Telman İsmayılovun oğlunun toyunda nələr baş verib?
09 sentyabr 2012 06:46 (UTC +04:00)

Telman İsmayılovun oğlunun toyunda nələr baş verib?

Azərbaycan əsilli məşhur yəhudi milyarder Telman İsmayılov bu günlərdə oğluna toy edib. Mətbuata qapalı keçirilən bu toy barədə məlumatlar Rusiya şou-biznesində başlamış qalmaqal nəticəsində sızıb.

Əvvəlcə müğənni, Rusiya estradasının məşhur ulduzlarından Nikolay Baskov öz Facebook səhifəsində “bu günlərdə çox məşhur bir milyarderin oğlunun toyunda tamadalıq etdiyini” yazıb. Lakin o, toyun harada keçirildiyi və oliqarxın kimliyi barədə məlumat verməyib.
Daha sonra öz internet bloqunda Rusiya şou-biznesində qalmaqallar yaradan qeydlər yazması ilə tanınan aktyor Stanislav Sadalski Twitter bloqunda yazıb ki, söhbət “AST Telman” kimi tanınan yəhudi milyarder Telman İsmayılovun oğlunun toyundan gedir. Aktyor onun özünün də həmin toya dəvət edildiyini və orada iştirak etdiyini, mərasimin Türkiyənin Antalya vilayətində T.İsmayılova məxsus “Mardan Palace” otelində keçirildiyini yazıb.

S.Sadalski öz bloqunda qeyd edib ki, toyda iştirak edən məşhur rusiyalı müğənnilər T.İsmayılova yaltaqlanmaq üçün növbəyə durmuşdular.

“Aman Allah, bizim artistlər Telmana necə yaltaqlanırdılar. Hətta mən onların yerinə, Rusiyaya görə utandım. Qonaqların qarşısında Baskov çıxış edirdi. Bu vaxt MDB ölkələrindən birinin Nazirlər Kabinetinin sədri Nikolayı təhqiramiz formada yanına çağırdı. ”Ey, sən! Tez qaç yanıma və mikrofonu götür...və toyu aparmaqda davam elə" - deyə hamının yanında onu aşağıladı. Yazıq Kolya..." - deyə Sadalski yazıb.

Aktyor daha sonra toyu təsvir edərək yazıb ki, məclisdə çoxlu sayda yüksək vəzifəli qonaqlar, dünya və Rusiya şou-biznesinin ulduzları var idi: “Türkiyəli təhlükəsizlik əməkdaşları çox az gözə dəyirdi, əvəzində hər qonaq özü ilə minimum üç ”başkəsən" gəzdirirdi. Yeni evlənənlərə bahalı hədiyyələr, qutularla dolu qızıl və digər qiymətli daş-qaş verdilər. Özbəkistan prezidenti vertolyot hədiyyə verdi. Qonaqların qarşısında Cenifer Lopez də oxudu".

S.Sadalski əlavə edir ki, o özü də aparıcılıq edib, ancaq toyda yox, “Mardan Palace” otelinin villalarının birində MDB-dən olan yüksək vəzifəli oliqarxlardan birinin təşkil etdiyi ayrıca əyləncə mərasimində.

S.Sadalskinin qeydləri dərhal Rusiya şou-biznesində qalmaqal yaradıb. N.Baskov ona cavab versə də, aktyorun yazdıqlarını təkzib etməyib. N.Baskov sadəcə onu deyib ki, Sadalski ona və digər ulduzlara paxıllıq edir, ona görə də bu cür hücumlara əl atır. Sosial şəbəkələrdə isə Baskovun pərəstişkarları ilə əleyhdarları arasında “əsl müharibə” başlayıb.

Qeyd edək ki, T.İsmayılovun Ələkbər və Sərxan adlı iki oğlu var.

Yeni Müsavat
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19245

Oxşar yazılar