“Kubik-rubik” bu dəfə Azərbaycanın tanınmış siyasətçisi, ölkənin bütün rayonlarında milyonlarla üzvü olan dünyaca məşhur Cümhuriyyət Xalq Partiyasının sədri, məşhur iş adamı, bir müddət ölkənin qida sənayesini ət və ət məhsulları ilə təmin etməyə cəhd göstərən, lakin buna müvəffəq ola bilmədiyi üçün istiqamətini inşaat sektoruna doğru dəyişərək, gənc ailələrin rahat mənzillərdə yaşamasına öz müqəddəs və nacizanə töhfəsini verməyə çalışan ürəyi milli ruh, milli birlik eşqiylə çırpınan ünlü mütəfəkkir Bədrəddin Quliyevlə öz doğru rənglərinə qovuşdu.
Zəruri qeyd: Müsahibin siyasi ritorikasına müdaxilə edərək, onun müstəsna fikirlərinin təhrif edilməsindən ehtiyat edən müəllif həmsöhbətinin üslubuna toxunmamağa çalışıb. Yazıdakı redaktə və korrektə səhvlərinin məsuliyyətini müəllif daşıyır.
Bədrəddin müəllimlə Bakının məşhur və bir o qədər də lüks restoranlarından birində - hamının “Araz” kafesi kimi tanıdığı məkanda söhbətləşdik. Günorta saat 12 radələri olardı. Söhbətimizə ilk keçidi məkanın ofisiantı qoydu. O, sükutu öz xoşməramlı səsi ilə pozaraq, nə sifariş verəcəyimizlə maraqlandı.
- Sosiska var sizdə?
- Var.
- Sən bizə bir 3 “pors” sosiska gətir.
- Hansından olsun?
- Ən yaxşısından.
- O zaman “Rossiyski” “maloçnu” sosiska var yaxşı.
- Hə, hə, “Rossiyski” olsun. Sən bizə bir də çobansalatı gətir.
Ölkənin siyasi güclərindən olan CXP sədri Bədrəddin müəllimlə kafenin gənc ofisiantı arasında dialoq yekunlaşdıqdan sonra bəndəniz utancaq-utancaq ofisiantdan masaya çay da verilməsini xahiş elədi. Çay gəldikdən sonra “Rossiyski” sosiskalarımızı qaynamağa buraxaraq, “kubik”in “rubik”lərini çevirməyə başladıq.
- Bədrəddin müəllim, son dövrlərdə mətbuatda görünmürsünüz. Deyəsən, böyük siyasətdən çəkilmisiniz! Nə məsələdir?!
- Son dövrlərdə bəzi şəxsi məsələlərlə bağlı müəyyən problemlər vardı. Bir az yaxınların toyu idi, sonra da əmioğlu maşın qəzasına düşdü. Sonra bibim rəhmətə getdi. Yas yasa qarışdı. Elə neçə müddətdir başım bu işlərlə bağlı olduğunu görə, ölkədəki məsələlərdən kənardayam.
- Yəni, böyük siyasətdən çəkilməmisiniz.
- Yox, biz siyasi təşkilat olaraq hər yerdə varıq. Demək olar ki, bizim Azərbaycanda 52 dənə rayon təşkilatımız var. Bir 15 minə yaxın hal-hazırda üzvlərimiz var. Əsas qeydiyyat məsələlərin gözləyirdik ki, yəni hüququ nöqteyi-baxımdan bu işləri aparaq.
- Bədrəddin müəllim, ötən həftə ABŞ-da da prezident seçkiləri keçirildi və Barak Obama ikinci dəfə prezident seçildi. Obamanın ikinci dəfə prezident olması fonunda ABŞ-ın regiondakı və dünyadakı maraqlarının hansı istiqamətdə dəyişəcəyi barədə düşünərkən, bu məsələlər ətrafında Azərbaycan üçün hansı perspektivlər vəd olunması ehtimalları haqqında fikir mübadiləsi aparmaq olar və ABŞ-ın regionda dəyişməsi mümkün olan maraqlarının nə ola biləcəyi ilə bağlı Rusiyanın Azərbaycanla bağlı siyasətində istənilən bir yenilik yarana bilərmi?! Və s. və i.
