Azərbaycan Avropa İttifaqı ilə ədalətli münasibətlərə  layiqdir - Slovakiya parlamentinin sədri
13 may 2026 19:44 (UTC +04:00)

Azərbaycan Avropa İttifaqı ilə ədalətli münasibətlərə layiqdir - Slovakiya parlamentinin sədri

0

Slovakiya Milli Şurasının sədri Rixard Raşinin APA İnformasiya Agentliyinə və APA TV-yə müsahibəsi

Bu günlərdə Slovakiya-Azərbaycan münasibətləri özünün ən yüksək səviyyəsindədir

- Cənab sədr, Azərbaycana xoş gəlmisiniz. Ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu səfər üçün qarşıya qoyduğunuz əsas məqsədlər hansılardır?

- Düşünürəm ki, bu günlərdə Slovakiya-Azərbaycan münasibətləri özünün ən yüksək səviyyəsindədir. Çünki Baş naziri cənab Robert Fitso və Prezident cənab İlham Əliyev Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıb. Yəni, çox sıx təmaslarımız var.

Bizim nazirlər Azərbaycanda, sizin nazirlər isə Slovakiyadadır. Bu, həqiqətən çox vacibdir. Bu, yalnız bizneslə bağlı deyil, həm də dostluq və dəstəklə bağlıdır. Dünyadakı böhranlara görə Azərbaycanın dəstəyinə ehtiyacımız var və düşünürəm ki, Azərbaycanın da Avropa İttifaqının üzvü kimi Slovakiyanın dəstəyinə ehtiyacı var.

Tərəfdaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan demokratik ölkədir, onunla biznes qurmağa və mümkün qədər yaxşı münasibətlər saxlamağa dəyər. Məncə, bu, hər iki tərəf üçün faydalıdır.

Biz hökumətlərimizi dəstəkləmək istəyirik, çünki qarşımızda çoxlu çağırışlar var

- Parlament diplomatiyası xalqları bir-birinə yaxınlaşdırmaqda əsas rol oynayır. Azərbaycan Milli Məclisi ilə Slovakiya Milli Şurası arasında yeni sazişlərin imzalanması planlaşdırılır?

- Bir qədər əvvəl Slovakiya və Azərbaycan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı. Bu, çox vacib məqamdır, çünki orada qeyd olunub ki, biz bir-birimizi dəstəkləmək istəyirik. Xüsusilə Milli Şuranın komitələri səviyyəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik.

Biz hökumətlərimizi dəstəkləmək istəyirik, çünki qarşımızda çoxlu çağırışlar var. Parlamentlər üçün süni intellekt və onun bizə necə kömək edə biləcəyi və ya uşaqlarımızı, gənc nəslimizi necə qoruya biləcəyi kimi məsələlər vacibdir. Bu, mədəniyyətlə, eyni zamanda gənc nəsillə bağlıdır. Biz bəyan etdik ki, Slovakiya və Azərbaycandan olan gənclərin qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsini istəyirik.

Əlbəttə, hökumətlərimiz, liderlərimiz və prezidentlərimiz var. Amma sonda hər şey qanunvericilik çərçivəsinə uyğun həyata keçirilməlidir. Parlamentlər isə bütün qanunvericiliyə “lehinə” və ya “əleyhinə” səs verməyə cavabdehdir. Qanunvericilik ölkənin idarə olunmasının və insanlara xidmət göstərilməsinin əsasını təşkil edir.

- Enerji bu gün Avropanın təhlükəsizliyinin təməlidir. Slovakiya Azərbaycan qazına böyük maraq göstərir. “Həmrəylik halqası” təşəbbüsünün inkişafını necə görürsünüz və Azərbaycanın ölkənizin enerji sabitliyinin təmin olunmasındakı rolu nədən ibarətdir?

