Fəxriyyə Xələfova: “Ermənistan prezidenti imic baxımından cəlbedici deyil” – MÜSAHİBƏ
14 mart 2009 13:00 (UTC +04:00)

Fəxriyyə Xələfova: “Ermənistan prezidenti imic baxımından cəlbedici deyil” – MÜSAHİBƏ

“Mənim ətriyyatımın adı “Nuray” olacaq”



Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya eksklüziv müsahibəsi


- Bizdə olan məlumata görə, maraqlı bir layihə üzərində işləyirsiniz. Layihənin mahiyyətinin açıqlaya bilərsiniz?

- Mənə çox maraqlı bir dəvət gəlib. Adətən elektron poçtumu açanda orada çox maraqlı dəvətlərlə rastlaşıram. Bu dəvətlərin çox maraqlı coğrafiyası var. Dəvətlərin əksəriyyəti Amerikadandır. Adətən müxtəlif tədbirlərdə və mükafat təqdimatı mərasimlərində iştiraka dəvət olunuram. Düşündüm ki, mənə bu qədər dəvətlər varsa, daha çox bu istiqamətdə iş aparmalıyam. Çox sevinirəm ki, indiyə qədər Fəxriyyə Xələfovanı tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı ifadəli şəkildə təqdim eləməmişəm. Əslində buna zərurət də olmayıb. Artıq geyim və ətriyyat istehsalçısı kimi təqdim ediləndə reklama ehtiyac olacaq. Hazırda reklam işlərinə baş vurmağa hazırlaşıram. Hazırda ətriyyat üzərində işləyirəm. Düşündüm ki, ətriyyatın özü ilə yanaşı, gözəl də reklamı olmalıdır. Bu istiqamətdə bir neçə ideyalarım var. Yaxın günlərdə təcrübə şəkilləri çəkdirəcəyəm. Təbii ki, şəkillərin reklam üzü özüm olacağam. Hələlik zahiri görünüş baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın reklam sifəti özüm olacağam. İndiyə qədər qəlbimdə olan ideyaların çoxunu reallaşdırmamışam. İstər-istəməz hansısa çərçivələrdə öz fantaziyamı saxlamışam.

- Buna səbəb nə olub?

- Bəlkə də İtaliyada və Fransada çalışsaydım, bəzi işlərimin ifadəsi çox fərqli olardı. Səbəb odur ki, bizdə qeyri-adi görüntülər o qədər də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini bilmirəm. Yenə də bunu təcrübədən keçirməliyəm. Bir az ictimai qınaq obyektinə çevrilmək istəmirəm. Amma ətriyyat üçün mən fərqli bir obraz yaratmalıyam.

- Sirr deyilsə, ətriyyatınızın adı necə olacaq?

- “Fəxriyyə Xələfova təqdim edir”. Amma ətriyyatda istehsalçının adı olmur, ona ad verilir. Mənim ətriyyatımın adı “Nuray” olacaq. Bunu ilk dəfə açıqlayıram. Nuray mənim bu dünyada ən çox sevdiyim qadındır. Ancaq onun kimliyini açıqlamayım, qoy bu sirr olaraq qalsın. Nuray özümdən sonra əhval-ruhiyyəsini qəbul etdiyim bir insandır. Bilirsiniz ki, moda aləminin insanları yalnız əhval-ruhiyyə ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində görəcəklər.

- “Nuray” ətriyyatını dünyaya çıxarmağı düşünürsünüzmü?