- Obamanın hakimiyyəti dövründə bu qaçılmaz idi ki, yenidən seçilməli idi. Bir axın var idi dünyada. Yaxın Şərqdəki diktatura rejimlərini dəyişirsə, bu, Rusiyaya da təsir edəcək. 2014-cü ildə Əfqanıstandan Amerika qoşunlarını çıxarandan sonra Rusiyanın vəziyyətini görəcəyik. Bu baxımdan biz milli maraqlarımız baxımından ayıq olmalıyıq. Rəhmətlik Əbülfəz Elçibəy o vaxtı deyirdi ki, Qarabağa yol Təbrizdən keçir. Mən burdan Rusiyadakı milyarderlərimizə müraciət eləyirəm. Əgər bu qədər var-dövlətiniz varıydısa, nədən Rusiya Dumasına, Rusiya siyasi elitasına, Rusiyadakı seçkilərə qatılmırsınız? Nədən Rusiya hökumətində təmsil olunmursunuz?
Söhbətimizin ən xoş məqamında ofisiantın addım səsləri diqqətimizi yayındırdı. Boşqabda 3 “pors” – 6 qaynadılmış “Rossiyski” “maloçnu” sosiska və çobansalatı gətirdi.
- Bayaq Saakaşvilinin qardaşı ilə dostluq münasibətlərinizdən danışdınız (Bayaq dediyim Bədrəddin müəllimlə kafeyə gələrkən maşında etdiyimiz ictimai-siyasi müzakirədir – müəllif). Ümumiyyətlə, Gürcüstanın regiondakı durumunu necə dəyərləndirirsiniz?
- İndiki Gürcüstan hakimiyyətində demək olar ki, Saakaşvilinin qardaşı ilə şəxsən dostam. Bir çox qubernator, deputat və s. ilə də dostluğum var. Elə Saakaşvilinin qardaşı ilə də bu vasitə ilə dost olmuşam. Mən onun özünə də dedim ki, Rusiyanın burdakı planları sizin xeyrinizə deyil. Ümumiyyətlə, mən onun qardaşına da dedim ki, Putin rejiminin Saakaşviliyə birbaşa nifrəti var və Putin rejimi Saakaşvilini ordan qovmalıdır. Gürcüstanda yaxın zamanlarda qarşıdurmalar qaçılmaz olacaq.
- Bədrəddin müəllim, biz sizi siyasətçi kimliyinizdən fərqli olaraq, həm də biznesmen kimi tanıyırıq. Dünyada baş verən maliyyə böhranı və dolların kursunun düşməsi fonunda manatın devalvasiyaya uğramaması üçün xərclənən vəsaitləri nəzərə alanda, bütün bunlar sizin biznesinizə nə kimi təsir göstərib?
- Yəni, ölkədə cərəyan edən bütün proseslərdən kasıbından varlısına qədər hər bir vətəndaşa təsir eləyir. Bəzən bizim sahibkarlıq fəaliyyətimizin ilkin dövründə bizim qarşımızı alırdılar. Amma o boyda dartışmalardan sonra mən öz hüququmu bərpa eləyə bildim. Mən neçə illərdir özüm sərbəst olaraq sahibkarlıqla məşğul olurdum ki, mən sərbəst olaraq atacağım iri siyasi addımlarımda heç kimdən asılı olmayım. Ümumiyyətlə, boş-boşuna “Don Kixotluq” eləmək istəmirdim. Və bu gün də Tanrıya çox şükür ki, mən ayaq üstəyəm. İstənilən bir yerə gedə bilərəm, istənilən bir adamı qonaq edə bilərəm. İstənilən ölkəyə gedəndə mən başqaları kimi yox... Mən oranın bütün siyasi elitasını yığıb, qonaqlıq verirəm. İş nöqteyi-baxımından da dünyada baş verən prosesləri mən daha güclü görürəm. Yaxın bir-iki ildə dünya bazarında neftin-qazın qiyməti “reski” enə bilər. Ona görə də biz buna hazır olmalıyıq.
- O vaxtı siz Türkiyənin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşəndə sizi sevməyənlər, uğurlarınızı gözü götürməyən bədxahlarınız deyirdi ki, Bədrəddin Quliyev Kılıçdaroğlu ilə sadəcə elə ayaqüstü şəkil çəkdirib gəlib, onunla Azərbaycan və region heç bir həqiqətini, geosiyasi prosesləri analiz etməyib. Bu barədə nə deyərdiniz?