- “Həmrəylik halqası” bütün Avropa ölkələri üçün çox vacibdir. Azərbaycan isə burada əsas rol oynayır və oynayacaq. Çünki artıq Azərbaycandan gələn və Slovakiyaya qonşu ölkələrdən keçən qaz kəmərləri var. Biz hələ bu qaz kəmərlərini birləşdirməliyik. 2028-ci ildən etibarən Azərbaycanın 10 il ərzində bizi qazla təmin etməsinə dair razılaşma var. Bu isə bir tərəfdən Azərbaycan üçün biznes deməkdir.

Digər tərəfdən isə bu, bizim ölkə üçün həqiqətən çox vacibdir. Çünki biz tamamilə Rusiya qazı və neftindən asılı idik. Amma sanksiyalara görə başqa boru xətləri və başqa marşrutlar tapmalı olduq ki, enerji resurslarını ölkəmizə gətirə bilək.

Slovakiyanın yaşıl enerji biznesi Azərbaycana, Qarabağa hidroenerji və günəş enerjisi layihələri üçün investisiya yatıra bilər

- Azərbaycanla Slovakiya arasında yaşıl enerji və hidrogen layihələri də daxil olmaqla bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- Bu səhər Prezident İlham Əliyevlə görüşüm oldu. O dedi ki, yaşıl enerji, hidrogen enerjisi və günəş enerjisi sahəsində böyük potensial var. Bu, ölkəmizdən olan investorlar üçün çağırış ola bilər.

Slovakiya və Azərbaycan elektrik enerjisi baxımından başqa ölkələrdən asılı deyil. Bizdə nüvə enerjisi, hidroenerji və günəş enerjisi var. Siz də digər ölkələrdən asılı deyilsiniz.

Amma gələcəkdə nə ola bilər? Slovakiyanın yaşıl enerji biznesi Azərbaycana, Qarabağa hidroenerji və günəş enerjisi layihələri üçün investisiya yatıra bilər. Yaşıl enerji gələcəkdir. Bərpa olunan və nüvə enerjisi də qaçılmaz olan sahələrdir. Xüsusilə enerji sahəsində Slovakiya ilə Azərbaycan arasında biznes üçün böyük imkanlar mövcuddur.

Düşünürəm ki, çox perspektivli sektor müdafiə sənayesidir

- Enerji sektorundan başqa, Azərbaycan iqtisadiyyatının hansı sahələri slovakiyalı investorlar üçün daha çox maraq doğurur? Yeni birgə investisiya layihələri gözlənilirmi?

- Düşünürəm ki, çox perspektivli sektor müdafiə sənayesidir. Bu günlərdə Azərbaycanın müdafiə naziri və müdafiə sənayesi naziri Bratislavadadır. Orada böyük müdafiə sənayesi sərgisi keçirilir. Payızda isə Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Azərbaycanda olacaq, çünki Bakıda ADEX adlı böyük sərgi keçiriləcək.

Gələcəkdə birgə layihələr yaradacağıq. Müdafiə sənayesi avadanlıqları Slovakiyada, eyni zamanda Azərbaycanda da istehsal olunacaq. Bütün bu çağırışlar və qlobal münaqişələr səbəbindən müdafiə sənayesi ən perspektivli biznes sahələrindən biridir.

Əlbəttə, turizm, informasiya texnologiyaları və digər sahələr də var. Amma müdafiə sənayesi yəqin ki, ən perspektivli sahədir.

Biz parlament olaraq biznesi dəstəkləmək istəyirik. Çünki bəzən birbaşa biznes aparmaq üçün xüsusi qanunvericiliyə ehtiyac olur. Daha əvvəl də qeyd etdiyim kimi, biz birgə müəssisələr yaratmaq istəyirik. Slovakiya və Azərbaycan şirkətlərinin Slovakiyada və ya Azərbaycanda xüsusi müdafiə sənayesi məhsulları istehsal etməsinə imkan yaratmaq istəyirik. Buna görə də gələcəyin ən vacib sahələrindən biri, əlbəttə ki, enerji sektoru ilə yanaşı müdafiə sənayesidir.

