Bəxtiyar Hacıyev: “Kriminal aləmdə böyük hörmətim vardı...” – KUBİK-RUBİK
02 noyabr 2012 17:43 (UTC +04:00)

Bəxtiyar Hacıyev: “Kriminal aləmdə böyük hörmətim vardı...” – KUBİK-RUBİK

Yeni rubrikaya başlamışıq. Keçən dəfə demişdik. “Kubik-rubik”i bu dəfə keçmiş deputatlığa namizəd, keçmiş siyasi məhbus, keçmiş Harvard məzunu, keçməmiş Müsbət Dəyişikliklər təşkilatının sədri Bəxtiyar Hacıyevlə düzəltməyə çalışdıq. Eşşəklərin arpasını bölməzdən əvvəl, “Sonanın nəvələri”ndən danışdıq, onu qoyub, Barakın Mişeli boşayacağını qeybətlədik, arada bir az ciddiləşib, Fətullah Gülənin ağlamağından bəhs etdik, lap axırda da bəndəniz vaxtı saxlayıb, aradan çıxdı. Girişdəkilər maraqlı deyilsə, bir zəhmət, müsahibəni də oxuyun. Türklər demiş, maraq pişiyi öldürmüş.

- Bəxtiyar, necədi işlər bu aralar? Təşkilat olaraq, fərd olaraq...

- İşlər yaxşıdı. Qaydasındadı. Təşkilat olaraq əvvəlki layihələrimizi həyata keçiririk, həmçinin, bir neçə yeni layihə üzərində işləyirik. Bu yaxınlarda ayrı-ayrı ziyalılarla gənclərin görüşünü təşkil etməyi planlayırıq. Bundan əlavə, ictimai nəqliyyatla bağlı müəyyən layihələrimiz var. Növbə mədəniyyəti ilə bağlı daha fərqli layihələr üzərində işləyirik. Bunlar böyük layihələr deyil, amma cəmiyyətdə həllinə ehtiyac duyulan problemlərdir. Çox vaxt bizi qınayırlar ki, cəmiyyətdə daha böyük problemlər olduğu halda biz növbə mədəniyyətinin formalaşmasını qabardırıq. Amma mən düşünürəm ki, əgər bir vətəndaş başqa birinin növbəsini pozaraq, onun yerini tutursa, hüququnu tapdalayırsa, həmin cəmiyyətdən hansısa demokratik dəyişiklik gözləmək olmaz. Cəmiyyəti yuxarıdan-aşağıya və aşağıdan-yuxarıya dəyişmək olar. Bizim yuxarıdan aşağıya dəyişmək imkanımız yoxdursa, o zaman çalışmalıyıq ki, heç olmasa aşağıdan yuxarıya doğru dəyişə bilək.

- Bu aralar, deyəsən, möhkəm aşiq olmusan?!

- Yox, hələ ki, elə bir şey yoxdur.

- Son zamanlarda “facebook” səhifəndə demək olar ki, ancaq sevgi haqqında yazırsan.

- Bunun iki səbəbi ola bilər. Birincisi, ola bilər ki, buna ehtiyac var. Bəlkə də aşiq olmaq istəyirəm. İkincisi də o ola bilər ki, siyasi mövzular məni o qədər sıxır ki, daha maraqlı mövzulardan yazmaq istəyirəm.

- Zarafatla sənə sataşmaq istəyən bəzi dostlar deyir ki, Bəxtiyar Hacıyev bir müddət də sevgi barədə yazmağa davam etsə, Harvard Universitetindən zəng edib, diplomlarını geri istəyəcəklər.

- Əksinə, mənim həbsimdən sonra Harvarddakı müəllimlərim də çox şaddırlar ki, mən ictimai fəaliyyət yolunu seçdim. Onların böyük bir əksəriyyəti mənim hazırda tutduğum yoldan razıdırlar.

- Belə çıxır ki, Harvarddakı dostların, müəllimlərin də sənin siyasi fəaliyyətlə məşğul olmağını istəmirdi?!

- Siyasi fəaliyyətlə məşğul olmağımı istəyirlər, amma yenə deyirəm, indi tutduğum yol onların əksəriyyəti üçün daha məqbuldu, nəinki əvvəlki.

- Bəs, sevgi statusların nə zamana qədər davam edəcək, aşiq olana qədər? Yoxsa üzərində hər hansı bir siyasi çəkingənlik var?!

- Sevgi statusları belədir, izah edim. Azərbaycanda bir çox insanlar dayanmadan cəmiyyətin marağında olmayan siyasi məsələlərə münasibət bildirirlər və bu, insanları bezdirir. Mən Amerikadan Azərbaycana gəlməmişdən əvvəl bir bloq yazısı yazmışdım. Orda qeyd eləmişdim ki, iki tort təsəvvür edin: biri əzilmiş formadadır, digəri isə səliqəlidir, gözəl görüntüsü var. Hər iki tortun tərkibi eynidir, amma biz səliqəli olanı yeməyi üstün tutacağıq. Yəni, cəmiyyətə təqdim olunan siyasi mesajlar da müəyyən şeylərlə bağlanılıb təqdim olunmalıdır. Hazırda Amerikada ən çox araşdırılan və ortaya qoyulan yanaşmalardan biri budur ki, siyasətçinin İQ (intelligence quotient) səviyyəsi yox, EQ (emotional quotient) səviyyəsi əhəmiyyətlidir. İnsanlar sevdikləri, etibar elədikləri adamlara səs verirlər, nəinki ortaya çox ağıllı platforma qoyan şəxsə. Mən də deyirəm ki, sevgi statuslarının ortasında bir siyasi mesaj verəndə, o, cəmiyyətə daha tez ötürülür, nəinki birbaşa problem barədə yazmaq. Tutaq ki, bu gün parlamentin buraxılması cəmiyyəti narahat etmirsə, mən ha yazım ki, parlament buraxılsın. Ancaq hansısa sevgi statusunun içində bu barədə qeyd edəndə, cəmiyyət o fikri də sevgi statusuna qatıb həzm edir.

- Yenidən həbs olunmaqdan qorxursan?

- Yox, qətiyyən. Əksinə, indi daha rahatdır bəlkə də. Çünki həbs olunmamışdan əvvəl narahatlıqlarım var idi ki, kriminal aləmdə necə baş çıxaracam-filan. Ancaq həbsdən sonra gördüm ki, özünə hörmət edən adam kriminal aləmdə də hörmət qazanmağı bacarır. Həbslə bağlı digər rahatlıq isə odu ki, mən həbsxanada xeyli kitab oxumağıma baxmayaraq, həbsdən sonra başladığım bir kitabı hələ oxuyub, qurtara bilməmişəm.

- Ancaq nədənsə, sənin məsələlərə həbsdən əvvəlki və sonrakı yanaşmalarını müqayisə etdikdə belə bir təsəvvür yaranır ki, sən yenidən həbs olunmaqdan qorxursan və özünü qorumağa çalışırsan.

- Qətiyyən belə deyil. Sadəcə, mən fikirləşirəm ki, sizin və başqalarının gözlədiyi şəkildə fəaliyyət göstərməyin nəticəsi olmayacaq. Yanaşmalarımdakı dəyişikliyin də səbəbi budur. Həbs qorxusu yox, nəticəsizliyini bildiyim üçündür. Düşünürəm ki, daha kəskin çıxışlar etsəm də, bu, heç nəyi dəyişməyəcək, əksinə, müəyyən təbəqə insanları uzaqlaşdıracaq.

- Belə çıxır ki, həbsdən əvvəlki Bəxtiyar daha ağılsız idi?

- Ola bilər ki, daha emosional idi.

- Türmə emosiyalarını öldürdü?

- Emosionallığı aşağı saldı və bəlkə də daha da müdikləşdirdi.

- Bu necə olur axı, həbsxanaya düşən çox adam çıxdıqdan sonra müdrikləşdiyini deyir və əvvəlkində kəskin fərqli ritorikası yaranır?

- Həbsxanaya gedənə qədər düşünürdüm ki, cəmiyyət müəyyən haqsızlıqlara reaksiya verəcək. Ancaq həbsdə olduğum müddətdə etap olunanda bəzən “Voronok”lardan şəhəri izləmək imkanım olurdu. Görəndə ki, şəhərdə insanlar əvvəlki əyləncələrinə davam edirlər, onlar üçün 18 nəfər vicdan məhbusunun olması vacib deyil, cəmiyyətdə olan problemlər insanları narahat etmir, mən düşündüm, yəqin insanların istəklərindən o qədər uzaqlaşmışam ki, cəmiyyəti bunu görmür və aramızdakı bağ itib. Ondan sonra insan bir az geri qayıtmaq istəyir. 5 addım irəli gedib görəndə ki cəmiyyətlə aranda uçurum var, bu, insanda məyusluq yaradır.

- Ümumiyyətlə, həbsə getdiyin üçün peşmansan? Çünki həbsxana seçimini sən özün etdin. Hərbi xidmətə gedərək, həbsdən xilas ola bilərdin.