- O dövrdə həm Türkiyə, həm də Azərbaycan mətbuatında... O dövrdə biz elə dövrdə getmişdik ki... Sürix protokollarından sonra sərhədlərin açılması... Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsaydı, Azərbaycana böyük zərbə dəyəcəkdi. Ona görə də biz dərhal Kamal Kılıçdaroğlu ilə görüşdük. O, özü də bəyanat verdi ki, biz sərhədlərin açılmasına imkan verməyəcəyik. Mən bunu bacardım. Millətin gələcəyi üçün bunu həyata keçirdim. İndi də istənilən an millətə təhlükə yaranarsa, mən yenə şəxsi münasibətlərimdən istifadə eləməyə hazıram. Mən Kamal Kılıçdaroğlunu Azərbaycana gətirməyə hazıram. Onun özü də gəlmək istəyir.
- Kılıçdaroğlu həm də sizin dostunuzdu. Onu necə xarakterizə edirsiniz?
- Çox iqtisadi, sosial məsələləri çox dərin bilən adamdır. İnsan kimi çox belə, yəni cazibədar, sadə həyat tərzi yaşayan insan... CHP-də çox elitarnı insanlar təmsil olunur. Buna görə də Kılıçdaroğlu da çox elitarnı adamdı. Mən şəxsən onla danışanda elə bil ki, Elçibəylə danışıram. Bax o qədər adamın elə bil ki, müsbət aurası var. Çox səmimi bir insandı.
- Elçibəylə bağlı xatirələriniz necədir bəs?
- O vaxtı milli meydan hərəkatı dövründə universitetdə oxuyan xarici tələbələrin hamısını yığmışdım Azadlıq meydanına. Rəhmətlik Elçibəy yaxınlaşdı bizə dedi ki, “bə bunların burda nə dərdi var?!” Dedim, ə, bunlar hərəsi bir ölkənin nümayəndəsidi, gətirmişəm. Onsuz da Moskvada burda baş verənləri göstərmirlər. Heç olmasa bunlar öz ölkələrində gedəndə danışsınlar. Bəy onu çox belə yüksək qarşıladı. O dövrdə demək olar ki, həmişə bəylə bir yerdə olmuşuq. Həmişə axşamlar yığırdı bizə sorğu-suallara tuturdu. Həmişə bizə deyirdi ki, bu milləti sevin.
“Rossiyski” “maloçnu” sosiskaları masada görən acgöz milçəklər görmədikləri günə düşdükləri üçün masamızın ətrafında, bəndənizin və həmsöhbətimizin başı və qaşı üzərində tərbiyəsizcəsinə uçuşlar, sosiskalara doğru eniş və qalxışlar həyata keçirərək, hər vəchlə diqqətimizi söhbətdən yayındırmağa cəhd etsələr də, biz, təbii ki, milçəklərin bu həyasız davranışlarına məhəl qoymadan söhbətimizi davam etdirdik.
- Bədrəddin müəllim, halal-haram anlayışlarına münasibətiniz necədir?
- Ümumiyyətlə, əslinə qalsa, halallıq ticarətdə... Ümumiyyətlə, ticarət peyğəmbər işidi. Burda hökmən halal əl olmalıdı. Burda çirkin əl olduqca heç vaxt xeyir olmur. Elə bil ki, bərəkətli olmaqdan ötrü halal iş görməlisən. Halal olmaq üçün də aldığın da, satdığın da dürüst olmalısan. İstənilən kompaniyonlarla bu məsələlərdə çox ciddi olmalısan. Bu maliyyə işi elədi ki... Bunu çox adamlar elə bilir ki... Bunun vergi orqanları ilə, daxili bazarla əlaqələri var. İnsanlarla, xarici əlaqələrlə işləmək var... Fors-major proseslər var. Yəni, iqtisadi baxımdan atılan addımların hamısı dəqiq hesabdan keçir. Ona görə də bütün kompaniyonlarla, bütün müttəfiqlərlə... Ona görə də burda haramlıqla getdinsə...
- Axırıncı dəfə mətbuata çıxan probleminizdən bilirik ki, son biznes sahəniz tikinti materialları və santexnika idxalı idi. Yenə həmin sahədəsiniz?!
- Mən inşaat materialları və texnologiya sahəsindəyəm. İndi də bu sahədə işimi davam elətdirirəm. Demək olar ki, hər bir sahə professionallaşır. Yəni, bu sahədə professionalaşdığım üçün, bazarın tələb və təkliflərinə uyğun olaraq, proseslərə uyğun olaraq gedirik. Və Allah qoysa, ciddi siyasi baxımdan işlər qurulduqdan sonra, aktiv siyasətlə məşğul olduqdan sonra yəqin ki, bu işlərlə “uje” bizim övladlarımız məşğul olacaq.
- Bədrəddin müəllim, bizdə Qafqaz Müsəlmanları İdarəsi kolbasalarda halal-haramı ayırır. Sizcə, bu nə dərəcədə düzgündür?
- Biz müsəlman ölkəsi olduğumuza görə, bizə məsəlçün kənardan ət idxal olunur, məsəlçün, Hindistandan. Orda da idxal olunan ətlərə halal sertifikatlar verilir. Bu da ondan ibarət verilir ki, yəni, bu, müsəlman adətlərinə uyğun kəsilib. Oradan gələn ətlərə də xüsusi olaraq halal sertifikatlar gəlir. Oranın o mollası, axundu tərəfindən, rəsmi dini orqanı tərəfindən “peçatlanmış” şəkildə gəlir ki, bu mal halal gəlir. Burda da əsas Qafqaz Müsəlmanları İdarəsi olduğuna görə bu sənədi onlar verir. Yəni, halal maldır.
- Yəni, ətin tərkibindən asılı deyil, hə?!
- Yox, ətin tərkibinə yox, ətin özünün halal maldan kəsildiyini göstərə bilər. İndi orda da... İndi donuz əti məsəlçün, haramdı daa. İndi kolbasa məhsullarında da donuz ətinin piyi, o şkip deyirlər, onun istifadə olunması nə dərəcədə var, yoxdu... Bunlar deyirlər ki, yoxdu. İndi inanclı insanlar halal istəyirlər də. Çox da buna qarşı getmək olmaz.
- Bədrəddin müəllim, siz niyə getdiniz bəs bu sahədən? İncitdilər sizi, ya gəlir az olduğu üçün özünüz imtina elədiniz?
- Mən ilk olaraq, 2006-cı ildən bu işlərin içindəyəm. Sonradan da Azərbaycan və reallıq və gerçəkliklərinə uyğunlaşmağa məcbur olduq. Reallıq və gerçəkliklərə uyğun olaraq da, mən elə, inşaat materiallarına keçdim. Çünki bu sahə bizə daha sərfəlidir. Mən cəmi-cümlətanı Rusiyadan bircə maşın kolbasa gətirmək istəmişdim. O da alınmadı. Gördüm ki, bura baş vurmağa dəyməz.
- Bədrəddin müəllim, gələn il prezident seçkilərində prezidentliyə namizəd olacaqsınız?
- Vallah, bu məsələ hələ partiyada müzakirə olunmayıb. Bəlkə elə partiya qərara alacaq ki, mən namizəd olum?! Mənim özümün bu barədə fikrim var. Həm siyasi, həm də iqtisadi nöqteyi-baxımdan istəyirəm ki, fikirlərimi təbliğ edim. Buna özümü hazır bilirəm. Ümumi partiya da qərara gələcəksə, fikrim var ki, namizəd olum. Mən özüm sərbəst oynayacam, heç bir ittifaqda yer almayacam. Mən kimisə dəstəkləyəcəmsə, niyə gedib partiya yaratmışam ki?! Baxmayaraq ki, CHP-ni Atatürk yaradıb, Türkiyədə bu partiya solçudur, mən sizi sağ mərkəzçi tərəfə aparacam. Milli ruhun, türk ruhunun qaldırılması, bütöv Azərbaycan üçün sona qədər mübarizə aparacam, bunun üçün bütün gücümü səfərbər edəcəm.
P.S. Yazıdakı qeydlərdə heç bir başqa məqsəd yoxdu. Eləcə, məqsədsiz, filansız yazılıb hamısı.
Anar Gəraylı
Bədrəddin Quliyev: “Elçibəyə dedim ki, ə, bunlar...” – KUBİK-RUBİK
14640