Parlament sədri kimi mənim baxışıma görə isə süni intellekt kimi yeni texnologiyalardan istifadə etmək çox vacibdir ki, onlar bizə qanunvericiliyi hazırlayarkən dəstək versin və bizi qorusun.

Çünki bu gün nəyin reallıq, nəyin isə süni intellekt məhsulu olduğunu anlamaq o qədər də asan deyil. Parlamentlər isə təcrübə mübadiləsi üçün ən yaxşı platformalardır.

Xəzər marşrutları çox mühüm rol oynayacaq

- Nəqliyyat və logistika sektorunda, xüsusilə Orta Dəhliz və Trans-Xəzər marşrutlarının inkişafı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını görürsünüz?

- Bəli, Trans-Xəzər marşrutları çox perspektivlidir. Çünki biz bilirik ki, Çin və Asiya ölkələrini Avropa ilə birləşdirən İpək Yolu təşəbbüsü olub.

Buna görə də Xəzər marşrutları çox mühüm rol oynayacaq. Əlbəttə, enerji resursları və yeni boru xətləri də vacibdir. Çünki siz enerji və neft istehsal etməli, qazınız olmalıdır, amma eyni zamanda tranzit imkanları da lazımdır, əks halda onu sata bilməzsiniz. Bu da çox perspektivli sahədir.

Məncə, perspektivli sahələrdən biri də təhsildir. Azərbaycanlı tələbələrə xüsusi təqaüdlər təklif etmək, eyni zamanda slovakiyalı turistlər üçün Azərbaycanı kəşf etmək imkanı yaratmaq vacibdir.

İnanıram ki, Bakı ilə Bratislava arasında ilk uçuş 2026-cı ilin oktyabrında başlayacaq

- Münasibətlərimizdə ən çox gözlənilən praktiki addımlardan biri Bakı ilə Bratislava arasında birbaşa uçuşların açılmasıdır. Hazırda bu məsələ ilə bağlı danışıqlar hansı mərhələdədir?

- Ümid edirəm və inanıram ki, Bakı ilə Bratislava arasında ilk uçuş 2026-cı ilin oktyabrında başlayacaq və düşünürəm ki, bunun çox müsbət nəticələri olacaq. Bu, biznes, turizm və könüllülərin mübadiləsi üçün böyük imkanlar yaradacaq.

Birincisi, sizin iş adamlarınız və vətəndaşlarınız Slovakiyanı kəşf edəcəklər. Görəcəklər ki, bu ölkə həm çox oxşardır, həm də fərqlidir və burada çox gözəl insanlar yaşayır.

İkinci tərəfdən isə Slovakiyanın iş adamları və vətəndaşları Azərbaycanı kəşf edə biləcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakını görə bilərlər.

Onlar sizin xizək kurortlarınızı və ya Xəzər dənizi sahilindəki istirahət məkanlarınızı kəşf edə bilərlər. Beləliklə, qış və yay tətili üçün xüsusi məkanlar tapa bilərlər. Dostlar qazana bilərlər və əlbəttə ki, birbaşa uçuş biznes üçün hər zaman çox vacibdir.

Qarabağın mərkəzində Slovakiyanın bir hissəsi olacaq

- Slovakiya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında, xüsusilə Baş Qərvənd “ağıllı kənd” layihəsinin hazırlanmasında fəal iştirak edir. Bu layihənin hazırkı mərhələsi və Slovakiyanın Qarabağın bərpasına gətirdiyi təcrübə barədə nə deyə bilərsiniz?

- Mən 2022-ci ildə Qarabağa səfər etmişdim və orada heç nə yox idi. Müharibədən sonra vəziyyət həqiqətən Ayın səthini xatırladırdı.