- Çox istəyirəm ki, bu ətriyyat Azərbaycandan kənarda da yayılsın. Bunun üçün mən beynəlxalq ətriyyat strategiyasını yaxşıca öyrənmişəm. Bir ildir ancaq ətriyyat məsələsi ilə məşğulam. Beynəlxalq strategiya fərqli bir strategiyadır. Dünyada çox az insanlar var ki, onlar ətriyyat yarada bilərlər. Ətriyyat istehsal etməyə çox insanın maddi imkanı çatar. Amma ətriyyat buraxılışında da çoxlu uğursuz faktlar mövcuddur. Hər ətriyyat uğurlu alınmır. Uğursuzdursa, bu həmin investisiyanın və istehsalçının adının batması deməkdir. Şanslıyam ki, məni ətir icad edən insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr aparmışdım, demişdilər ki, sən ciddi düşün. Bu işə bu qədər vaxt, vəsait ayıracaqsan. Soruşurdular ki, bu işin uğurlu olacağına əminsən? Mən dedim ki, hansı testlərdən keçmək lazımdırsa, mən keçim, siz də baxın. Mən bu testlərdən keçdim və dedilər ki, məndə bu iş alınır.

- Fikrimcə, ətriyyat hazırlamaq xüsusi bir istedaddır. Bunun üçün insanda hansı xüsusiyyətlər olmalıdır?

- İlk öncə bu insanın həssaslığı olmalıdır. Mən psixoloji baxımdan çox həssas insanam. Mən insanın mimikasından, energetikasından onu başa düşə bilirəm. Ətirlərə, rənglərə, hətta dəyişən havaya da həssasam. Bilirəm ki, insanlar nəyi istəyəcəklər. Bəzən deyirlər ki, insanlar üçün gözəl ətriyyat yaradanda, hansısa arzularını onlara bəxş edirsən. Əslində bu çox qeyri-adi prosesdir. Əgər belə olmasaydı, dünyada 10 minlərlə ətir olardı. Amma statistikaya əsasən, dünyada cəmi 50-60 çeşiddə ətir var.

- Ətirlər əsasən çiçəklərdən hazırlanır. Sizin ətrinizdə hansı çiçəklərdən istifadə olunacaq?

- Mən ətirlərin həm çiçək istiqamətini, həm kimyəvi tərkibini öyrənmişəm. Bunun üçün o qarışığı tapana qədər üç ay laboratoriyadan çıxmamalısan. Mənə deyilənlərə görə, hətta elə ola bilər ki, yaratdığım ətir iki aydan sonra özümə xoş gəlməyə bilər. Buna görə özümü sanki çətinliyə salmışam. Amma indiyə qədər çox çətinliklərin öhdəsindən gəlmişəm. Mənim karyeramda ən çətini o idi ki, Azərbaycanda ilk peşəkar modelyer olmuşam. Əslində mənə qədər bu işi bu səviyyədə edən olmayıb. Çətin işlərin öhdəsindən gəlirəm. Mən yavaş-yavaş bunu edə bildim.

- Azərbaycanda bu anonsu verənlərin sayı çox olub. Ancaq deyəsən reallığa çevirən Siz olacaqsınız?

- Düşünürəm ki, bu şəxs mən olacağam. Ona görə də özümü hər şeydən təcrid etməliyəm. Ətriyyat işində özümü tamamilə tapmışam. Bir ilə yaxındır ki, bu işlə məşğulam. Bu iş məni modadan ayırmayacaq, ona görə ki, modanın içində ola-ola bu işi görürəm. Fəaliyyətim dövründə o qədər xoşbəxt modelyer olmuşam ki, təsadüflər nəticəsində Pier Karden, Pakuraban, Valentin Yudaşkinlə tanış olmaq fürsətim olub. Pakurabanın uzaqgörənliyi var və onunla Moskvada rastlaşanda çox xahiş etdim ki, mənə bir proqnoz versin. O da dəqiqliyi ilə dedi ki, bu müddətdən sonra elə bir şey baş verəcək ki, sən məşhurluğun zirvəsində oturacaqsan. Onunla görüşümüz 1999-cu ildə olub. Əslində mən də çox fərqli insanam, sadəcə fərqli cəhətlərini hələ təqdim etməmişəm. Çalışmışam, özümü real insan kimi təqdim edim.