- Yox, qətiyyən. Bunun özü də bir həyat dərsi idi. Düşünürəm ki, bu, belə də olmalıydı. Mənim həbsim neytrallaşdırılmaq məqsədilə bağlı idi. Ya məni hərbi xidmətə göndərib neytrallaşdıracaqdılar, ya da həbs edərək. Çünki hərbi xidmətdə olmayan onminlərlə insan var. Onların içində ictimai-siyasi fəaliyyətlə məşğul olanlar da həddən artıq çoxdur. Mən də neytrallaşdırılmağıma etiraz əlaməti olaraq, ictimai qınaqdan da çəkinməyərək, müqavimət yolunu seçdim və bundan da peşman deyiləm. Hətta hərbi xidmətə gedib qayıtdıqdan sonra da eyni yolu seçsəydim, başqa bir ittihamla həbs oluna bilərdim. Əvvəl-axır, fikirlərimə görə həbs olunub, o həyatı görməliydim. Elçibəy demişkən, həbsxana siyasətçinin həyatında qızılca kimi bir şeydir, nə qədər tez olsa, o qədər yaxşıdır. Bu, məndə tez oldu.

- Belə demək mümkündürmü ki, Bəxtiyar Hacıyev indi başını aşağı salıb çörəyini qazanır.

- Belə olsaydı, mən ictimai fəaliyyətlə məşğul olmazdım. Çünki çörək qazanmağın daha asan yolları var. Başımı aşağı salıb, çörək qazanmaq istəsəydim, bizneslə məşğul olardım və ya hansısa məmurun yanında daha zərərsiz işlə məşğul olardım, tələbə dostlarım kimi holdinqlərdə işləyə bilərdim. Əgər bu gün ictimai fəaliyyətlə məşğul oluramsa, deməli, mənim dərdim çörək qazanmaq dərdi deyil.

- Bəxtiyar, gözəl CV-in var, özün də “yatıb-çıxan”, ictimai fəaliyyətlə məşğul olan oğlansan. Qızlar çox yazar sənə yəqin.

- Yazırlar. Çox olur.

- Cavab verirsən onlara?

- Heç birini cavabsız qoymuram.

- Nə yazırlar, sevgi izhar edirlər sənə?

- Bəziləri açıq şəkildə, bəziləri dostyana formada, bəziləri həddindən artıq dolayı formada yazırlar. Amma heç birini cavabsız qoymuram.

- Sən necə, özün yazırsan hansısa qıza? Yəni, özünün yazmaq istədiyin qız olur?

- Olur, o da olur. Bəzən görürsən, hansısa yönü ilə diqqətimi çəkir, yazıram.

- Onlar da sənə cavab verir?

- Onlar da dərhal yazır. Yəni, heç bir mesaj cavabsız qalmır. Mən elə yazıram ki, o mesajlar cavabsız qalmır (gülür).

- Onda belə deyək də, “qız tutmağ”ın yollarını yaxşı bilirsən...)))

- Yox, sadəcə olaraq, mən elə insanlara yazıram ki, bilirəm, onlar mənim deyəcəyim şeyləri normal qəbul edirlər və söhbətimiz alınacaq.

- Bəxtiyar, sən respublikaçıların zamanında ABŞ-a oxumağa getmisən, demokratların zamanında isə bitirib, ölkəyə qayıtmısan. Favoritin kimlərdir?

- Mənim Amerikada çevrəm daha çox demokratlar idi. Hətta 2008-ci ildə Milli Demokratiya İnstitutunda təlim-təcrübə keçmişdim. Özümü də demokratlara daha yaxın bilirəm.

- Bəs, bunların arasında sevimli heyvanın hansıdı? Eşşək ya fil?

- Eşşək. Filləri də sevirəm, amma eşşəklərə üstünlük verərdim. Belə deyək, hər ikisinin cəmiyyətə özünə görə faydası var. Lazım olanda fillərdən, lazım olanda isə eşşəklərdən istifadə etmək olar.

- Səncə, Barak Obama Mişel Obamadan boşanacaq?

- Mən düşünmürəm. Məncə, boş-boş məsələlərdir. Seçkiqabağı qarşı tərəfin taktiki PR-larının tərkib hissəsidir.

- Səncə, sənin indiki dostun, Bill Klintonun isə arvadı Hillari xanım o vaxtı Monika məsələsi ortaya çıxanda, ərindən boşanmamaqla düz elədi? Buna münasibətin necədi?

- Məncə, Hillari Klinton kifayət qədər ağıllı qadındır ki, düzgün qərarlar qəbul eləsin. İndiyə qədər verdiyi bütün qərarlar kimi o qərarı da doğru idi. O, kiçik bir məsələ idi. Bill Klintonun səhvi idi. O, öz səhvini etiraf elədi, Amerika xalqından, öz həyat yoldaşından üzr istədi və Hillari Klintonun da bu üzrü qəbul edərək, ailə münasibətlərini davam etdirməsi çox doğru qərar idi.

- Bəxtiyar, sən çox quru danışırsan, yoxsa mənə elə gəlir?

- Mənə elə gəlir ki, ola bilər, çünki bir az yuxusuzam. Gecə cəmi 3 saat yatmışam.

- Məncə, yuxusuzluq problem deyil, sadəcə, çox diplomatik olmağa çalışırsan və buna görə də danışdıqların quru görünür.

- Çünki quru olmayanda deyilən hansısa sözlə bağlı cəmiyyətdə uzun müzakirələr olur. Keçən dəfə bir müsahibəmdə zarafatla demişdim ki, 4 arvadlılığa normal baxıram, bu ifadəni başlığa çıxarmışdılar və insanlar da müsahibənin mətnini oxumadan dərhal bu cümləni müzakirə etməyə başlamışdılar. Ona görə də bir az ehtiyatlı olmağa çalışıram.

- Gəncədə yaşadığın müddətdə “Sonanın nəvələri”nə qoşulurdun heç?))

- “Sonanın nəvələri” ilə mən həbsxanada tanış olmuşdum və onların bəziləri mənim namizəd olduğum dairədən idi. Hətta bir dəfə əməliyyatçılardan biri məni çağırıb dedi ki, sən həbsxanada 5 nəfərlə söhbət edirsən, biz araşdırdıq, gördük onların hamısı 234.1-ci maddə ilə, yəni narkotik maddə istifadəsinə görə həbsxanaya düşüblər, sən ali təhsilli oğlansan, sən hara narkomanlar hara?! Mən də dedim ki, onlar hamısı mənim seçicilərimdi, mən burda seçicilərimi dinləyirəm, onlarla iş aparıram, gələcəkdə işlərimiz olacaq. O da başladı gülməyə, dedi, aydındı, get söhbətini davam elə (gülür). Yəni, onlar elə bilirdi ki, o uşaqlar məni narkotikə dəvət eləmək istəyirdilər.

- Yaxşı uşaqlar idilər?

- Yaxşı uşaqlar idi. Çox mərd uşaqlar var idi aralarında. Məsələn, biri mənə görə həbsxana rəisi tərəfindən döyülmüşdü. Mən həbsxanaya gedəndə gördüm ki, orada qanunsuz qadağalar var, əvvəlki rəis mənə təklif etdi ki, vaxtından əvvəl çıxmaq istəyirsənsə, müdaxilə etmə, burda olanlara göz yum, burda sənə rahat şərait yaradım. Mən də dedim, rahat həyat istəsəydim, gəlib həbsxanaya düşməzdim. Sonra o məni karserə göndərdi. Bunun ardınca da orda məni dəstəkləyən 3 nəfər var idi, onları döymüşdü ki, siz Bəxtiyarı alqışlayırsınız, onu lider kimi təqdim eləmək istəyirsiniz. Onlardan biri Sonanın elə real nəvələrindən idi. Sona adlı bir qadının nəvəsi idi. Ancaq o, böyük bir mərdliklə, döyülməsinə baxmayaraq, axıra qədər mənə dəstək verdi. Daha sonra məsələ böyüdü, rəisi dəyişdilər. Ardınca isə xeyli müsbət dəyişiklik oldu. Kriminal aləm bunu müsbət qarşıladı ki, çox sağ ol, sən məhbusların şəraitinin yaxşılaşdırılmasını təmin elədin, hətta qanuni yollarla olsa da.

- “Koğuş ağası”-filan idin həbsxanada?

- O şəkildə də yox, amma deyim ki, kriminal aləmdə hörmətim var idi. Misalçün, bəzən su növbəsi olurdu, mən də əlimdə qab növbədə dayanırdım, məndən qat-qat yaşlı adamlar qabı əlimdən alıb deyirdilər, ver, biz sənin əvəzinə də su götürərik, sən get, kitabını oxu, sən bu ölkəyə lazımlı adamsan.

- Sən bir neçə dəfə nurçu olmadığını demisən. Bəs, Fətullah Gülənə münasibətin necədi? Onu necə xarakterizə edirsən?

- Onun təhsillə bağlı layihələrini bəyənirəm. Şəxsən onun təşəbbüsü ilə həyata keçirilən, onun bəzi iş adamlarından xahiş eləməsi, onları ruhlandırması ilə görülən işləri təqdir edirəm. Məsələn, mən Ağdaşda türk liseyində oxuyanda Türkiyənin ən nüfuzlu universitetlərini bitirmiş şəxslər gəlib bizə dərs deyirdilər. Halbuki, o adamlar Ağdaşda üzlərini yumağa təmiz su tapmırdılar.

- Bəs, yaxşı, sən onun çıxışlarında ağlamasını səmimi hesab edirsən?

- Mən düşünürəm ki, səmimidir. Kifayət qədər çox insan var ki, öz inandıqları dəyərlərə görə göz yaşları axıda bilərlər. İnanmıram ki, Fətullah Gülənin ağlamağı sünidir.

- Vaxtı saxlayaq? ))

- Saxlayaq :)

Anar GƏRAYLI

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20988
avatar

Anar Gəraylı

Oxşar yazılar