğası yaradır, həm ordu rəhbərliyinin, həm də prezidentin ünvanına minlərlə teleqram, məktub gedir. Gənclər müğənninin ordudan azad olunmasını tələb edirdilər.
Əsgərliyə gedəndə Elvis Preslinin artıq 53 milyon pulu vardı, amma özü təbəssümlə deyirdi ki, 80 dollar əsgər məvacibi almaq da ləzzətlidir. Yaxşı ki, sürücülüyü unutmamışdı, özünü "Jeep" sükanı arxasında arxayın hiss edirdi. İlk gündən hamı kimi gecələr çəkmələrini parıldadır, "Qarovula!" komandası veriləndə tüfəngini cəld çiyninə alırdı. Həyatında yalnız bir şey dəyişməmiş qalırdı - əsasən qadınlardan ibarət olan pərəstişkarları həftədə ona əvvəlki kimi, 15 min məktub yollayırdılar. Qadınlar nə bilir əsgərlik nədir...

Az sonra Elvisin valideynləri onun qulluq etdiyi hərbi hissənin yaxınlığına köçürlər. Sonra anasının vəziyyəti qəflətən pisləşir və o, Memfisə dönməli olur. Həkimlərin diaqnozu qəti idi - hepatit. Sağalmağa ümid yox idi və qadın 1958-ci il, avqustun 14-də dünyasını dəyişir...

Elvis son dəqiqələrində anasının yanında olmadığına görə ömrünün axırına kimi vicdan əzabı çəkərək özünü qınayacaq. Bu qınaq əsassız deyildi; ağlına gəlsəydi, icazə alaraq xəstə anasının yanına gedə bilərdi...

Payızda isə Preslini Qərbi Almaniyada yerləşən 3-cü tank diviziyasına - Frankfurt yaxınlığındakı Fridberq şəhərinə göndərirlər. Bu qərar, bir tərəfdən anasının vəfatından ruhi müvazinəti pozulan Elvisin fikrini dağıtmaq, digər tərəfdən onu minlərlə pərəstişkarından uzaqlaşdırmaqla etiraz dalğasını səngitmək məqsədi daşıyırdı. Rok ulduzunun orduda qulluğu Pentaqon üçün vətənpərvərlik nümunəsi, gözəl təbliğat vasitəsi, ordu sıralarına cavanları cəlb etmək üçün uğurlu fənd idi və yüksək rütbəlilər bu dividendi əldən çıxarmaq fikrində deyildilər, çünki az sonra, Vyetnam müharibəsində karlarına gələcəkdi...

Almaniyada qulluq etmək Elvis üçün daha asan oldu. Presli öhdəsinə düşən vəzifələri eynən başqaları kimi yerinə yetirirdi. Lakin boş vaxtlarında onun imkanları daha geniş idi. Kapral hər həftə istirahət günlərini Parisdə, Romada keçirirdi, hələ istəyəndə təyyarəylə doğma Memfisinə də gələ bilirdi. O, kazarmada deyil, ayrıca mənzildə öz dostlarıyla bir yerdə yaşayırdı. Az sonra müğənninin ətrafında dostlarından və qohumlarından ibarət bu anturaj "Memfis mafiyası" adını alacaqdı. Bu mafiyanın bəzi üzvləri Elvislə hələ məktəb illərində, bəziləri isə orduda tanış olmuşdular.

Və günlərin birində elə dostlarının sayəsində hərbi hava qüvvələrinin kapitanı Bualye soyadlı birisinin qızı, 14 yaşlı Pristsillaya vuruldu. Yaxınlaşanda sarışın gözəl sıxıldı. Hələ bu azmış kimi, Elvisin özü də qəfil utancaqlıq mərəzinə tutuldu... Ordu həyatı Elvisə ilk məhəbbətini unutdurdu, nə vaxtsa ailə quracağına ümid yaratdı. Və bu ümidlər neçə il sonra çin oldu. Bir qədər irəli qaçaraq deyək ki, Elvislə Pristsilla evlənəcək, düz beş il bir yerdə olacaqlar. Bu, rok ulduzunun həyatı üçün görünməmiş müddətdir...

Onların Liz-Mari adlı qızı da olacaq. Amma Pristsilla Elvisə dözə bildiyi qədər dözəcək. Günlərin birində balaca qızını da götürüb gedəcək...

Əsgərlik müddəti bitəndən sonra Elvis polkovnik Parkerin hər şeyi düzgün ölçüb-biçdiyinə bir daha əmin oldu. Bizim "dembel" 1960-cı ildə bir disk buraxdı. "Elvis qayıtdı" adlanan, üzərində müğənninin kapral paltarında fotosu olan disk bir il ərzində 76 milyon dollarlıq satıldı.

Onun bioqrafiyasını izləyərkən adama elə gəlir ki, indi Elvisin həyatı düzənli şəkildə davam edəcək, çünki qarşıda məhsuldar və stabil yaradıcılıq cəbhəsi açılırdı. Lakin belə olmadı. 1962-ci ildə, Memfisdəki növbəti konsertindən sonra müğənni qəflətən yoxa çıxdı. Onu yaman axtarırdılar. Ən çox da bulvar mətbuatı. Amma heç iri, respektabelli qəzetlər də marağını gizlədə bilmirdi. Onunla hamı maraqlanırdı, Elvis isə Qreyslənddəki malikanəsində inzivaya çəkilərək "İncil" oxuyur, lap darıxanda isə tapançadan evindəki bahalı bəzək əşyalarına atəş açırdı. Xiffət, apatiya, biganəlik, narkotiklər və sel kimi viski... Bütün bunlar Elvisin anasının da həyatında olmuşdu. O zamanlar dərin depressiya içində olan müğənni hamıya deyirdi ki, tezliklə anası ilə görüşünə hazırlaşır...

Yalnız 1967-ci ilin mayında Elvis pərəstişkarları sevindirici xəbər alırlar:
"Qara depressiya bitdi!
Elvislə Pristsilla evlənirlər!
O, səhnəyə qayıdır!..."

Amma bu qayıdış onun səhnəyə gəlişinə heç bənzəmədi.

Əsgərlikdən sonra Elvisin dünyaya baxışı da dəyişdi, musiqi zövqü də. O artıq "alovlu roker" deyildi, yavaş-yavaş mühafizəkar Amerikanın sevdiyi balladaların ifaçısına çevrilirdi...

Onun həyatının son illəri daimi müəmma və suallar içində keçdi. Ən böyük sualı isə ölümü yaratdı...

***

Rok-n-roll kralının ölümüylə əlaqədar bir neçə fakt

Elvis Presli 1977-ci il, avqustun 16-da, günorta saat 2-də dünyasını dəyişdi.
Rok Kralı öləndə 42 yaşı vardı.
Sonuncu sevgilisi onun meyitini Qreyslənd malikanəsinin vanna otağında tapdı.
Toksikoloqlar Elvisin qanında 14 narkotik preparatın izlərini tapdılar.
Sonralar onun şəxsi həkimi məhkəmədə etiraf etdi ki, son üç il ərzində Presliyə 19 min doza sakitləşdirici və yuxugətirən dərmanlar yazıb.
Elvis həm də kökəlməyə qarşı hormonal preparatlar qəbul edirdi.
Həyatının son aylarında Elvisin çəkisi 200 kilo olmuşdu.
Ölümünün rəsmi səbəbi ürəyin dayanmasına gətirən dərmanların dozadan artıq qəbulu olmuşdu.
Preslinin dəfn mərasimini dünyanın neçə ölkəsində birbaşa izləyirdilər.
Elvisi son mənzilə aparan katafalkın arxasınca onun minlərlə pərəstişkarı ilə bir sırada 17 dənə "Kadillak" markalı sevimli maşını da gedirdi...

***

Elvisin ölümdən sonrakı həyatı barədə bir neçə fakt

Onun pərəstişkarları onda musiqiçinin ölümünə inanmadılar.
Amerikalıların üçdən biri Preslinin ölümünə hələ də şübhəylə yanaşır.
Xalq arasında populyar olan əfsanəyə əsasən, musiqiçinin ölümü üstalıqla qurulmuş tamaşa idi və o, əslində xeyli sonra dünyasını dəyişib.
Versiyalardan biri deyir ki, soyuduculu katafalkdakı Elvisin mum fiquru olub - əriməsin deyə, qəbiristana soyuduculu maşında aparıblar.
Dəfndə iştirak edənlərin xeyli hissəsi Elvisin üzünün bir tərəfində bakenbardının olmadığını görərək bu qənaətə gəliblər ki, saxta bakenbard mum sifətdən qoparaq yolda düşüb.
Başdaşında Preslinin adı Aron deyil, Aaron yazılıb və bu ona dəlalət edir ki, məzardakı Elvisin özü deyil.
Dəfndən bir ay sonra kimsə müğənninin qəbrini açıb ki, tabutun boş olmadığına inansın.
Dünyanın müxtəluf yerlərində Evisi təzəlikcə gördüyünə əmin olan adamlar indi də var.
2004-cü ildə Kanzas şəhərindən olan bir həkim-psixiatr bəyan edib ki, pasientlərindən biri əfsanəvi Elvis Preslidir, onun artıq 67 yaşı var, saçı tamam aşarıb, artritdən əziyyət çəkir, amma səsi hələ batmayıb və xəstəxanada doğuş zamanı ölmüş ekiz qardaşı Cessinin adı altında müalicə alır...

***

Maraqlı tarixçələrdən biri də bitdi...
İndi necə bilirsiniz, Elvis ölüb, yoxsa yox?
Mən bir şeyi əminliklə deyə bilərəm: Elvis Presli əgər ölübsə, deməli müasir zamanda ölülərin ən varlısıdır. Çünki nüfuzlu "Forbes" jurnalı yazırdı ki, Elvis tək 2008-ci ildə 52 milyon dollar pul qazanıb.
Müqayisə üçün deyək ki, tanınmış və diri Madonnanın eyni ildə qazancı bu məbləğdən 12 milyon az olub...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar