Şou-biznes “qiyamət günü”nə necə hazırlıq görür ? - SORĞU
19 noyabr 2012 16:02 (UTC +04:00)

Şou-biznes “qiyamət günü”nə necə hazırlıq görür ? - SORĞU

Maya təqviminə əsasən, 2012-ci il dekabrın 21-də planetlərin paradı olacaq və dünyanın sonu gələcək. Guya həmin gün dünya qaranlığa qərq olacaq, bütün kommunikasiya kəsiləcək.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu iddialara inanlar var. Bakıda bir çox insan qaranlıqdan qorunmaq üçün şam, ac qalmamaq üçün isə qida tədarükünə başlayıb.

Bəs görəsən, günləri çalıb-oynamaq, əyləncədə keçən məşhurlarımız bununla bağlı hansı fikirdədirlər. Lent.az bununla bağlı kiçik sorğu aparıb.

Əməkdar artist Elza Seyidcahan 21 dekabrla bağlı hamıya tövsiyələr verib: “Onsuzda hər şeyin sonu var. Nə olur, olsun. Mənim üçün fərqi yoxdur. İnsana ölüm qədər heç nə yaxın deyil. Dünya dağılanda da hərə öz yerinə gedəcək. Əlbəttə ki, dünyanın dağılmağına inanıram. Mən kitablardan da oxumuşam. Orada deyilir ki, cənnət, cəhənnəmdə ağlımıza gəlməyən insanları görəcəyik. Amma hər kəsə tövsiyəm var. Bilsinlər ki, hər şeyin öz vaxtı var, Allahı daim yada salsınlar. Çəkilən zəhmətlər qiymətləndirilir”.



Müğənni Vasif Məhərrəmli: “Cəfəngiyat, boş-boş şeylər şam alverinin piarıdır. Qoy, inansınlar belə şeylərə aldanmasınlar”.

Müğənni Cəmilə isə Mayaların heç vaxt yalan söyləmədiyini deyərək, 21 dekabrda nəsə hadisə baş verəcəyini iddia edir :“Maya heç vaxt yalan demir. Həmin gün nəsə olacaq. Yalan yerdən heç nə demirlər. Dekabrın 21-də ulduzların paradı olacaq. Amma mən heç bir hazırlıq görmürəm. Allah-tala nə məsləhət görürsə, o da olacaq. Öləndə öləcəyik. Dəqiq inanıram ki, 21-də işıqlar, elektrik yox olsun. Elə toylardan da istirahət edərik. Camaat necə, biz də elə”.

Müğənni Manaf Ağayev isə 21 dekabr üçün başqa bir proqnoz verdi: “Heç bir yer qaranlığa qərq olmayacaq. Görəcəksiniz, həmin gün necə gün çıxacaq”.

Müğənni Almaz Ələsgərli bu məsələdə heç kimə inanmadığını bildirsə də, Allahın möcüzələrinə inandığını deyib: “Həyatda ilahi möcüzələr var. Amma mən indi bəzi deyilənlərə inanmıram. Baxmayaraq ki, artıq insanlar tədarük görürlər, ərzaq, şam alırlar. Amma deyirlər ki, həmin gün elə vəziyyət yaranacaq ki, heç kibrit də yandırmaq olmayacaq. Nə deyim. Tədarükə qalsa, mənim evim hər zaman tədarüklü olub. Amma inanıram ki, qaranlıq olsa, bir-birinə kömək edən xalqımız məni işıqsız qoymaz”.


Baxıcı Almaz deyir ki, bir neçə xalq artisti bu xəbərdən təşvişə düşərək, ona zəng ediblər: “Amma deyim ki, onların təşvişi yersizdir”

Əməkdar artist Zöhrə Abdullayeva: “Deyirlər ki, 5 gün işıqlar yanmayacaq, qaranlıq olacaq. Su, qaz kəsiləcək. Heç cür başa düşmürəm ki, işığın qaza nə aidiyyatı var? Qaranlıq olmağına gəlincə isə, elə mən qaranlıq dəlisiyəm. Oturacağam evdə. Necə deyərlər: Palaza bürün, elnən sürün”.


Müğənni Xuraman Şuşalı: “Mən belə şeylərə inanmıram. Allah bilən məsləhətdir. Ancaq mənə də tanışlar zəng edib dedilər ki, şam tədarükü görürük, sənə də məsləhət edirik. Mən özüm romantik insan olduğum üçün evimizdə cürbəcür şamlar var. Ona görə də bu sarıdan problemim yoxdur”.

Müğənni Əlikram Bayramov deyir ki, məhəllələrində mağazalarda şam qalmayıb: “Bizim qonşular arasında da şam və qara pərdə alanlar olub. Mənə də dəfələrlə deyiblər ki, sən də şam al. Amma mən inanmadığım üçün heç bir tədarük görməmişəm. Gözləyək, görək nə olur”.

Xalq artisti Flora Kərimova yayılan şayiələrə inanmadığını söyləsə də, məsləhət verməkdən də çəkinməyib: “Həmin gün qaranlıq düşəcəyini söyləyən insanlar hər ehtimala qarşı çörək, şam ehtiyatlarını kəsməsinlər.

Müğənni Rəqsanə İsmayılova “Mən ölümdən qorxmuram. Hər birimiz nə zamansa öləcəyik. Öləndə də kişi kimi ölmək lazımdır. Heç nədən qorxmuram. Yalnız övladlarımdan narahatam. Çünki məndən başqa onların arxasında duran yoxdur. Dekabrın 10-da Türkiyəyə gedirəm. Həmin vaxt uşaqlarımın yanında olacağam. Dünya dağılanda hamımız bir yerdə olacağıq. Hər şey bir qırağa, 30 min manata klip çəkdirmişəm. Bir şey olsa, o, batacaq” – deyə sözünü zarafatla bitirdi.


Müğənni Elnarə: “Bu şayiəni yaymağı sadəcə çirkinlik adlandırıram”.


Rəqqasə Fatimə isə 21 dekabr gününə xüsusi hazırlıq gördüyünü deyib: “ Mən qaranlıqdan çox qorxuram. Ona görə də dekabrın 21-nə tədbirlər görmüşəm. Hətta 3-4 termos, fənər də almışam”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3664

Oxşar yazılar