- Plastik əməliyyat olunmanızla bağlı bir sıra söz-söhbətlər gəzir. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənim 11 illik fəaliyyətim var. Mən 2004-cü və 2005-ci ilə qədər çox rahat həyat tərzi keçirmişəm. Heç kimin nə şübhələri var idi, nə bu cür sualları. Görün, indi mənim neçə yaşım var və bu şübhələrin hamısı indi peyda olub. Mən 1969-cu il təvəllüdlüyəm və bu söhbətlər indi ortaya çıxır. Mən plastik əməliyyatlar etdirməmişəm. Bu şübhələrin yaranmasına mənim üç cizgilərim səbəb ola bilər. Üz cizgilərimin də səbəbkarları mənim valideynlərimdir. İkisi də zahirən çox gözəl insanlardır. Atam rəhmətə gedib. Mənim çox gözəl nənə, babalarım olub. Bir dəfə təsadüfən Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər də tanış deyil. Toğrul Nərimanbəyovu verilişimə dəvət etmək üçün ona yaxınlaşdım. Onun anası fransızdır və modelyer olub. O mənə baxanda birinci sözü o oldu ki, “sizin nə gözəl fakturanız var. Mən sizin mütləq portretinizi çəkməliyəm”. O an onu heç bir şey maraqlandırmırdı, o sonradan bildi ki, mən Fəxriyyə Xələfovayam. Bu qədər peşəkar rəssamı plastik əməliyyatlı xanım cəlb edə bilməz. O hətta dedi ki, mən indiyə qədər çox üzlər görmüşəm, ancaq siz heç kimə bənzəmirsiniz.

- Azərbaycanda bir çox brendlər öz mağazalarını açırlar. Siz niyə Fəxriyyə Xələfova butiki açmırsınız?

- Mən də çox böyük məmnuniyyətlə butik açardım. Ancaq bunun iqtisadi tərəfi də var. Bunun üçün sərmayə lazımdır. Mən sponsor anlayışından yox, investisiya anlayışından danışıram. Sponsor qısamüddətli bir maddi yardımdır. Amma investisiya uzunmüddətli kapital qoyuluşudur. Mən də bu uzunmüddətli kapital qoyuluşunu gözləyirəm. Mən istəyirəm ki, brendimə bu uzunmüddətli investisiya olsun. İnvestisiya olmalıdır ki, 15 çeşidi istehsala buraxa biləsən. Çox istərdim ki, qızıl əşyalarım, saatlarım da istehsal olunsun. Dünyanın hər yerində belədir. Bizim ictimaiyyətin əksəriyyəti heç bilmir ki, Valentino, Cucci və İves Saint Lourent bir sahibin markasıdır. Onların rəhbəri nə Valentinodur, nə də mərhum İfsenlorandır. Modelyer heç vaxt təkbaşına bu qədər biznes imkanlarını özünə yarada bilməz. Əslində mənim üçün butik açmağın vaxtı da yetişib. Ancaq hazırda şəhərin mərkəzində bir yer almağa imkan hələlik yoxdur. Düşünürəm ki, Fəxriyyə Xələfovanın butiki şəhərin lap mərkəzində olmalıdır.

- Parisdə və Milanda modelyerin geyimlərinin nümayişi neçəyə başa gəlir?

- Mən bunların hamısını öyrənmişəm. Məsələn, moda həftələrində ən bahalı nümayişlər Paris və Milandır. Orada da ən üst kateqoriyalı moda evləri təqdim edilir. Parisdə “Cristian Dior” moda evi, “Shanel” moda evi, “Valentino” və “İfsen Loran” moda evlərinin geyimlərinin nümayişi təşkil edilir. Konkret olaraq moda həftəsində bir moda nümayişinə 70 min avrodan 100 min avroya qədər vəsait sərf olunur. Bu məbləği də yalnız maliyyə qurumları verə bilər. Sadəcə bu moda həftələrindən sonra artıq bütün dünya ictimaiyyəti bilir ki, bu modelyer hansı istiqaməti hansı rənglər və çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət, rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi çox bahalı moda həftəsidir.

- Bəs, yerli modelyerlərin geyimlərin nümayişi üçün neçə müddət gözləmək lazımdır?

- Hazırda bizim imkanlarımız ancaq festivallar keçirməyə çatır. Moda həftəsi bizim üçün çox böyük rəqəmdir. Varını-dövlətini satıb ora gedə bilərsən, amma lüzumu yoxdur. Çünki orada geyimlərin nümayişindən sonra dünyanın müxtəlif ölkələrindən zəng gələcək ki, mən bu paltardan yüz ədəd istəyirəm. Axı bu yüz geyimin istehsalı üçün gücün olmayacaq. Mən Parisdə festivalda iştirak etmişdim, bu, mənə çox şey verdi. Ondan sonra mən bir çox festivallara dəvət olundum. Moda aləminin əsas biznesi sənin gözəl ideyalarının üzərində qurulur. Təzəlikcə Avropa ölkəsindən çox gözəl dəvət almışam. İlk dəfə olaraq moda planeti yaradılır və ora dünyada olan ən istedadlı insanları yığmaq istəyirlər. Sadəcə yerini hələ açıqlamaq istəmirəm, ancaq bu layihə martda olacaq.

- “Fashion TV”də də kolleksiyanın nümayişi üçün böyük sərmayə tələb olunur?

- “Fashion TV”də çəkiliş çox keyfiyyətlidir. “Fashion Tv”yə ancaq o material düşür ki, onun çəkilişi super səviyyədədir. Onlar Azərbaycandakı çəkilişi heç qəbul da etməzlər, hətta biz pul ödəsək də. Tamaşaçını onlar super görüntü ilə cəlb edirlər. Yoxsa mən çoxdan çəkib göndərərdim, ancaq mənim yaradıcılığımı deyil, o görüntünü qəbul etməyəcəklər. Burdakı çəkilişi onlar heç yaxına buraxmazlar. Orada keyfiyyətsiz görüntü görmək mümkün deyil.

- Bəs, Azərbaycanda moda kanalının yayımlanması nə dərəcədə realdır?

- Heç şansı yoxdur. Buna əsaslı cavabım var. Bu gün Türkiyədə, Rusiyada “Fashion TV” fəaliyyət göstərir. Ancaq bu tezliyi alacaq iş adamı burdan pul götürməlidir. Bizdə geyim satışı ilə məşğul olan butiklər reklam yerləşdirmirlər. Heç yerli kanallara rekalm vermirlər, o ki qaldı “Fashion TV”yə. Bunu belə əsaslandırırlar ki, onların reklama ehtiyacı yoxdur. Bu inanılmaz bir şeydir. Azərbaycanda moda anlayışının dəyişməsi vacibdir.

- Bu anlayışın dəyişməsi üçün neçə il tələb olunur?

- Mənim 11 ilim getdi. Öz işimlə paralel mən nə qədər iş görmüşəm. Bu illər ərzində dəbə münasibət dəyişdi, moda anlayışı yarandı, indi modanı özlərinə peşə kimi seçirlər. Bunlar hamısı əladır, ancaq biznes baxımından hələ çox şey dəyişməlidir. Bu gün Azərbaycanda bir dənə də moda jurnalı yoxdur. Bu, anormal bir vəziyyətdir. Niyə dünyanın bütün ölkələrdə çoxsaylı moda jurnalları var, ancaq biz də bir dənə də yoxdur?

- Siz niyə moda jurnalı nəşr etdirmirsiniz?

- Yenə sərmayə qoymalıyam, yenə vəsait tapmalıyam. Ancaq heç nə qazanmayacağam. Təsəvvür edin ki, moda jurnalının içində makaron, pendir, spirtli içkilər reklamları yerləşdirilib. Axı orada butiklərin reklamları olmalıdır. Mən bu işi edərəm, amma mənim buna ancaq vaxtım və sərmayəm gedəcək. Sevinirəm ki, heç olmasa bununla bağlı bir veriliş var. Dəfələrlə efirdən də səslənmişəm ki, moda verilişinin olması zəruridir. Ancaq mənim bu təşəbbüsüm qəbul olunmur və heç kim yerindən tərpənmir. Sonra telekanallardan biri bu təklifi etdi və belə bir veriliş hazırladıq. Bu ancaq moda ilə bağlı informasiya verən bir verilişdir. İndi aparıcılıq etdiyim bu veriliş canlı getmir, ancaq düşünürəm ki, mən canlı veriliş də apara bilərəm. Qonaqların suallarını özüm hazırlayıram. Mən bir stadionda insanların qarşısına çıxıb nitq də söyləyə bilərəm. Ümumiyyətlə kütləviliyi çox sevirəm.

- Fəxriyyə Xələfova yerli şou-biznes nümayəndələrinin geyimini necə dəyərləndirir?

- Buna cavabım belə olacaq - televizora baxmıram və onları görmürəm. Bu yaxınlarda Aygün Kazımovanın üç tədbirinə geyim hazırladım. Zeynəb Xanlarova, İlhamə Quliyeva, Aygün Kazımova, Brilliant Dadaşova ilə əməkdaşlıqda heç zaman problem yaranmır. Gənclərdən çox müraciət edirlər, ancaq onlarla iş bir az çətindir. Çünki onlar hələ özlərini tapmayıblar. Neçə illər eyni şəkildə ideal qalmaq mümkün deyil.

- Bir çoxları Fəxriyyə Xələfovanın geyimlərini geyinir, bəs özünüz hansı geyimlərə üstünlük verirsiniz?

- Gecə geyimləri ancaq özümə məxsusdur. Mən idman üslubunda geyimləri çox sevirəm. Türk mallarını sevirəm. Deyim ki, dünya brendlərinə müraciət edirəm, yox. Çünki nəticə etibarı ilə o geyimlər çox baha olur. Mən geyimi bilən insanam. Tanınmış brendin istehsalı olan cins paltar 300 avroyadırsa, eyni cins türk malı 50 dollaradır. Düzdür, fərq var. Brend anlayışı çox güclü anlayışdır.

- Siyasətlə məşğul olmaq istəyiniz yoxdur ki?

- Əslində mən özüm üçün bir nazirlik icad etmişəm. Hərçənd dünya praktikasında da belə bir şey yoxdur. Ancaq düşünürəm ki, belə bir şey olsaydı, heç də pis olmazdı. Həmin nazirlik ölkənin piarına xidmət edərdi. Mən düşünürəm ki, orada çox peşəkar fəaliyyət göstərə bilərdim. Diplomat xanımlarımız mənimlə görüş keçirmək istəklərini bildiriblər. Onlar üçün bu, artıq zəruridir ki, ölkəmizi təqdim edən diplomatlarımız zahiri görünüşlərini neçə təqdim etməlidir. İnanın ki, bu, çox böyük irəliləyişdir. Buna çox sevinirəm. Bizim siyasətçilərimiz, millət vəkillərimizə də mütləq bu lazımdır. Bir müddətdən sonra artıq imic mübadiləsi başlayacaq. Ermənistan prezidenti ümumiyyətlə ortalıqda görünmürdü. Çünki imic baxımından o insanda cəlbedici heç bir şey yoxdur, heç buna şansı da yoxdur. O baxımdan Azərbaycan şanslı ölkədir. Millət vəkilliyi iddiasında da deyiləm. Mən ölkəmə və xalqıma bacardığım xidməti göstərdim. Bəlkə də bu gün bu, dərk edilmir, amma mən az iş görməmişəm. İndi isə istəyirəm ki, moda biznesində uğur qazanım. İstəyirəm dünya brendi olum, bunun üçün səylər göstərəcəyəm.

- Azərbaycanda ən bahalı modelyer hesab edilirsiniz. Geyimlərinizin qiymətini açıqlaya bilərsiniz?

- Heç də elə deməzdim. Müştərilər və qiymətlər modelyer üçün sirr olmalıdır. Bunu açıqlamağa lüzum yoxdur. Ancaq Cristian Dior Pier Kardeni öyrədəndə demişdi ki, əlindən gələn qədər bahalı satmalısan, elə etməlisən ki, bahalı satılsın. Əksər halda moda biznesinin mahiyyəti də itir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar