Tünzalə Ağayevanın prodüseri: “Normal insan Tünzalə ilə işləmək istəməz” - MÜSAHİBƏ
22 oktyabr 2010 16:29 (UTC +04:00)

Tünzalə Ağayevanın prodüseri: “Normal insan Tünzalə ilə işləmək istəməz” - MÜSAHİBƏ

Lent.az-ın “Yaxın adam” rubrikasında bu dəfəki qonağımız Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarovdur

- Bildiyimə görə, keçmiş həyat yoldaşından sonra bu günə qədər Tünzalə Ağayeva ilə işləyirsən.

- Tünzalə ilə biz 2000-ci ildən, “Bakı Payızı” müsabiqəsindən sonra çalışmağa başlamışıq. Müsabiqə bitəndən sonra məndən xahiş etdi, bir illik də olsa, birlikdə işləyək. Tovuzdan gəlmiş bir insan ümumiyyətlə şəhər həyat tərzinə, musiqi dünyasına münasibətdə xam idi. Qərar verdim bir il yardımçı olum. 2002-də “TÜRKSOY” müsabiqəsinə çağırdılar. Fikirləşdim ki, artıq gələn il işimiz bitəcək. Müsabiqəyə görə hazırlığa başladıq. Daha sonra “Yalta”ya dəvət aldıq. Artıq üçüncü il idi ki, bir yerdə işləyirdik...

- Tünzalənin uğurları artdıqca həvəslənib birlikdə işləməyə qərar verdiniz. Adətən əməkdaşlıq o vaxta qədər davam edir ki, yaxşı da qazanc gətirsin. Tünzalə kimi az qazanc əldə edən müğənni ilə illərlə işləmək hansı zərurətdən irəli gəlir?

- Deyə bilmərəm ki, qazanc fikri yox idi. 2004-2005-ə qədər onun strategiyası qeyri-adi idi. Çalışırdıq o, proqramlarda, tədbirlərdə az görünsün. Mənim özümün də qazancım var idi, Azərbaycan Gənclər İttifaqında şöbə müdiri işləyirdim. Tünzaləyə aid olan işlərin yalnız musiqi qisminə baxırdım. Ailəsində gedən dəyişikliklərdən sonra o vaxt özüm də gözləmədən qalmaqala düşdüm. Qətiyyən ağlıma da gəlməzdi ki, bu ola bilər. O vaxt müğənni də bu qədər çox deyildi. Tünzalə həm də yenilik, maraq idi. Tədbirlərdən uzaq olduğu üçün ailə münaqişələri mənim üçün dəhşətli sınaq idi. Missiyam onu mətbuatdan hərtərəfli çıxarmaq oldu. Əvvəlcə psixoloji dəstək məqsədilə işlərinə qarışdım. Sonra gördüm ki, ona qarşı böyük dalğa gəlir, təzyiqlər var. O ağır vəziyyətdən bir yerdə çıxdıq. Fikirləşirdim ki, necə edim, xəyal qırıqlığına uğrayıb sənətdən uzaqlaşmasın. Mətbuatla və ictimai fikirlə əlaqəsi yox idi.

- Bu söhbətdən belə anladım ki, Tünzalə üçün həm menecer, həm də dostsunuz. Bunun maddi və mənəvi qarşılığı hansı səviyyədədir?

- Vəziyyətdən çıxandan sonra başa düşdüm ki, belə xasiyyətli adam hər adamla işləyə bilməz. Artıq 2005-də bilirdim ki, Tünzalə ilə nə isə etmək lazımdır ki, maddi tərəfdən özünü doğrultsun və işləri davam etsin. Özü can atırdı ki, müasir musiqinin öz yolunu, üslubunu seçsin. Bu eksperimentin içində maddi gəlir də olmalı idi. Hər il üç-dörd kommersiya mahnısı yazılır. Gənclərə aid, korporativ səhnələrə çıxmaq üçün musiqi yazılır.

- Əməkdaşlıqdan təmənnanız yox kimidir.

- Təmənna yoxdur deyəndə ki, hər hansı bir layihədə əlbəttə ki, həm Tünzalənin, həm də Yalçının gəliri var. Amma toy haqqında düşünməmişəm.

- Belə layihələr də həmişə olmur. İlboyu bir neçə dəfə...

- Tünzalə məclislərdə iştirak edir. Ayın 15 günü toyda olması mümkün deyil.

- Yox, bilirsiniz nə maraqlıdır? Deyirsiniz ki, başqa işlərim var. Müxtəlif layihələr həyata keçirirsiniz, məşq və hazırlıqlar, teleproqramlarda iştirak vaxt aparır. Öz işlərinizə necə vaxt ayırırsınız?

- Özüm layihələr işləyirəm. Sosial layihələr hazırlayıram, tədbirlər keçirirəm. İctimai təşkilat kimi gördüyümüz işlər, tenderlər bir il-iki il davam edir. Onun da qazancı və gəlirləri var. Amma böyük bir kommersiya deyil.

- İstər-istəməz menecer kimi tanınırsınız. Bu, təəssüf yaratmır? Nə qədər dost olsanız da, onun uğuru bir gün sevindirə, sabah münasibət pozulanda təəssüfləndirə bilər.

- Yox, mən onunla sabah əməkdaşlığa son qoysam da, potensialıma bələdəm. Misal üçün, indi “Bakı Payızı”nı bərpa etməyə hazırlaşıram. Tünzalə ilə işləyəndə bir neçə müğənni ilə kommersiya yönündə əməkdaşlıq etmişəm. Konsertlər, layihələr etmişik. Bu, maddi cəhətdən əməkdaşlıq olub. Bu işi bilirəm. O ki qaldı Yalçın Cabbarov kimi müsabiqə təşkilatçısı və ya filankəs kimi tanınmağıma, təzədən o adı özümə qaytarmaq çətin deyil. Tünzalənin uğuru öz uğurumdur. Onu öz uğurum kimi qavrayıram. Düzdü, güllər, alqışlar ona aid olur. Lakin arxa planda nə olur, onu şükür Allaha ki, Tünzalə özü də yaxşı bilir.

- Bu sonradan təəssüfə çevrilə bilməz?

- Yox, çevrilə bilməz.

- Ruslar deyir “heç vaxt “heç vaxt” demə...”

- Allah hamıya ömür versin, pensiyaya çıxanda gördüyün işlərin sığortasını alırsan. Mənim təəssüratlarım da o olacaq ki, filan vaxtı, filan müsabiqələri mən hazırlamışam. Mən bu işdən zövq alıramsa, necə sabah təəssüflənə bilərəm? Tünzalə ilə bağlı ideyalar məni bu işdə saxlayır.

- Ailədə bu əməkdaşlığı aqressiv qarşılamırlar?

- Şükür Allaha, mənim yoldaşım da Tovuzludur. Tovuzlular bir-birini çox istəyirlər. Sonra, ailəlikcə gediş-gəlişimiz var. Necə ki, onlar ilin 300 gününü bizim evdə olurlar, eləcə də mənim ailəm. Bizim ailələrimiz də bu işin fanatıdır. Gördüyümüz hər iş sözün yaxşı mənasında müzakirəyə səbəb olur. Tünzalə ilə valideynlər tərəfindən narazılıq yoxdur, balansı saxlamağa çalışıram.

- Bəs zamanında narazılıq olanda, həmin vaxt adınız birlikdə hallananda reaksiyalar necə idi?

- Dərd budur ki, o vaxt şayiələr gəzəndə, mətbuatda fikirlər dolaşanda Tünzalə ilə adımızın hallanması evdə yalnız gülüş yaradırdı, “axı bu niyə belə dedi...” 3-4 ay əvvəl bu informasiya olmasaydı, bu situasiyalar baş verəndə bəlkə də problem yaşaya bilərdik. Bəlkə də aldatmaq üçün nə isə deməyə məcbur olardım. Vəziyyət çox şəffaf idi. Onun insan kimi dəstəyə ehtiyacı var idi. Valideynlər də çox şeyi dərk edə bilmirdi. Anam-atam müəllim, mətbuat adamı idilər. Haradasa emosiya yox, ağıl üstündə onları hazırladıq. Anam həm də bizdə qalırdı. Valideynləri Bakıya köçəndən sonra onlarla yaşadı.

- Bu 9 ildə inciklik olub?

- Olub, o qədər! Vəziyyət o yerə çıxıb ki, demişik , “bəsdir...” Yalnız xasiyyətinə görə mübahisələrimiz olurdu. Filan yerdə filan şeyi düz eləmədin, sən niyə filan şeyi filan cür elədin. Yəqin ki, işimiz bura kim idi. Sabah artıq günorta telefonla üç-dörd kəlmədən sonra aydın idi ki, münasibətlərimiz pozula bilməz. Aramızda böyük mübahisələr olub, o demək deyil ki, əməkdaşlığa son qoyaq. Bizi bir şey ayıra bilər, işimizdə bir-birimizə satqınlıq etsək... O vaxt artıq geriyə dönmək söhbəti olmayacaq. O adam istəyir Azərbaycanı şahid gətirsə, inanmayacaq. 2005-də elə insan mənə elə söz deyirdi ki, fikirləşirdim, hörmətli adamdı, dediyində həqiqət olar, şükür Allaha, Tünzaləyə inamım daha çox olduğundan məlum olurdu ki, o istəyir ki, biz işləməyək.

- Sabah ailə qursa, Tünzaləyə deyilsə ki, Yalçınla işləmə, onda necə?

- O vaxt iş dayanmalıdır. Həyati vacib bir iş görmürük ki, bu mənim üçün həm hobbi, həm də “azart”dı. Mən Tünzalə üzərində biznes qurmamışam ki, itirəm. Yaxşı tanıdığımdan deyə bilərəm ki, işləməsək müğənnilik etməz, bəstəkarlıq edər. O xasiyyətdə adamla işləmək yüngül iş deyil. Normal insan Tünzalə ilə işləmək istəməz. Normal insan o mənada deyirəm ki, o insan artıq qazanc istəyəcək. Tünzalə onları çox gözəl anlayır, bilir ki, başqa yönlü əməkdaşlıq olacaq. Çox adama qəribə gələr, Tünzalə oxumasa da olar. O, hal adamıdır və hər adam başa düşə bilmir.

- Bayaqdan ancaq yaxşı sözlər eşidirəm, pis cəhəti yoxdur?

- Bilirsiniz, insan insanı istədiyi şəkildə qəbul edir. Mən onu aqressiv, istədiyini yürüdən bir insan kimi təqdim edə də bilərəm. Onun xasiyyəti yüngül deyil. Bəzi işlərdə o mənə böyük ziyanlar vurub, əməkdaşlıq etdiyim insanlara münasibətində. Deyir, bilə-bilə ki, bu insan filan hərəkətlərin sahibidir, mən necə onu heç nə olmamış kimi edə bilərəm... Məni bu qızışdırırdı. Zamanla anladım ki, bu insan dəyişə bilməz. Tünzalə öz xasiyyəti ilə sözün yaxşı mənasında həyatına “ziyan”lar gətirdi. Çox böyük problemlər yaratdı, lakin baxıram ki, bəlkə bu iş olsaydı, bəlkə işlərimiz də başqa cür olardı. Deyirdim ki, qəbul elə, bu işbirliyini yola ver. Deyirdi yox! O, səmimiyyəti sevir.

- Kənardan tamam ayrı görünür, hətta qeyri-səmimi olduğunu deyənlər də az deyil.

- Sözünün qüvvəti, onun haqqında deyirlər ki, özündən razıdır. Otağa girəndə bir insanı tanımırsa, onunla ünsiyyətə girmir. 10-15 dəqiqədən sonra 180 faiz dəyişə bilər. İki ildir ictimai-sosial layihələrdə iştirakdan sonra insanlarla ünsiyyəti çoxalıb və əvvəlki təəssüratlar fərqlidir. Elə insanlar var ki, başa salıram, lakin deyir, nə bilim, istəsəm də qəbul edə bilmirəm...

- Uzaq gələcəyi düşünəndə nəyi təsəvvür edirsiniz?

- Uzaq gələcək haqqında düşünmürəm. Bizim planlarımız var, görüləcək işlər barəsində. Bəlkə Tünzalə gələcəkdə ailə quracaq, bəlkə oxumayacaq...

- Yaxşı, sualı dəyişdirək, deyək ki, “vaxt gələcək ki, biz...”

- Bircə onu deyə bilərəm, 3 il sonra Tünzalə ölkə hüdudlarından kənarda olacaq. Buna da hazırda böyük səbəblər var, bunların xaricdə olma ehtimalı daha çoxdur. O, güclü vətənpərvərdir, həm ölkəsini, həm də karyerasını yüksəltməyə meyllidir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263

Oxşar yazılar