Azərbaycanın azad edilmiş ərazilərində ilk xarici Avropa investorları olmaq və bu yeni kəndi — “Ağıllı kənd”i yenidən qurmağa başlamaq təklifi aldıq. Buna görə çox minnətdarıq. Bu, şirkətlərimiz üçün biznesdir, amma eyni zamanda 5 min nəfərlik tam infrastrukturlu kənd qurmaq və Azərbaycana bizim də bu sahədə güclü tikinti şirkətlərimizin olduğunu göstərmək imkanıdır.

Bu, həm də dostluq məsələsidir. Əminəm ki, hər kəs Azərbaycanda inşaat işləri aparmaq, investisiya yatırmaq və biznes qurmaq istəyir. Amma bu şansı biz əldə etdik və buna görə çox təşəkkür edirəm.

Əminəm ki, bu, Slovakiya-Azərbaycan əməkdaşlığının simvoluna çevriləcək. Çünki Qarabağın mərkəzində Slovakiyanın bir hissəsi olacaq. Bu, çox simvolik və həm də çox vacibdir.

Azərbaycana qarşı hər hansı qətnamənin qəbul olunmasına heç bir səbəb yoxdur

- Slovakiya Azərbaycanla Avropa İttifaqı arasında yaxınlaşmaya hansı töhfəni verə bilər?

- Bu, xüsusilə Azərbaycan üçün çox vacib sualdır. Çünki görürük ki, Azərbaycana qarşı bəzi əsassız təzyiqlər davam edir. Mənim, Slovakiya hökuməti və parlamentinin baxışına görə Azərbaycan inkişaf etmiş demokratik ölkədir.

Amma bəzi digər ölkələrin əsassız təzyiqləri nəticəsində Avropa Parlamentində Azərbaycana qarşı qətnamələr qəbul etməyə çalışırlar. Avropa İttifaqına üzv digər ölkələrin parlament sədrləri ilə görüşlərimdə onlara bunun doğru olmadığını izah edirəm. Slovakiyanın rolu bundan ibarətdir. Əminəm ki, Azərbaycan Avropa İttifaqı ilə ədalətli münasibətlərə layiq ölkədir.

Azərbaycana qarşı hər hansı qətnamənin qəbul olunmasına heç bir səbəb yoxdur. Düşünürəm ki, Slovakiya bu istiqamətdə ölkənizə kömək edə bilər və öz təcrübəsinə əsaslanaraq Azərbaycanın Avropa üçün çox vacib ölkə olduğunu göstərə bilər.

Ukrayna ilə çox sıx dialoqumuz var

- Cənab spiker, Slovakiya ilə Ukrayna arasındakı münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Yaxın gələcəkdə ikitərəfli dialoqda hər hansı “yumşalma” gözlənilirmi?

- Bizim Ukrayna ilə çox sıx dialoqumuz var, çünki onlar bizim qonşularımızdır. Lakin onlar bizdən tam asılıdırlar, çünki Ukraynanın elektrik enerjisinə olan tələbatının 40 faizdən çoxu Slovakiya tərəfindən təmin olunur. Biz iki Ukrayna məktəbi açmışıq. Əgər ukraynalı qaçqınların sayını adambaşına hesablasanız, biz ilk üç ölkə sırasındayıq.

Müharibə başlayandan sonra onlara kömək etdik, ilk yardım göstərən ölkələrdən biri olduq və çox unikal məqam odur ki, artıq Slovakiya və Ukrayna hökumətlərinin üç birgə iclasını təşkil etmişik. Bunlardan ikisi Slovakiyada, biri isə Ukraynada keçirilib. Buna görə düşünürəm ki, münasibətlər normaldır.

Əlbəttə, zaman-zaman müəyyən gərginliklər də olur. Amma ümid edirəm ki, Slovakiya üçün ən vacib məsələ atəşkəsin əldə olunması və mümkün qədər tez sülh sazişinin imzalanmasıdır. Bu, yalnız Slovakiya üçün deyil, bütün Avropa üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar